Rəng. Rəng. Rəng. Bəzən adama elə gəlir ki, marketoloqların yeganə dərdi rəngdir. Bəziləri brend rəngləri ilə aludə olur: hər reklamda, reklamdakı hər detalda korporativ (brend) rəngdən istifadə etməyə çalışır. Bəziləri minimalistik rəngli dizaynları, digərləri əksinə, həftəbecər rəngli dizaynları dahi reklam nümunəsi hesab edir. Həqiqətən də təcrübə (və araşdırmalar) sübut edir ki, marketinqdə rəng həqiqətən də çox önəmlidir. Rəng marketinqi mövzusuna həsr olunan bu bloq yazısında rənglərin alıcılar tərəfindən necə dərk olunduğunu və alış qərarına rənglərin təsiri barədə danışacağıq.
Rəng psixoloji bir amildir – müxtəlif emosiyalara təsir edərək reklam olunan brendə (məhsula) qarşı potensial alıcıda hər hansı bir hiss yaradır. Marketerlər də rənglərin bu psixoloji gücünü bilərək kommunikasiya etdikləri reklam mesajını həmin rəngin çalarlarına bürüyür. Dünyanın ən güclü brendləri bu işdə o qədər peşəkarlaşır ki, hətta konkret bir rəng ilə assosiyasiya olunur. Aşağıdakı şəkildə loqo olmasa da hansı brendə aid olduğunu ilk baxışdan təyin etsəniz nə demək istədiyimi anlayacaqsız.
Rəng ilə bağlı aparılan bir çox tədqiqatlar göstərdi ki, məhsulun hansı rəngdə olması 80% qədər halalrda alış qərarına təsir edir. Bu o deməkdir ki, loqoda, qablaşdırmada, ümumiyyətlə hər bir reklam kommunikasiyasında rəng seçiminə xüsusilə diqqət etmək lazımdır. Həmçinin, güclü brend yaratmaq üçün brend rəngində sabit və davamlı olmaq şərtdir: izləyicilər, müştərilər brend ilə rəngini mütəmadi şəkildə bir yerdə gördükcə assosiativ yaddaş işə düşəcək. Bunun nəticəsində də müştəriniz sizin məhsulu rəfdə digər məhsullardan ilk baxışda fərqləndirə biləcək, reklam mesajları daha yaxşı yadında qalacaq və brend dəyərlərini daha asan mənimsəyəcəkdir.
Rəng marketinqi – hansı rənglər daha populyardır?
Marketo saytı dünyanın 100 top brendinin rəng marketinqi startegiyasını analiz edərək maraqlı nəticələr əldə edib. Araşdırma nəticəsində məlum olub ki, top brendlər arasında ən populyar rəng mavidir: 33 brend məhz bu rəng (və çalarlarından) istifadə edir. 29% ilə qırmızı ikinci, 28% ilə qara (boz) isə üçüncüdür. Dördüncü yerdə 13% ilə qızıl-sarı cütlüyüdür. Bu analizin ən maraqlı nəticəsi isə 95 brendin tək və ya iki rəngdən istifadə etməsi oldu (loqolarda çox rəng istəyən müştərilərə qapaq olsun). Həmçinin, 59 brendin loqolarında ümumiyyətlə yazı yoxdur, 9 brend isə ümumiyyətlə loqotipdə öz adını qeyd etmir. Onlar buna necə cəsarət edir? Səbəblərdən biri də bu brendlərin tətbiq etdikləri güclü rəng marketinqidir.
Rəngin marketinq kommunikassiyalarına təsiri barədə bir fakt:
XX əsrin əvvələrində Pepsi də reklamlarında qırmızı geyimli Santa Klausdan istifadə edirdi. Amma insanların qırmızı rəngi əzəli rəqibi Coca-Cola ilə assosiyasiya etməsini görüb Santanı mavi geyimə geyindirdi.
Rəng marketinqi insanlara necə təsir edir?
Rənglər insanlara fərqli cür təsir edir. Rəng psixologiyası rəngləri 2 əsas qrupa bölür: isti rənglər və soyuq rənglər. İsti rənglər enerji, soyuq rənglər isə sükut və təhlükəsizlik ilə assosiyasiya olunur. Aşağıda hər bir rəngə ayrıca toxunub, əsas verdiyi mesajı və yaratdığı emosiyaları qeyd edəcəyik. Bu məlumatlar araşdırma nəticəsidir və ümumi xarakter daşıyır – bəzi fərdlərə görə əlbəttə ki fərqlənə bilər.
Qırmızı rəng
Qırmızı ehtiras, enerji, zövq və arzu rəngidir. Xüsusən kişilərdə qırmızı rəng həyacan və sahiblənmək hissi yaradır, Qırmızı rəng istifadə edən brendlər ilk növbədə özünə diqqət çəkmək istəyir. Qida brendlərinin əksəriyyətinin qırmızı olması isə bu rəngin iştah açan rəng olması ilə bağlıdır. Endirim mesajlarının da qırmızı olması həyacan yaratması və diqqət çəkməsi üçündür. Və əlbəttə ki, qırmızı rəng sevgi rəngidir.
