Alternativ marketinq

İnsanlar hər gün “reklam bombardımanına” məruz qalır. Reklam o qədərdir ki, insanların ənənəvi reklama qarşı bir növü “immuniteti” yaranır. TV-də reklam arası başlayan kimi əksərimiz digər kanala çevirir. İnternet saytlardakı banner reklamına qarşı sizdə də bir növü “reklam korluğu” yaranıb. Bu səbəbdən də artıq bir çox brend, mövcud və potensial müştərilərə xitab etmək üçün, ənənəvi marketinq və reklamdan uzaqlaşaraq alternativ marketinq alətlərinə yönəlir. Müştəriləri təəccübləndirməklə, özünü fərqli göstərməklə onlarla ünsiyyət qurmağa çalışır. Məqsəd müştəri ilə onun gözləmədiyi tərzdə ünsiyyət qurmaq, daha yadda qalan təsir göstərməkdir.

Brendlər artıq təkçə reklam çarxları, dizaynlarında deyil, verilişlərdə, kinolarda, kliplərdə, tədbirlərdə də bizim qarşımıza çıxır. Bəzi brendlər, hətta ənənəvi reklamdan tam imtina edərək ancaq sponsorluq ilə kifayətlənir. Buna əsas səbəb yeni marketinq alətlərinin daha effektiv, daha ucuz olmasıdırmı? Gəlin daha yaxından araşdıraq.

Alternativ marketinq dedikdə daha çox viral, partizanşayiə (buzz və ya word-of-mouth) və məhsul yerləşdirmə marketinqi nəzərdə tutulur. Bu 4 alət əslində bir-birinə çox yaxındır. Əsas fərqlər tədbiqində özünü biruzə verir.

Viral reklam elə bir kontentdir ki, izləyənlər onu dostları ilə sosial şəbəkələrdə paylaşmağa sövq edir. Brendlər əyləncəli, dramatik, qeyri-adi zarafatlar, oyunlar, videolar hazırlamaqla sosial maraq yaratmağa çalışır ki, insanlar onu böyük məmnuniyyətlə paylaşmaq istəsinlər. Bununla da insanlar əslində yayım mediası rolunda çıxış edir. Digər media kanallarından fərqli olaraq insanlar dostunun payladşığını reklam olaraq deyil, maraqlı bir kontent olaraq görür. Bununla da daha yüksək effektivlik əldə olunur. Viral marketinqin əsas ideyası odur ki, olduqça sadə anlaşılan və maraqlı kontent qısa zaman ərzində mümkün qədər çox insana yayılsın. Təsadüfi deyil ki, viral marketinq internet dövründə yarandı. İnternet üzərindən istənilən kontent qısa müddət ərzində bütün dünyaya yayıla bilir. Cəmi bir klik ilə siz paylaşdığınız videonu Çindəki, Meksikadakı dostunuza, tanışınıza göstərə bilərsiz. Amma, internet üzərindən yayılan kontentin əsas mənfi cəhəti qısamüddətli olmasıdır. Kontent ulduz kimi parlayır və qısa bir zamanda sönür. Bu səbəbdən də viral kontent sözün əsl mənasında partlamalıdır, qısa zaman ərzində maksimum insan arasında yayıımalıdır. Bu məşhur viral reklamı yəgin ki, xatırlayırsız. Bu reklam ancaq rəsmi YouTube kanalında 19 mln baxış toplamışdır.

Viral marketinq daha çox kontentin (video, foto) paylaşıma aiddir, Şaiyə marketinqində isə reklam kontenti daha çox xəbər, tövsiyə, qalmaqal vasitəsi ilə yayılır. Necə? İnsanlar istifadə etdikləri məhsul, xidmət, yemək yedikləri restoran, izlədikləri film haqqında öz dost-tanışına danışdıqda, Facebookda çek-in etdikdə, tənqid və ya tərif yazdıqda dolayı olaraq həmin kontenti, brendi reklam etmiş olur. Bir nəfərin əgər Facebookda 500-dən çox dostu varsa onların təxminən 1/3, yarısı bu paylaşımı görə, təqdim olunan məlumatla tanış ola bilir. Əgər bu postu paylaşan insana etibar olunursa, onun fikir və mövqeyi mötəbərli hesab olunursa bu halda həmin paylaşım daha da effektiv olur. İzləyici sayı dəfələrlə, minlərlə, milyonlarla olan insanlar, ulduzlar, şou-biznes nümayəndələrini düşünün. Təsadüfi deyil ki, brendlər sosial şəbəkələrdə populyar olan bu insanlara əməkdaşlıq qurur, reklam etmək istədikləri məhsulları onlara pulsuz təqdim edir, hətda əlavə ödəniş də edir. Bu tip reklam həddini aşmadıqça olduqça maraqlı və fərqli ola bilər. Bir neçə misal:screenshot-www-instagram-com-2016-11-06-13-28-09screenshot-www-instagram-com-2016-11-06-13-27-56

Məşhur türk komediya ustası Cem Yılmaz da bu mövzudan yan keçməmiş və bu mövzuda maraqlı bir neçə sketç video hazırlamışdır:


Partizan marketinqi, adından da göründüyü kimi, birbaşa reklam olaraq deyil, partizan üsulu ilə marketinq aparmaq deməkdir. Partizan üsulu marketinq az büdcə ilə məhsulu maksimum effektivliklə tanıtmaq deməkdir. Aşağıdakı videonu izləyək:

Partizan üsulu marketinqin əsas məqsədi qeyri-adi məkan, hal və ya hadisədən istifadə etməklə insanlara sürpriz yaşatmaq, məhsul haqqında maksimum insanı məlumatlandırmaq, xoş hisslər yaşatmaqla məhsula qarşı simpatiya yaratmaqdır. Danışan dağsiçanı satan şirkət, demək olar ki, istehsal büdcəsi olmayan bu video vasitəsi ilə çox qısa zamanda stokdakı məhsulları satıb bitirib, bir neçə aylıq sifariş toplaya bilmişdi.

Məhsul yerləşdirmə digər bir alternativ marketinq alətidir. Populyar TV verilişlərdə, seriallarda, bədii filmlərdə, hətta video oyunlarında belə şirkətlər öz məhsullarını tanıtmağa, üstünlüklərini vurğulamağa can atırlar. Məhsulu sadəcə göstərmək əvəzinə birbaşa süjet xəttinə inteqrasiya edəndə onun təsiri daha effektiv və yadda qalan olur. Məhsul yerləşdirməyə ən gözəl nümunə Ceyms Bond haqqında filmlərdir. Məsələn, 2015-ci ildə işıq üzü görən Spektr filmində 17 tanınmış brend öz məhsullarını reklam etdirib.

 

Göründüyü kimi alternativ marketinq birbaşa marketinqdən heç də geri qalmır, hətta bəzi keyfiyyətlərinə görə üstün də ola bilir. Bacarıqlı marketer, qarşısına qoyulan məqsəddən və sərancamında olan vəsait, alətlərdən asılı olaraq, hər bir marketinq üsulundan düzgün istifadə etməyi bacarmalıdır.

Paylaş: