Marketinqdə elə anlar var ki, həmin vaxt marketinq fəaliyyətləri digər vaxtlara nisbətən daha çox effekt göstərir. Həmin məqamlara məxsusi olaraq keçirilən Məqam Marketinqi barədə ətraflı məlumat əldə etmək üçün yazını sona qədər oxuyun.

Söhbətə bir az uzaqdan başlayaq. Öz həyatınızı düşünün: günlərdən, aylardan, illərdən ibarət. Son bir ildə həyatınız necə axıb-gedib? Bu müddət ərzində həyatınızda əlamətdar nəsə baş veribmi? Gündəlik həyat rutinini qıracaq, dəyişəcək nəsə olubmu? Böyük bir hadisə baş verməyibsə son bir ildə yaddaşınızda ancaq tətil və istirahət günləri qalacaq deyə iddia edə bilərik. Bir çox insanın həyatında da bu cürdür.

Niyə bu tətillər, bu istirahət günləri bu qədər vacibdir? Çünki onlar bizim gündəlik həyat rutinini qıraraq həyatımıza dəyişiklik, fərqlilik gətirir. İnsanlar tətilə gedir, öz sərbəst vaxtlarını ailəsi, dostları ilə keçirir, istirahət edib əylənirlər. Həyatları dəyişdiyi qədər alış-veriş vərdişləri və davranışları da dəyişir. Necə?

Bir neçə misal verək: Yeni il tətili, Qurban və ya Ramazan bayramları, mövsüm dəyişməsi, məktəbin açılması, Olimpiada, çox məşhur bir serialın final seriyasının yayımı, müharibə, fövqəladə təbiət hadisəsi və s. Bütün bunlar müştərinin alış-verişinə bəzən də köklü şəkildə təsir edir. Bu dəyişiklikdən düzgün şəkildə istfadə etmək, mümkün qədər daha çox xeyir əldə etmək üçün marketer nə etməlidir?

Əlbətdə ki, hər bir qeyri-adi hadisə üçün marketinq kampaniyası keçirmək lazım deyil. Sosial mediada hər trendə görə bir post paylaşan səhifələr kimi. Bunların arasında brend dəyərlərinizə uyğun olanları seçib, məhz onlara üçün nəsə düşünmək lazımdır. Məsələn idman geyim brendi İdman yarışları ilə bağlı aksiya keçirə bilər, amma Musiqi Festivalına uyğun görəcəyi heç nə yoxdur.

məqam

Məqam marketinqi olaraq marketerin üzərində düşən vəzifələr hansılardır?

1. Növbəti müddət üçün bu cür əlamətdar gün və tədbirlərin ümumi siyahısını çıxartmaq – milli və ümumdünya bayram günlərindən tutmuş beynəlxalq və daxildə qeyd olunan spesifik günlərə qədər.

2. Bu müddət ərzində satışın necə və nə qədər dəyişdiyini: artıb azaldığını keçmiş dinamika üzrə analiz etmək. Bu dinamikanın hansı səbəblərdən dəyişdiyini öyrənmək, hazırladığımız siyahı ilə uyğunluğunu müəyyən etmək.

3. Hədəf auditoriyanın nə ilə maraqlandığını, nəyə həvəs göstərdiyini araşdırmaq. Bu işdə müxtəlif müştəri sorğuları və Google Trends kimi onlayn alətlər köməyə gələ bilər.

4. Satış dinamikası ilə uyğunlaşan qısa siyahıdakı əlamətdar məqamları brend dəyərləri ilə nə qədər uyğun olduğunu müqayisə etmək. Məsələn uşaq geyim mağazası üçün 1 iyun Uşaqların hüquqularının beynəlxalq müdafiə günü uyğun bir əlamətdar gündür, Sevgililər günü isə yox.

5. İnsanların sizin brend və məhsulları hansı məqam ilə assosiya etdiklərini öyrənmək – məsələn böyük ekran televizor satışları böyük idman yarışları, xüsusən futbol üzrə dünya çempionatı vaxtlarında kəskin artım nümayiş etdirir.

6. Brendə uyğun məqamları seçdikdən sonra onları təqvim üzərinə yerləşdirmək. Bununla da siz işinizi planlaşdıraraq öncədən hazırlıq görməyə başlayacaqsınız.

