Sosial media marketinqin 10 qanunu

Sosial media müştəri ilə ünsiyyətdə brendlər üçün olduqça əlverişli və effektiv bir kanaldır. Brendlər sosial mediadan istifadə etməklə sadəcə özlərini reklam etmir, eyni zamanda müştəri ilə sağlam və etibarlı ünsiyyət yaradır. Bu cür ünsiyyət müştərilərdə brendə qarşı etibarı artırır və nəticədə satışlara gətirib çıxarır. Amma bunun baş verməsi üçün sosial media marketinqin 10 qanunu həyata keçməlidir.

Sosial media marketinqin 10 qanunu hansılardır?

1. İzləyicilərinizə qulaq asın.

Deyir Allah insana niyə 2 qulaq və 1 ağız verib? Az danışıb, çox eşitmək üçün. Sosial media marketinqində az danışıb, çox eşitmək birinci vacib qanundur. Eşitmək üçün qulaq asmaq lazımdır. Onlaynda qulaq asmaq izləyicilərinizi izləmək, nələr haqqında danışdıqlarını, hansı hiss və emosiyalar keçirdiklərindən xəbərdar olmaq deməkdir. Sosial media gündəlik, həftəlik trendlərdən ibarətdir. Sosial mediada hər gün nəsə baş verir. Sosial media bir növü cəmiyyətin aynasıdır. İzləyicilərinizi sosial mediada paylaşmağa, şərh yazmağa sövq edən də onları düşündürən məlumatlardır. Bu məlumatı vaxtında aşkar etməklə siz, izləyicilərinizin diqqətini çəkəcək, onların marağına səbəb olacaq və ürəklə paylaşacaqları kontent hazırlaya biləcəksiz.

2. Mövzuya fokuslanın.

Sosial media müəyyən bir mövzu ətrafında izləyicilər ilə söhbət etmək deməkdir. O mövzu ki, sizin brend dəyərlərinizə uyğun olacaq, onun haqqında danışarkən məhsullarınızı nümayiş etdirə biləcəksiz. Məsələn, qida brendləri üçün bu kulinariya və evdarlıq, geyim brendləri üçün moda və həyat tərzi mövzuları ola bilər. Bu mövzuda maraqlı və faydalı kontent paylaşmağınız sosial media istifadəçilərinə sizi izləməyə səbəb verəcək. Siz də gərək bu mövzuda rəqiblərdən daha yaxşı olasınız ki, daha çox izləyiciləriniz olsun, sizə daha çox etibar etsinlər. Heç kim hər mövzuda mütəxəssis ola bilməz. Hazırlayacağınız kontent məhz sizin mövzuya fokunlanmalıdır. Bu mövzuda siz digərlərindən daha peşəkar olmalı, bu mövzu barədə hazırladığınız kontent daha maraqlı və daha orijinal olmalıdır. Bir vacib mövzuya fokuslanma sayəsində siz, öz brendinizin gücünü və etibarını artırmış olacaqsız.

Sosial media marketinqin 10 qanunu

3. Keyfiyyət kəmiyyətdən vacibdir.

Sosial mediada 1 keyfiyyətli kontent 10 keyfiyyətsiz kontentdən daha çox səs gətirə bilər. Niyə? Çünki, sosial şəbəkələrin (Facebook, YouTube, Instagram və digərləri) alqoritmi məhz insanların daha çox diqqətini çəkən, daha çox bəyəndikləri kontenti irəli çəkir. İnsanlar da keyfiyyətli kontentə üstünlük verir. Burda keyfiyyət sözündən qəsdimiz təkçə peşəkar foto və video çəkiliş deyil. Kontentin məzmunu, ideyası, kreativ yanaşması keyfiyyətli olsa adi telefonla çəkilən şəkil və ya video da uğurlu alına bilər. Bu qanun izləyicilərə də aiddir. Bəzən şahidi olursan ki, eyni videonu 2 nəfər eyni gündə paylaşır. Birincinin izləyici sayı 10 dəfə çox olsa da, video izləmə sayı ikincisindən daha az olur. Səbəb? İkincinin auditoriyası daha keyfiyyətli, paylaşılan kontentə daha responsiv, ünsiyyətə girməyə daha həvəslidir.

4. Səbrli olun.

Sosial media marketinqdə uğurlu olmaq üçün səbrli olmaq lazımdır. Bəzən elə görsənə bilər ki, uğur bir günün içində gəlir, amma bu uğura aparan yol kifayət qədər uzundur. Bu yolda siz yetərli səviyyədə aktiv izləyici sayına çatana qədər, izləyicilərin nəyi nə vaxt bəyəndiyini öyrənənə qədər inanılmaz dərəcədə əmək sərf edəcəksiniz. Bu yolda səbrli olmaq demək təkçə izləyicilərin nazı ilə oynamaq demək deyil – daima yeni-yeni üsulları yoxlamaq, hər ideyanızı sınamaqdan yorulmamaq, uğursuzluqlardan ümidsizliyə düşməməkdir.

5. Uğur uğur gətirir.

Bu qanun məşhurluq qanunu ilə oxşardır: “Əvvəl sən öz adına işləyirsən, sonra adın sənə işləyir”. Uğurlu kontentini izləyiciləriniz daha çox bəyənəcək və öz izləyiciləri ilə paylaşacaqdır. Bu da sizə daha çox izləyici qazandıracaq. Daha çox izləyici sizin kontenti daha çox izləyici ilə paylaşacaq. Uğurlu kontentini paylaşmaqda davam etsəniz daha böyük miqyasda uğur qazanacaqsız. Google axtarışı və sosial şəbəkə alqoritmələri elə qurulub ki, populyar kontent reklam edilmədən də çox izləyicilərə pulsuz çatdırılır, digərlərinə tövsiyə olunur, axtarışda üst pillədə çıxır.

