SWOT analizi istənilən bir hadisəni, prosesi və ya şirkətin fəaliyyətini analiz etmək üçün istifadə olunan ən populyar metoddur. SWOT sözü ingilis dilində 4 sözün baş hərflərindən yaranıb:

SWOT

Strengths, yəni güclü tərəflər – analiz olunanın rəqiblərə görə güclü hesab olunan daxili cəhətləri;

Weaknesses, yəni zəif tərəflər – analiz olunanın hazırda zəif olduğu daxili məqamlar;

Opportunities, yəni imkanlar – analiz olunanın güclənmək, böyümək üçün istifadə edə biləcəyi xarici informasiya;

Threats, yəni təhlükələr – analiz olunanı hazırda və gələcəkdə gözlədiyi xarici təhlükələr.

SWOT analiz

SWOT analizinin əsas məqsədi nədir?

SWOT analizinin əsas məqsədi analiz olunana əlavə dəyər qazandırmaqdır. Bunun üçün analiz edən şəxs aşağıdakı sadə qaydalara riayyət etməlidir:

1. Analiz olunan sizin brendiniz, şirkətinizdirsə maksimal dərəcədə obyektiv olmağa çalışmaq;

2. Mümkün qədər dəqiq olmaq, yarı-yarımçıq ifadələrdən çəkinmək;

3. Analizə daxil etdiyiniz hər bir cəhəti rəqiblərinizi nəzərə alaraq qeyd etmək – rəqabətdə vacib olmayan amilləri bu analizdə salmağın yeri yoxdur (müdirin iş qonaqlarını dəvət etmədiyi dəbdəbəli bağ evini güclü tərəf olaraq qeyd etmək kimi).

4. Bütün cəhətləri sadə dil ilə ifadə etməyə çalışmaq – bu analiz hesabatını başqaları da görəcəksə, bütün məlumatı onların başa düşəcəyi şəkildə yazıldığından əmin olun;

5. Analiz olunanın realistik dəyərləndirməsini etməyə çalışmaq – bu analizdə bugünkü real vəziyyət əks olunmalıdır, öldürməyiniz ayının dərisini analizdə qeyd etmək düzgün deyil.

SWOT analizi nəticəsində əldə olunan informasiya marketinq stategiyasının hazırlanmasında istifadə olunur. Bu səbəbdən də SWOT analizində qeyd olunan istənilən fakt, fikir və rəy marketinq məqsədlərinə uyğun şəkildə seçilməlidir. Misal üçün, yaxın 3 il üçün hədəfiniz 20% böyümək, bazar payını 20%-dan 30%-a artırmaqdırsa SWOT analizi bu məqsədə nail olmaq üçün güclü və zəif cəhətlərimizi, məqsədə nail olmaq üçün mövcud imkanları və gözlənilən (gözlənilməyən) təhlükələri aşkara çıxarmalıdır.

SWOT analizi forma cəhəti ilə asan olduğuna görə çox istifadə olunur. Amma asan olması zəif olması demək deyil. Bu analizi daha da gücləndirmək üçün POWER SWOT adlandırılan təkminləşdirilmiş modeli də mövcuddur. Necə? Gəlin POWER sözünün nə mənaya gəldiyinə baxaq.

P = personal experience, yəni şəxsi təcrübə:

SWOT analizini kim hazırlayır? Bu analizi şirkətdə kimə etibar edə bilərlər? Bəli, ən təcrübəli mütəxəssisə. Bu analizi hazırayarkən həmin ekspert analizə şəxsi təcrübəsini, bilik və bacarığını, rəy və düşüncələrini qatmalıdır.

O = objective approach, yəni obyektiv yanaşma

Bəzən analizi hazırlayan şəxslər zəif cəhətlər ilə təhlükələri, güclü tərəflər ilə imkanları dəqiq ayırmaqda çətinik çəkir. Ya da eyni amil hər iki rolda çıxış edə bilər. Məsələn, iri sənaye müəssəsələri üçün ekologiyanı qoruyan sərt qanunlar. Kimsə deyə bilər ki, bu cür qanunlar xərcləri artırdığı üçün zavoda təhlükə yaradır. Amma, əslində bu sərt qanunlar zavodları istehsal prosesini yeniləməyə, daha səmərəli istehsal qurmağa məcbur edə, ən son nəticədə isə aşağı istehsal xərcləri ilə nəticələnə bilər.

W = weighting, yəni çəki.

Analizdə yer alan amillər heç də hər zaman eyni çəkidə olmaya bilər. Bəzi amillər daha ciddi təhlükə, digərləri isə daha zəif ola bilər. Hr bir amilin fərqli çəkisini göstərməklə biz, fokuslanacaq məsələləri qabarda bilərik.

E = Emphasize detail, yəni detallara girmə

SWOT analizini hazırlayarkən, ekspertlər çox da dərinə getmirlər. Ümumi sözlər qeyd edərək, terminlərin üstündən keçirlər. Əslində isə bu anliz elə hazırlanmalıdır ki, sıravi işçi də oxuyub başa düşsün və öz işi üçün nəticə çıxartsın. Məsələn, ən çox istifadə olunan amil – elmi-texniki tərəqqi (ETT). Bir çoxları onu imkan olaraq qeyd edir. Amma əslində ETT təhlükə də ola bilər, proseslərin avtomatlaşdırılmasının bəzi xidmət sahələrinə ehtiyac qoymaması kimi. Sosial şəbəkələr bir imkandırsa, hansı imkanları necə yaratdıqlarını dəqiqləşdirmək lazımdır: misal üçün, Linkedİn HR mütəxəssisləri üçün işçi tapmaqda saysız imkanlar yaradıb. İş elanları burda yaradılır, dəqiq targetinq ilə müvafiq təcrübəsi olan insanlara ölkələr üzrə hədəflənə bilir.

R = rank and prioritize, yəni strateji əhəmiyyətinə görə sıralama

Hər bir amilin çəkisini müəyyən etdikdən və detallı şəkildə izah etdikdən sonra strateji əhəmiyyətinə görə sıralamaq lazım gələcək. Həmçinin, SWOT daxilində də İmkanlar digərlərinə görə daha vacibdir, çünki ilk növbədə onlardan istifadə etmək lazımdır. Əks təqdirdə rəqiblər sizi qabaqlaya bilər. Daha sonra təhlükələri imkanlara çevirməyin mümkünlüyü barədə düşünmək lazımdır. Zəif cəhətlər üzərində işi ən sona saxlaya bilərsiz, bəzən elə olur ki, imkanlardan düzgün istifadə güclü tərəfləri daha da gücləndirə və zəifləri yox edə bilər.

SWOT analizi olduqça universal və rahatdır. Heç bir hal və proses yoxdur ki, bu analiz tədbiq oluna bilməsin. Amma unutmayın: SWOT analiz analiz xətrinə olmamalıdır – dəyər qazanmaq üçün atılacaq addımları müəyyən etməlidir. Elə ilk olaraq özününüzün POWER SWOT analizini hazırlayın – əminəm ki, özünüzdə br çox yeniliklər kəşf edəcəksiniz.