Partnyor marketinqi (affiliate marketing) nədir? Gəlin birbaşa izahını verib, daha sonra açıqlamasına keçək:
Partnyor marketinqi satışdan komissiya qarşılığında vasitəçilərin məhsulun marketinqi ilə məşğul olmasıdır.
Partnyor marketinqi kimə və nə üçün lazımdır? Daha əvvəlki məsləhət marketinqi və referral marketinqi barədə yazılarımızda şahid olduq ki, insanlar reklamdan daha çox real insanlara etibar edir. Tanıdığınız, etibar etdiyiniz və ya obyektivliyindən şübhə etmədiyiniz bir nəfərin tövsiyə etdiyi malı almaq şansınız daha çoxdur, nəinki güclü kreativə sahib reklamı görəndən sonra. Bu səbəbə görə bəzi şirkətlər partnyor marketinqinə əl atırlar. Bununla onlar həm marketinq büdcəsinə qənaət etmiş, həm də daha effektiv satış kanalı əldə edirlər.
Partnyor marketinqi 2 cür ola bilər:
1. Passiv partnyor marketinqi
Passiv partnyor marketinqində brendin tərəfdaşları artıq formalaşmış və tanınmış olur. Bu qrupa məşhurlar, söz və rəy sahibləri, bloqqerlər, tanınmış təşkilatlar və populyar saytlar aiddir. Bu üsul daha çox yeni, bazarda az tanınmış brendlər və ya yeni məhsullar üçün istifadə olunur. Bu necə baş verir?
a) Brend yeni məhsulunu reklam edəcək 10 ən uyğun və populyar bloqqer seçir və hər birinə unikal link göndərir.
b) Bu link brendin satış səhifəsinə aparır, unikallığı da ondadır ki, hər bir link üzrə keçidləri və alışları ayırıb izləyə bilir.
c) Populyar bloqqerlər bu brendin yeni məhsulu barədə öz hesablarında paylaşım edir, izləyicilərini bu məhsulu almağa çağırır.
d) Brend məhsulun satışlarını izləyir, hansı linkdən nə qədər satış olduğunu təyin edərək razılaşdırılan komissiyanı bloqqerə ödəyir.
Bu misaldakı bloqqer yerinə populyar sayt (məsələn www.turbo.az), qeyri-hökümət təşkilatları və istənilən məşhur ola bilər.
2. Aktiv partnyor marketinqi
Aktiv partnyor marketinqində tərəfdaş rolunda adi insanlar: bu brendin mövcud alıcıları, vasitəçilər və aktiv satıcılar çıxış edir.
a) Brend mövcud alıcılarına əlavə müştərilər qazandırdığına görə davamlı və sabit komissiya verə bilər. Bu halda müştəri brendin vəkili rolunda çıxış edir. Onlar özləri reklam etdiyi malı satmır, ancaq reklam edir və ya reklam üçün imkan yaradır (məsələn saytında banner yerləşdirir). Öz ana qazancına əlavə olaraq bu cür partnyor marketinqi proqramında iştirak etdiyinə görə gəlir qazanır.
b) Aktiv satıcılar isə brendin mallarını təkçə reklam etmir, həm də aktiv satmaqla məşğul olur. Bunun qarşılığnda aktiv satıcılar brenddən komissiya və ya endirim alır. Bəzi brendlər aktiv satıcılara öz malını nisyə, bəziləri isə nağd ödənişlə sata bilər.
Aktiv partnyor marketinqi multi-səviyyəli marketinq ilə qarışdırılmamalıdır. Multi-səviyyəli marketinq piramida şəklində olur: iştirakçının şəbəkəyə cəlb etdiyi hər satıcının faizindən cəlb edənə faiz ödənilir. Bu sistemin ziyanlı olması, satışı artırmadığı, insanların asan varlanma ümidlərindən sui-istifadəyə gətirib çıxartdığı, 99% satıcıların isə müflis olduğu sübut olunmuşdur. Aktiv partyor marketinqində brend birbaşa satıcılar ilə işləyir, gəlir paylaşımı sxemi də olduqça şəffafdır. Məsələn, dünyanın ən nəhəng onlayn mağazası Amazonun partnyor marketinqi proqramına qoşulmaqla siz, saytınızda məhsul reklamları yerləşdirirsiz, sizin saytın izləyicisi saytınızdakı bannerə klik edib həmin məhsulu alsa, sizə müəyyən kiçik reklam komissiyası çatacaqdır.
Birbaşa reklam əvvəlki qədər effektiv deyil. Eyni zamanda İnternet 2.0 dövrü brendlərə öz müştərilərini tapmaqda, onları izləməkdə, yönləndirməkdə və alışa təşviq etməkdə inanılmaz imkanlar yaradıb. Bütün bu imkanlar partnyor marketinqin xidmətindədir. Brenddən əsas tələb olunan odur ki, partnyor marketinqi üçün düzgün, aidiyyatı tərəfdaşlar seçsin, onları tələb olunan reklam məzmunlu informasiya ilə təmin etsin, keçidləri və alışları qeydə alacaq mexanizm qursun və gəlir bölügüsü sisteminə müqaviq olaraq tərəfdaşlarını mükafatlandırsın. Azərbaycanda onlayn bazarın inkişaf etməsi ilə bu cür partnyor marketinqi sistemlərinin də qurulacağı şübhəsizdir.