Despacito

6. Söz sahibləri ilə münasibət qurun

Sosial şəbəkələrdə söz sahibləri: çox sayıda izləyiciləri olan məşhurlar, bloqqerlər, müxtəlif maraqlı kontent yaradıcıları ilə münasibət qurmaq çox vacibdir. Xüsusən sizin mövzu haqqında yazanlar ilə. Məsələn, qida brendləri üçün foodbloqqerlər yaxşı referans ola bilər: sizin brendi istifadə etməklə, sınamaqla, istifadə qaydasını göstərməklə izləyicilərinizi həm məlumatlandıracaq, həm də sizin brendə qarşı etibarı da artıracaqlar. Böyük izləyici sayına, keyfiyyətli auditoriyaya malik söz sahibləri bazara yeni daxil olan brend və məhsullar üçün tanıtım baxımından əvəzolunmaz fürsətdir. Eyni zamanda əksi də mümkündür: söz sahibinin haqqlı qınağına səbəb olsanız, tənqidinə məruz qalsanız sizin brendə qarşı etibar da azalacaqdır.

7. İzləyicilərinizə dəyər qazandırın.

Sizcə insanlar niyə TV-dən internetə keçirlər? Səbəblərdən biri bezdirici reklamdan qurtulmaq istəyidir. Deyə bilərsiniz ki, internetdə və sosial şəbəkələrdə də reklam az deyil. Bəli, reklam bəlkə də TV-dən daha çoxdur. Amma əsas fərq ondadır ki, internetdə reklam daha az bezdirici və izləyicinin daha çox nəzarətindədir (saytlara girəndə pırt edib çıxan bannerləri saymasaq). İzləyicilər hansı səhifələri izləmək istədiklərini özləri müəyyən edir. Bu səhifədə reklam onları bezdirsə səhifəni izləməkdən imtina edəcək, bəlkə də bloka atacaqlar. Bu cəzaya düçar olmamaq üçün nə etmək lazımdır? İzləyicilərinizə dəyər qazandırmaq lazımdır. Paylaşdığınız kontenti əsas (təxminən 80%) hissəsi izləyicilərə dəyər qazandıracaq, maraqlandıracaq, öyrədəcək, yönləndirəcək, əyləndirəcək məlumat olmalıdır. Bu cür kontent strategiyası izləyiciləri sizə bağlı saxlayacaq, kontentiniz marağı artıracaq və paylaşdığınız reklam belə onları bezdirməyəcəkdir.

Sosial media marketinqin 10 qanunu

8. İzləyicilərinizin sorğularına cavab verin.

Sosial media iki tərəfli bir ünsiyyət kanalıdır. Siz öz kontentinizi insanlarla paylaşdığınız kimi, onlar da öz ürək sözlərini, istək və şikayətlərini sizinlə paylaşacaqlar. Və sizin bu sorğularına cavab verməyinizi gözləyəcəklər. Heç bir insan cavabsız qalmağı xoşlamır. Hər bir müraciətə, hər bir sorğuya cavab verin. Məsələni həll edə bilməsəniz belə, dəqiqləşdirəcəyinizi bildirib bir az sonra geri dönün. İzləyicilərinizin maraqlı paylaşımlarını bəyənin, uyğun şərh yazın, onları kontent strategiyanıza müvafiq şəkildə yönləndirin. Bir sözlə, insan üzlü brend olun. Amma ifrata keçməyin. Brend dəyərlərinizə sadiq qalın, brendi təmsil etdiyinizi unutmayın.

9. Əl çatılan olun.

Əvvəlki qanunla hardasa eynilik təşkil etsə də, ayrıca olaraq bunu qeyd etməyə ehtiyac var. Brend, şirkət sosial mediada əl çatılan olmalıdır. Hamı necə siz də elə. Sosial mediaya bürün, elnən sürün. Sosial mediada özünüzü dağın başına qoymayın. İnsanlara yaxın olun, onlarla həmsöhbət kimi davranın. İzləyiciləriniz sizi özlərindən biri kimi bilsinlər, tanısınlar.

10. Sizə necə rəftar olunmağını istəyirsinizsə, siz də elə rəftar edin.

Əxlaqın bir nömrəli qanunu sosial mediada da keçərlidir. Sosial media insanların sıx ünsiyyətdə olduğu virtual bir məkandır. Real cəmiyyətdə necədirsə, virtual cəmiyyətdə də əxlaq normalarına riayyət etmək tələb olunur. Bu səbədən quracağınız ünsiyyət də bu normalara cavab verməlidir. İnsanları incitmək, alçaltmaq, hiss və inanclarına toxunmaq yolverilməzdir. Bu cür hallar baş versə həmin an üzr istənilməli, müvafiq işçiləriniz cəzalandırılmalıdır. İnsanların qınağına səbəb olsanız onlar sizi nəinki boykot edə, hətta sosial şəbəkə administrasiyasına şikayət edib sosial media hesablarınızı bağlatdıra da bilər.

Sosial media marketinqin 10 qanunu sizə daha uğurlu kontent strategiyası yeritməyə və daha effektiv sosial media marketinq həyata keçirməyə yardımçı olacaq. Siz siz olun, amma sosial mediada bu qanunları pozmamağa çalışın.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az