7. Hər bir məqama bir və ya bir neçə biznes məqsəd bağlamaq. Bu məqam satışı artırmaq məqsədi mi daşıyırmı? Yoxsa məqsədi brendin tanınmasını və brendə olan etibarı artırmaqdırmı? Sosial mediada izləyicilər ilə ünsiyyəti artırmaqdırmı? Məqsəd mümkün qədər dəqiq, SMART tələblərə uyğun şəkildə ortaya qoyulmalıdır.

8. Bu məqamları özündə əks etdirəcək marketinq plan qurmaq. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tələb olunan bütün resursları göstərin: nəyi nə vaxta qədər hazır etmək lazımdır. Nəzərə alın ki, müştərilər həmin məqamdan əvvəl də axtarış edir, alacağını öncədən seçirlər. Hər məqam üçün hansı aksiyanın keçiriləcəyini qeyd edin: Novruzda məsələn konsert, məktəb öncəsi hədiyyə kampaniyası və s. Nəzərə alın ki, məqam marketinqi üçün hazırlanan bu marketinq plan ümumi marketinq planına uyğun olmalıdır, eyni məqsədlərə xidmət etməlidir.

9. Hər bir məqam kampaniyası üçün kreativ mesaj və reklam daşıyıcıları hazırlayın. Bu reklam mesajı həm məqamın özəl xüsusiyyətlərini vurğulamalı, həm də brend dəyərlərini əyahi şəkildə çatdırmalıdır. Bu gözəl reklam çarxında olduğu kimi:

Məqsəd satış olsa belə, qiymət endirimi ilə yanaşı bunun səbəbini vurğulamaq tam yerinə düşəcəkdir. Məsələn, fitnes zalının Yeni il üçün keçirdiyi “6 ay ödə, 12 ay istifadə et” aksiyasında “il boyu sağlam qal” fikri də qeyd oluna bilər.

Məqam yetişəndən sonra da reklam mesajını çatdırarkən məqamın abu-havasını qorumaq şərtdir. Sosial media və ya mağaza olsun fərq etməz – hər bir məqamda brendin keçirdiyi aksiya hiss etdirilməli və müştəriyə təlqin olunmalıdır.

Amma unutmayın ki, heç də bütün əhəmiyyətli məqamlardan marketinq məqsədi ilə istifadə etmək düzgün deyil. Məsələn, ümummilli faciə və təbii fəlakət günləri. Bu günlər insanlarda neqativ hisslər yaradır və brendiniz hər hansı bir şəkildə bu günlərə bağlanması xoşa gələn hal deyil. Faciəli bina yanğını günü sığorta şirkətinin yanğın sığortası elanını paylaşması kimi. Bu cür məqamda KSM tədbiri keçirmək daha çox yerinə düşər.

Sosial media ilə brigə məqam marketinqə viral effekti də daxil oldu. Gün içində yaranıb saatlar davam edən bir trend ola bilər ki, sizin brend dəyərlərinizə uyğun olsun. Məsələn, məşhur Game of Thrones serialında yadda qalan məqamlardan biri Hodor adlı pəhlivanın qapını tutması səhnəsi idi. KFC brendi həmin məqamı özünə uyğun şəkildə yamsılamağa çalışdı.

Sosial mediada məqam marketinqi olaraq əlavə məqsədləri də unutmamağa çalışın: hər məqamda səhifə izləyicilərinin sayını və tələb olunan əməli (sayta keçid, bəyənmə, paylaşım və s.) artırmağa nail olun.

Məqam marketinqi marketer üçün ciddi bir sınaqdır. Hər bir aksiyadan sonra onun nəticəsini, nəyin işləyib, nəyinsə çalışmadığını mütləq analiz edin. Bu analiz nəticəsində gələn il üçün müvafiq nəticələr çıxartmaq, müvafiq dəyişiklik etmək lazımdır. Ağıllı marketer öz və başqalarının səhvlərindən nəticə çıxarır, müdrik marketer isə bu səhvləri bir daha etməmək üçün öncədən tədbir görür. Çalışın, müdrik marketer olun.