Məhsul və xidmətlər brend olduğu kimi insanlarda şəxsi brend ola bilər. Ən aşağı vəzifədə çalışan sıravi operatordan tutmuş dünya miqyaslı ulduza qədər hər bir kəs şəxsi brendini yaratmaq imkanına sahibdir. Şəxsi brend nədir və necə yaranır suallarına cavab tapmaq üçün yazımızı sona qədər oxuyun.

Şəxsi brend insanın bilik, qabiliyyət və bacarlıqlarının, təcrübə və səriştəsinin müxtəlif insan qrupları tərəfindən qavranılmasıdır.

Şəxsi brend 2 əsas hissədən ibarətdir:

1. Funksional xassələr

Funksional xassələrə şəxsin sahib olduğu və nümayiş etdirdiyi peşəsinə aid olan və olmayan bütün bacarıqlar aiddir.

2. Emosional xassələr

Emosional xassələrə isə şəxsi imici, ətrafındakı insanlara göstərdiyi rəftar, ötürdüyü hisslər (hörmət, nifrət, etibar və s.) daxildir. Bütün bu xassələr şəxsi brendin inkişafında olduqça vacib, karyera inkişafına təsir göstərən başlıca amillərdir.

Müasir cəmiyyətdə insanlar əvvəlkindən daha tez iş dəyişir, şirkətlərinə qarşı daha az loyal olur, öz şəxsi maraqlarını şirkət maraqlarından daha üstün tuturlar. Bunu mənfi hal kimi qiymətləndirmək düzgün deyil, çünki şirkət sahibləri də onlara qarşı eyni rəftar göstərir, ilk fürsətdə işçini əvəzləşdirməyə meyillidirlər. Bu məqalədə məsələyə oxşar prizmadan yanaşaraq işçilərin şirkəti deyil, menecerləri tərk etdiyi qeyd olunur. Həqiqətən də, İşçilər, menecerlər tərəfindən onların şəxsi brendinə dəyər verilməyəndə, onları gözlədikləri səviyyədə qiymətləndirməyəndə işə qarşı soyuyur, işdən ayrılmaq barədə düşünməyə başlayır. Bu halda ilk görüləcək iş şəxsi brendi nəzərdən keçirmək, onun inkişafı üçün şəxsi marketinqi işə salmaq lazımdır. Çünki bir işçi olaraq siz də bir əmtəə rolunda çıxış edirsiz: sizi işə götürən sizin şəxsi bacarıqlarınızı, qabiliyyət və potensialınızı dəyərləndirir, işə nə qədər yaracayağınızı qiymətləndirir və bu gözləntisinə müvafiq sizə verə biləcəyi əməkhaqqını təyin edir.

şəxsi brend

Heç kim brend olaraq doğulmur: şahzadələr belə indiki zamanda özünü cəmiyyətə sübut etdirməli olur, cəmiyyətin gözündə dəyər qazanmağa çalışırlar. Ali məktəb təhsili arzulanan işə zəmanət vermir, ənənəvi karyera inkişaf modeli müasir cəmiyyətdə işləmir. İnsanlar arzuladığı işə, həmin işin vəd etdiyi imkanlara sahib olmaq üçün sözün əsl mənasında “özlərini satmalı” olurlar. “Özünü satarkən” isə şəxsi marketinq bacarıqlarını maksimum istifadə etmək lazım gəlir.

Şəxsi marketinq nədir?

Şəxsi marketinq sahib olduğun bazar tərəfindən tələb olunan bacarıqları və güclü şəxsi imici təqdim etmə və satma bacarığıdır. Şəxsi marketinq ilk əvvəl bu bacarıqlara nail olmaqdan, onları inkişaf etdirməkdən başlayır. Sizin xarici dil bilginiz yoxdursa, kompüterdə işləmək bacarığı istənilən səviyyədə deyilsə satmağa da heç bir şey olmayacaq. Şəxsi brend daima inkişaf etdirilməli, mövcud aktivlər (bilik və bacarıqlar) təkminləşdirilməli, bazar tərəfindən tələb olunan (tələb olunacaq) yeni aktivlər əldə olunmalıdır. Eyni zamanda, fərdi menecmentdən istifadə edərək cəmiyyətdə və ətrafdakı insanlara qarşı düzgün münasibət qurulmalı, onların gözündə olduğunuzdan da yaxşı imicə sahib olmaq lazımdır.

Hər bir işi planladığı kimi hər kəs öz həyatını, öz karyerasını da planlaşdırmalıdır. Özünüzün SWOT analinizi hazırlayın – zəif, güclü cəhətlərinizi müəyyən edin, fİlan yaşda özünüzü harda görürsüz sualına cavab verin, buna nail olmaq üçün hansı strategiyadan istifadə edəcəyinizi təyin edin.

Brend bir dəyərdir, özünü brend kimi görən şəxs də özünə dəyər verməlidir. Şəxsi brendin dəyərini artırmağa, onu mümkün qədər baha satmağa və qorumağa çalışmalıdır.