Tətik dedikdə ilk ağıla gələn odlu silahdır – tapanca, tüfəng tətiyi. Tətiyi basmaqla güllə atılır, atəş açılır. Marketinq tətiyi də oxşar funskiyaya sahibdir. Amma bu halda atəş açılmır, satış baş verir. Necə? Gəlin baxaq.
Marketinqdə tətik satışı həvəsləndirən, məhsulu yada salan və ya müəyyən ortama, şəraitə düşdükdə məhsula qeyri-ixtiyarı tələbat yaradan istənilən hal və fikir nəzərdə tutulur. Əminəm ki, fərqində olmasanız belə dəfələrlə bu hal ilə rastlaşmısınız. Ac olanda yemək yadımıza düşdüyü kimi, 8 Martda gül, kinoya baxanda popkorn almağı heç vaxt unutmarıq.
Marketinq tətiyi bir çox tədqiqatçının və araşdırmacının diqqət mərkəzində olub. Bir neçə il əvvəl Avropa ölkələrinin birində ərzaq mağazasında maraqlı bir eksperiment keçirildi. Mağazada bir gün Fransız, digər gün isə Alman musiqi yayımlanırdı. Nəticəsi nə oldu bilirsiz? Fransız musiqi səslənən günlərdə Fransız pendirinin satışları artırdı. Alman musiqisi səslənən günlərdə isə Alman sosislərinin satışı artım göstərirdi. Bunun sirri məhz xatırlatmadadır. Fransa musiqi eşidəndə qeyri-ixtiyarı olaraq sizin ağlınıza Fransa gəlir və bu emosional dalğada siz əlinizi Fransa pendirinə tərəf uzadırsınız.
Coca-Cola uzun illərdir marketinq kommunikasiyalarını xoşbəxtlik konsepti üzərində qurmuşdu. Amma rəqabət artıqça, rəqiblər daha iddialı olduqça, dünyanın 1 nömrəli brendi öz strategiyasına düzəliş etməli oldu. İndi brend “Hər zaman Coca-Cola” yerinə “Yemək Coca-Cola ilə daha dadlıdır” mesajı ilə istehlakçılar qarşısına çıxır. Bə cür dönüşün səbəbi nədir? Rəqiblərindən fərqli olaraq Coca-Cola bir az “yaşlanmış” brenddir – əsas rəqbiləri cavanlara xitab etdiyi halda, Coca-Cola ailəyə xitab edir, ailələr tərəfindən daha çox istehlak olunur. Və ən əsası Coca-Cola “yemək” konseptini işləməklə ən güclü tətiyə əl atdı. İnsanlar gündə ən az 2 dəfə (səhər yeməyi çıxaq – bu yer qəhvə və çayındır) yemək yeyir – və hər dəfə yeyəndə Coca-Cola yadlarına düşəcək. Dahiyanədir, elə deyilmi?
Kit-Kat şokoladının reklamını xatırlayırsız? Bütün reklamlarında əsas mesaj nədir? Fasilə varsa, Kit-kat var. Bu mesaj Kit-Katın satışları 30% qədər aşağı düşən dövrdə yarandı. Bizə daha çox fasilə kimi adaptasiya olunsa da, xaricdə qəhvə ilə yanaşı (coffee-break) adı çəkilirdi. Məqsəd hər dəfə qəhvə içmək istəyəndə yadınıza Kit-Katı salmaq idi. Qısa müddətdə satışların artımı da bu mesajın nə dərəcədə effektiv olduğunu göstərdi.
Satışda ən çox istifadə olunan marketinq tətikləri bunlardır:
1. Mövsümü – yay-qış endirimləri, Novruz günləri
2. Əlamətdar günlər – Müəllimlər Günü, 8 Mart, ad günləri (“Bu gün ad günü olanlara 10% endirim!”)
3. Daddırma – promoter qızın əlindən məhsulun dadına baxandan sonra məhsulu almamaq çox çətindir
4. Pulsuz test – xüsusən maşın satışlarında tədbiq olunan test-drayvlar olduqça effektivdir
Sosial mediada real-time tətikləri kontentin viral olmasına yardımçı ola bilər. Anidən gündəmə düşən bir mövzudan kreativ istifadə edib post paylaşanda insanlar bu cür postlara daha həssas olur, paylaşım səviyyəsi daha çox olur. Tide brendinin iki fərqli rəngdə görsənən paltarla bağlı paylaşdığı post kimi.
Marketinqdə tətik satışları stimullaşdırmaqla yanaşı marketinq kommunikasiyasının effektivliyi ölçməkdə də olduqça effektiv bir alətdir. Ən güclü marketinq tətikləri məhz brendə məxsus olanlardır – bu tətiklər brendin mövqeləndirilməsini müəyyən edir və marketinq kommuniyasıların əsasını təşkil edir. Müştəri 360 dərəcə eyni mesajla əhatə olunduqda zamanla həmin tətiyi brend ilə assosiyasiya etməyə başlayır.