Etiraf edirəm – indi yazdığım mövzüda güclü ekspert deyiləm. Amma mövzunun marketinq baxımından aktuallığını nəzərə alaraq məsələ ilə bağlı kiçik bir araşdırma edib maraqlı bir yazı oxudum. UX dizayn ilə bağlı həmin yazını tərcümə edərək bloq yazısı hazırladım. Ümid edirəm, sizin üçün faydalı olacaq.

HootsuiteWe Are Social şirkətlərinin bu ilki araşdırması göstərdi ki, ortalama internet istifadəçisi 6 saat 42 dəqiqə onlayn olur. Bu vaxtın yarısını isə mobil cihazda keçirir. Sosial şəbəkə, xəbər saytı, bloq, messencer, mobil tətbiq, oyun və ya YouTube kimi saytlar olsun fərq etməz – hər bir ziyarət olunan saytda istifadəçi müəyyən bir istifadəçi təcrübəsi, yəni User Experience yaşayır. Dizaynda qısaca UX olaraq termin kimi istifadə olunan istifadəçi təcrübəsi nə üçün vacibdir? Çox sadə bir bənzətmə deyim: yuxu. Yuxuda keçirdiyimiz vaxt da təxminən 7 saata yaxındır. Amma rahat matraslı yataqda yatmaq hara, narahat daş kimi zəmində hara. UX da bu cür işləyir: interfeys dizaynında İstifadəçi rahatlığını nəzərə alan sayt və mobil tətbiqlər daha yaxşı istifadəçi təcrübəsi qazanır.

İnternet saytlar üçün ən əsas göstəricilərdən biri istifadəçinin onlarda keçirdiyi vaxt və istifadəçinin geri qayıtmasıdır. Aydındır ki, istifadəçi təcrübəsi olaraq daha yaxşı UX dizayna sahib saytlarda istifadəçilər daha çox vaxt keçirir, bu saytlara qayıtmağa can atır. Gəliz və narahat saytlar isə rəqabətdə bir mənalı şəkildə uduzur və istifadəçisini itirir. Bu cür neqativ halların qarşısını almaq üçün UX dizayn sahəsində 7 əsas qaydaya riayyət etmək lazımdır:

1. UX dizayn ilk növbədə istifadəçi təcrübəsini yaxşılaşdırmalıdır.

UX, yəni istifadəçi təcrübəsi ilk növbədə istifadəçinin saytda keçirdiyi zaman ərzində yaşadığı emosiyalardır. Yaxşı UX xoş emosiyalar, zəif UX narazılığa səbəb olan mənfi emosiyalar yaradır. İstifadəçiyə saytın kontentindən çox, saytdan istifadə edərkən yaşadığı emosiyalar vacibdir. Saytda olan kontent nə qədər mükəmməl olsa belə, onu oxuyarkən istifadəçi əziyyət çəkərsə UX yenə də mənfi olacaq. Müsbət emosiyalar yaradan UX dizayn isə rəqib saytlara qarşı sizə daha çox şans verəcəkdir.

2. İstifadəçilər saytları oxumur, skan edir.

Müasir internet istifadəçiləri çox tənbəldir – onlar saytları oxumur, skan edir. İnstagram kimi vizual kontentə ağırlıq verən saytların bu qədər uğurlu olmasının əsas səbəbi də budur. UX dizaynı insanların bu xüsusiyyətini nəzərə almalı, ağır mətn bloklarını minimuma endirməli və vizual kontenti (şəkil, video, infoqrafik) artırmalıdır.

UX dizayn alqoritm

3. İstifadəçi sadəlik xoşlayır.

Google standartına görə sayt 3 saniyə ərzində açılmalıdır. 50% istifadəçi 3 saniyədən gec yüklənən saytları tərk edir. Sayt açılandan sonra da istifadəçi səbr edə bilmir. Yarım saniyə ərzində axtardığını tapmasa, saytın dizaynı ona çox gəliz gəlsə saytı bağlamağa tərəddüd etməyəcək. Bu səbəbdən hər bir sayt “açılış səhifəsi” kimi tərtib olunmalıdır, mümkün qədər sadə və ilk baxışda nəyin harda olduğu bilinməlidir. Ekranda olan hissədə 1 əsas mesaj olmalıdır, bir dizayn elementinə fokus edilməlidir. Birinci dərəcəli olmayan bütün məlumatı menyuda gizlədə bilərsiz. İstifadəçi interfeysi, yənin nəyin harda yerləşdiyini istifadəçi intuitiv şəkildə bilir. Əlaqə səhifəsində istifadəçinin axtardığı xəritə və mobil nömrə olmasa işiniz çətindir.