Bənövşəyi rəng
Bənövşəyi incə və sirr dolu bir rəngdir – məhsulun dəbdəbəli, özəl seçilmiş və eleqant olduğunu göstərmək üçün istifadə olunur. Nolstaljik və qədim ənənəsi olan brendlərin seçimi kimi də tanınır.
Mavi rəng
Ən populyar rəng insanı sakitləşdirmə gücünə sahibdir. Mavi rəng dənizi, səmanı xatırlatdığı üçün güc, etibar, məsuliyyət, əmin-amanlıq və özünə inam ilə assosiyasiya olunur. Özünü kişi brendi kimi mövqeləndirən, mesajında bu emosiyaları yaratmaq istəyən brendlərin əsas seçimi mavidir. Misal üçün maliyyə və bank sektoru brendləri kimi.
Yaşıl rəng
Şəxsən mənim ən çox sevdiyim rəng olan yaşıl qırmızının tam əksidir. Son illərdə daha çox ekoloqiya və ətraf mühitin mühafizəsi mövzusu ilə bağlı olsa da, sağlamlıq, təmizlik, firavan həyat, səxavətlilik, təbiilik və doğmalıq mesajları verir.
Sarı rəng
Sarı rəng bir mənalı olaraq ən pozitiv rəngdir. Sarı günəşdir – insanlara xoşbəxtlik hiss etdirir, ümid, motivasiya və optimizm qazandırır. Sarı digər rənglərin fonunda daha kreativ və daha cəlbedici görsənir.
Narıncı rəng
Narıncı rəng sarı və qırmızının qarışığı kimi hər iki rəngin mesajını verir. Uşaq brendləri narıncı rəngdən çox istifadə edir, çünki dostluq, oyun və əyləncə deməkdir.
Qəhvəyi rəng
Qəhvə ilə bağlı olmaqla yanaşı torpağı xatırlatdığı üçün sadəlik, sabitlik və güc simvoludur. Eyni zamanda komfort, yüksək keyfiyyət və üstün dad ilə assosiyasiya olunur.
Qara rəng
Ən klassik rəng eyni zamanda incə zövq, dəb, dəyər və prestij simvoludur. Digər rənglər fonunda insanda daha güclü emosiyalar yarada bilir. Ən əsası isə davamlılıq, üstün bilik və özünə inamı bildirir.
Ağ rəng
Ağ rəng saflığın, təmizliyin, zərafətin, məsumluğun, yumşaqlığın və həyat balansının simvoludur. Əksər xilasedici xarakterə sahib qəhrəmanlar da ağ rəngi seçir. Dünyanın ən dəyərli brendi Apple da öz reklam kommunikasiyalarında ağ rəngə üstünlük verir – əsas məqsədi brendi kreativlik və şəffaflıq simvolunu kimi mövqeləndirməkdir. Qara rəng ilə birgə istifadə olunduqda ağ rəng gücünü daha çox qatlamış olur. Qırmızı rəng ilə birgə olduqda populyar və sevilən olduğunu bildirmək istəyir.
Rəng marketinqi ilə bağlı nələrə diqqət etmək lazımdır?
Brendə rəng seçərkən ilk növbədə hədəf auditoriyanı tanımaq lazımdır – dünyanın müxtəlif yerlərində rənglər tam fərqli mesajları verə bilər, misal üçün:
– Çində və Yaponiyada ağ rəng ölümü bildirsə də Qərbdə gəlinlik rəngidir;
– Yaşıl rəng əksər xalqlarda təhlükəsizlik simvolu olsa da, Fransada cinayətkarlığı bildirir;
– Mavi rəng bir çox ölkədə etibar və güvən simvoludur, amma Yaponiyada əksinə oğru və dələduzluq rəngidir.
İnsanlar yaşlandıqca rənglərə münasibətləri də dəyişir – misal üçün qara rəng ölümü xatırlatdığı üçün yaşlılar qaradan qaçmağa çalışır. Həmçinin, rənglərin praktiki istifadəsi də vacib rol oyanır: misal üçün Bakıda tozlu mühitdə qara maşın saxlamaq daha məsrəfli olduğu üçün alış qərarında alıcı boz rəngə üstünlük verə bilər.
Yuxarıdakı qrafiklərdə isə Kişilərin (sol) və Qadınların (sağ) üstünlük verdiyi rəngləri görə bilərsiz. Kişilərin əksəriyyəti mavi və yaşıla, qadınlar isə mavi və bənövşəyi rəngləri bəyənir.
Sonda rəng marketinqi 2 əsas prinsipini bir daha xatırlatmaq istəyirəm:
1. Brendin rəngi brendin vermək istədiyi mesajı dəstəkləməli və gücləndirməlidir;
2. Brendin rəngi bütün marketinq və reklam kommunikasiyalarında brendi xatırladacaq qaydada davamlı şəkildə istifadə olunmalıdır.