Referral marketinq nədir? Referral sözü bizim dilə tövsiyə kimi tərcümə olunsa da, məsləhət marketinqindən fərqlənir. Məsləhət marketinqi daha çox tanıtım cəhəti ilə özünü biruzə verir, referral marketinqdə isə əsas mesaj birbaşa satışa bağlanır. Necə? Gəlin bir misal üzərində referral marketinqi daha yaxından tanıyaq.
Təsəvvür edin ki, telefonunuza mesaj gəlir. Yaxın dostunuz sizə məşhur taksi şirkətinin mobil tədbiqini yükləyib istifadə etməyi təklif edir. Onun göndərdiyi linkə klik etsəniz sizə və dostuna 20 manatlıq pulsuz gediş veriləcək. Gördüyümüz bu reklam klassik referral marketinq nümunəsidir – brend reklamı birbaşa satışa (mobil tədbiqi yüklədikdən sonra 20 manatlıq gedişi istifadə etmək istəyəcəksiz) bağlanır və özü də etibar etdiyiniz dostunuz vasitəsi ilə sizə çatdırılır.
Referral marketinq digər marketinq kommunikasiyaları tamamladıqda olduqca effektiv tanıtım və satış vasitəsi ola bilər. Dünyanın aparıcı araşdırma şirkətlərindən olan Nielsen bildirir ki, insanların 63% TV reklama etibar etdiyi halda, dost tövsiyəsinə 83%-i inanır. Bu cəhəti ilə referral marketinq məsləhət marketinqi ilə oxşardır. Özünüzü düşünün: əgər siz həqiqətən də referral təklifdən faydalanmaq istəsəniz bu təklifi ilk növbədə kimə göndərərsiz? Dostlarınız arasında daha çox ehtiyacı olana, sizə daha çox etibar edənə – elə deyilmi?
Amma dost sözü sizi aldatmasın – referral marketinq təkçə sizin yaxınlarınızın tövsiyələri üzərində qurulmayıb. Sizin etibar etdiyiniz bütün mənbələr referral marketinqə daxildir:
1. Qohumlar, yaxın dostlar və tanışlar
2. Söz və rəy sahibləri, ekspertlər və bloqqerlər
3. Məşhurlar və populyar sənət adamları
4. Bu məhsulu, xidməti daha əvvəl alıb istifadə edənlərin rəyləri (o cümlədən düzgün istifadə barədə təlimat videoları)
Sosial mediada izlədiyiniz söz və rəy sahibləri brendlər üçün effektiv referral marketinq vasitəsidir. Onların həm izləyici sayı çox olur, həm də onlar ekspert olduğu mövzuda mal tövsiyə edəndə daha etibarlı görsənir. Bəzi şirkətlər partnyor marketinqdən istifadə edərək bloqqerə, onların paylaşımındakı linkdən gələnlərin alışından müəyyən faiz də verir.
Referral marketinq 3 cür ola bilər:
1. Orqanik
Orqanik referral təklifi o qədər maraqlı, əyləncəli və faydalı olur ki, hamı orqanik qaydada bu təklifi dostları ilə bölüşmək istəyir.
2. Bir tərəfli
Bir tərəfli referral təkliflərində reklam mesajını paylaşan hər kəs paylaşdığına görə müəyyən endirim və ya bonus qazanmış olur. Məsələn, onlayn mağazada almaq istədiyi oyuncağı Facebook-da paylaşdığına görə mağaza alıcıya pulsuz çatdırma edə bilər.
3. İki tərəfli
İki tərəfli referral təklifdə isə paylaşan adama dostunu cəlb etdiyi təqdirdə müəyyən bonus verilir. Məsələn, onlayn mağaza barədə post paylaşırsız. Posta klik edən dostunuz həmin mağazadan 20 manatlıq alış-veriş edən kimi, sizin hesabınıza 20 manat bonus yüklənir.
Referral marketinqə aid ən uğurlu təcrübələrdən birini 2009-cu ildə Dropbox həyata keçirmişdi. Bildiyiniz kimi, Dropbox onlayn yaddaş xidmətidir. Şirkət, mövcud müştərilərinə xitab edərək tövsiyələri ilə yeni qeydiyyatdan keçən hər bir nəfər üçün əlavə saxlanc yerini pulsuz verəcəyini bildirdi. Eyni miqdar təzə qeydiyyatdan keçənlərə də verilirdi. Bu kampaniyanın ilk ilində gündəlik qeydiyyatdan keçənlərin sayı 60% artmış, bunların da 35%-i referral üzərindən gəlirdi. Təkçə 2010-cu ilin aprel ayında istifadəçilər 2,8 mln referral təklif göndərmişdilər.
Referral marketinq tədbiq etmək üçün brendin etibarı, məhsulları da yüksək keyfiyyətli olmalıdır. Nə qədər də pul qazansa da normal insan zay məhsulu öz adından reklam etmək istəməz – özü də yaxın dostuna, öz izləyicilərinə. Referral marketinq barədə düşünərkən hər zaman özünüzü müştərinin yerinə qoyun, onlayn mağaza olan saytınıza onun gözləri ilə baxın. Referral marketinq təkliflərini sayt izləyicisinin rahat görə biləcəyi yerə qoyun. Alışa təşviq etmək üçün tövsiyə və ya sosial şəbəkədə paylaşım qarşılığında əlavə endirim və ya bonus verin. Aldığı mala rəy verə biləcək şərh yeri və ulduzlu dəyərləndirmə imkanı yaradın. Aldığını elə gözəl qablaşdırın ki, aldıqdan sonra sizin bağlamanın şəklini çəkib paylaşmaq istəsin. Və ya ən azından bu şəkildəki kimi, təşəkkür məktubu yazıb qoyun. Əmin olun ki, müştəriləriniz bu xırda diqqətinizi dəyərləndirəcək, yaxınlarına tövsiyə etməklə sizin brendin loyal müştərisinə, hətta vəkilinə belə çevriləcəklər.
Referral marketinq onlayn üzərindən satış edən hər bir brend və şirkət üçün çox vacib marketinq alətidir. Bu cür referral təkliflər həm brendin tanınmasında, həm müştəri qazanılmasında, həm də təkrar satışlarda olduqça effektivdir.
Yazını bəyəndinizsə bu maraqlı infoqrafiki də nəzərdən keçirməyi unutmayın!