“Supermen hara, brend hara?” soruşa bilərsiz. Amma əslində Supermen ən böyük brendlərdən biridir. Supermendən marketerlərin öyrənəcəyi hansı dərslər var? Hazırkı yazımızı bu maraqlı mövzüya həsr edirik.

Supermeni tanımayan, özünü tanımır. Bir az kobud çıxa bilər, amma Supermen həqiqətən də o qədər məşhurdur ki, real həyatda olmadığına bəzən inana bilmirsən. Supermeni brend edən nədir? Brend yaratmaq istəyən marketerlər Supermenin timsalında hansı dərsləri çıxara bilərlər?

Dərs 1. Hekayə

supermen jurnalist

Hər bir Supermen filmində qısaca olaraq Supermenin hekayəsi barədə söhbət açılır: Kripton planetində doğulub, planet dağılandan öncə atası tərəfindən Yer kürəsinə göndərilib. Fermada böyüb və şəhərə gələrək populyar qəzetdə jurnalist kimi işə başlayıb. Supermeni super qəhrəman edən də bu hekayəsidir – onun gücü Kripton planetindən gəlir, burdakı ailəsi isə ona insanları sevməyi və insanlıq üçün əlindən gələni etməyi öyrədib. Bu hekayə olmasa Supermeni bu qədər yaxşı anlaya, bu qədər çox sevə bilmərik. Brendlərin də Supermenin hekayəsi kimi bir hekayəsi olmalıdır. Brend bu hekayəsi ilə böyüklük qazanır. Apple-ın hekayəsi Stiv Cobsdur, Microsoftun hekayəsi Bill Qeytsin həyat hekayəsi ilə bağlıdır.

Dərs 2: Supermen loqosu

supermen loqo

Supermenin loqosunu hamı tanıyır. Həm çox sadədir, həm də brendə məxsusluğu var. Onu heç nə ilə qarışdırmaq olmaz. Üstəlik dərin mənası da var: kriptonid dilində S hərfi ümid deməkdir. Loqo düz Supermenin sinəsindədir – onu görən kimi, loqosunu da görürsən. Brendin loqosu da bu keyfiyyətlərə malik olmalıdır – sadə və özünəməxsus. Loqo məhsulun ən görkəmli yerində olmalıdır – sanki məhsul loqo ilə fəxr etməlidir.

Dərs 3: Fayda

supermen xilaskar

Supermen dünyanı, dünyadakı insanları xilas edir. Onun verdiyi əsas fayda budur. Supermenimiz olmasa, dünya məhv olub gedər. Brend də öz hədəf auditoriyasına, öz müştərisinə konkret fayda verməlidir. Fayda vermək təkçə problemlərini həll etmək deyil, eyni zamanda onları əyləndirmək və sevindirməkdir, sosial statusunu qaldırmaqdır.

Dərs 4: Fərqlənmək

supermen qəhrəman

Super qəhrəman çoxdur. Supermenin onlardan fərqi, üstün cəhəti nədir? Uça bilməsi, inanılmaz gücü, üstün eşitmə, rentqen gözləri və sair və ilaxır. Bunlardan bir neçəsi başqalarında da var, amma Supermendə bunlar hamısı vəhdət təşkil edir. Supermen ona görə super adamdır ki, hər şeyin superinə sahibdir. Brendiniz hər şeydə super olmaya bilər, amma ən az bir cəhətdə rəqiblərindən üstün olmalıdır. Nədəsə üstün olmaq azdır, bu cəhəti ilə üstün olduğunu müştərisi də bilməlidir.

Dərs 5: Yaradıcı olmaq

supermen ümid

Supermen komikslərini oxumusunuzsa dünyanı min cür xilas etdiyinin şahidi olmusunuz Ağıl almaz düşmənlərə qarşı o, təkbaşına mübarizə apararaq qalib gəlməyi bacarır. Hər dəfə eyni şey olsa, Supermen belə camaatı bezdirər, onların gözündə adiləşər. Brend də öz növbəsində müştərisini saxlamaq üçün onu təəccübləndirməyi bacarmalıdır. Brend öz kreativ yanaşması, maraqlı reklam mesajları, məhsulları ilə davamlı olaraq müştərinin diqqət mərkəzində olmalıdır.

Kimsə deyə bilər ki, Supermen komikslərini oxuyan, filmlərinə baxanlar uşaqdır. Müştəriləriniz uşaq deyil, hələ-hələ ağılsız deyil. Onlar sizdən maraqlı hekayə, fayda, fərqlilik və yaradılıcıq istəyirlər. Brend olaraq böyümək və bazarda qalmaq istəyirsinizsə azca da olsa Supermen olun.