4. UX dizayn kreativin qurbanı olmamalıdır.

UX dizaynda kreativ yanaşma heç də hər zaman yaxşı deyil. Ümumiyyətlə, interfeysə aid məqamlarda kreativlik nümayiş etdirməyin. Misal üçün əlaqə səhifəsini Şirkət Haqqında menyusunun içində qoymaq düzgün deyil – çünki ora baxmaq sayt ziyarətçilərinin ağlına belə gəlməyəcək.

UX dizaynı istifadəçilərə maksimum tanış gəlməlidir: login olmaq üçün düymə yuxarı sağ küncdə, klik olunan linklər ayrıca rəngdə, altından xətt çəkilmiş şəkildə olmalıdır. Bütün bunlar saytın konversiyasını artıran vacib məqamlar olduğuna görə kreativi onlardan uzaq tutmaq lazımdır. Amma kreativ kontent, yaradıcı və cəlb edici dizayn həlləri istifadəçi təcrübəsini yadda qalan və xoşa gələn edəcək.

5. İstifadəçi auditoriyasını tanımaq lazımdır.

İstifadəçini tanımadan dizayn işinə başlamayın. Bu ən vacib qaydadır. İstifadəçilərin psixoqrafik portretini çizib, alışdığı və gözlədiyi həlləri araşdırın. Rəqibləri də nəzərdən keçirməyi unutmayın. Sizə qədər istifadəçi onlardan istifadə edibsə nədən razı, nədən narazı olduğunu öyrənin. Ən sona yaxın, saytı (mobil tətbiqi) istifadəyə verəndən öncə mütləq və mütləq real müştərilər ilə test edin.

6. Vacib elementlər daha böyük olmalıdır.

Müqayisəli ortamda iri əşyalar, elementlər İnsanların diqqətini daha tez və daha çox çəkir. Eyni anda saytın (mobil tətbiqin) ekranda görünən hissəsində elementlərin sayını minimumda tutaraq ən çox gözə soxmaq istədiyinizi böyüdün. Rəngini fərqləndirin. Basılacaq əmələ çağırış düymələrini yetərli qədər böyük edin. İstifadəçilərdə bu düymələrə basmağa həvəs yaradın.

ux dizaynı interfeys

7. UX dizayn prinsiplərinə mütləq riayyət edin.

UX dizayn sizin istifadəçinizə verdiyiniz, qazandırmaq istədiyiniz dəyərdir. Sizin sayt (mobil tətbiq) ilk növbədə:

  • Faydalı – problemin asan və effektiv həllini verməlidir;
  • Rahat – əsas elementlər asan tapılan və sayt üzrə gözübağlı naviqasiya olunmalıdır;
  • Arzulanan – dizayn elementləri istifadəçidə istək yaratmalıdır;
  • Anlaşılan – nəyin harda olduğu istifadəçiyə intuitiv şəkildə bilinməlidir;
  • Əlçatan – Əlil və istifadədə müəyyən fərqliliyi, qüsuru olan istifadəçilərə belə rahat olmalıdır;
  • Etibarlı– sayt ziyarətçilərində sizin işə qarşı güvən hissi yaratmaılıdır.

Kontent və kontentdən istifadə baxımından UX aşağıdakı tələblərə cavab verməlidir:

  • Kontekstual olmalıdır – birbaşa reklam etmək, məhsulu yerli-yersiz soxuşdurmaq yerinə onun faydalarını izah etməlidir;
  • İnsancıl olmalıdır – UX dizayn istifadəçidə ilk növbədə etibar yaratmalı, şəffaf və insanın anladığı dildə “danışa bilməlidir);
  • Anlaşılan Olmalıdır – istifadəçilər ilk dəfədən istədiyini tapmalıdır.
  • Sadə olmalıdır – Sayt üzrə naviqasiya , dizayn elementləri mümkün qədər sadə olmalıdır;
  • Effektiv olmalıdır – sayta (mobil tətbiqə) yendən daxil olduqca istifadəçi nəyin harda olduğunu rahatlıqla xatırlamalıdır;
  • Valeh etməlidir – istifadəçi ilə emosional bağ yaradıb təqdim olunan kontent haqqında müsbət imic formalaşdırmalıdır;
  • Məhsuldar olmalıdır – UX saytdan (mobil tətbiqdən) gözlənilən nəticəni verməlidir: satış saytıdırsa satışı, bloqdursa oxunan məqalə sayını artırmalıdır.

UX dizayn bütün bu sadalanan qaydalar baxımından marketinqin ayrılmaz, vacib bir parçasıdır. Brendinqdən tutmuş satış konversiyalarına qədər marketinq prosesinin hər bir mərhələsində istifadəçi təcrübəsini nəzərə alıb marketinqin effektivliyini artırın.