Kontent marketinq yazısında digital marketinqin əsas aləti olan kontent və kontentin hazırlanması barədə danışdıq. Bu yazıda kontent marketinq strategiyası necə olmalıdır və necə hazırlanmalıdır suallarına cavab tapacaqsan.
Kontent marketinq strategiyası hazırlamaq üçün nədən başlamaq lazımdır? Strategiya sözü görəndə bil ki, söhbət məqsəddən gedir, yəni necə kontent marketinqi edək ki qarşımıza qoyduğumuz məqsədə nail olaq? Bunun üçün biz ilk öncə daha üst məqsədlərin nə olduğunu bilməliyik. Yazıya davam etmədən öncə məqsəd ierarxiyası barədə yazını mütləq oxu.
Kontent marketinq strategiyasının əsas məqsədləri nədir?
1. Brendin dəyərlərini və brend hekayəsini potensial müştəriyə yadda qalan və cəlbedici şəkildə kommunikasiya etmək;
2. Brend və məhsulları haqqında bütün məlumatları rahat əlçatılan və asan anlaşılan şəkildə təqdim etmək;
3. Loyal müştəri auditoriyasını genişləndirmək və brendə qarşı marağını qoruyub saxlamaq;
Bu məqsədlərə nail olmaq üçün biz kontent marketinq strategiyasını təyin edib fəaliyyət planını hazırlayırıq. Strategiyanı təyin etmək üçün isə ilk öncə 3 təməl suala cavab tapmalıyıq:
1. Kim?
Digitalda ünsiyyətə girdiyimiz, sosial media paylaşımları ilə hədəflədiyimiz insanlar kimlərdir? Bu auditoriya əlbətdə ki təkçə bizim mövcud müştərilərimizdən ibarət deyil. Növündən asılı olmayaraq hər bir biznesin mövcud və potensial müştəri auditoriyası olur. Kontent marketinq mövcud müştərilərin daha çox almasını, potensial müştərilərin isə alışa təşviq etməyi hədəfləyir. Bu baxımdan hər 2 auditoriya üçün fərqli kontent hazırlanmalıdır. Amma auditoriya seqmentləşdirilməsi bununla bitmir. Digital bu istiqamətdə bizə daha çox imkanlar verir. Demoqrafik, psixoqrafik fərqləndirmə ilə yanaşı biz, onlaynda hansı kontenti necə istehlak etdiyinə qədər seqmentasiya edə bilərik. Məsələn, sayt ziyarətçilərinizin 40% şənbə-bazar günləri axşam vaxtlarında sayta daxil olur və daha çox videolara baxırlar? Günorta vaxtlarında sayta daxil olanların əksəriyyəti bloq yazılarını oxuyur? Facebook səhifənizdə ən aktiv qrup evdarlıq mövzulu postlara şərh yazanlardır? Bütün bu izləyici seqmentləri sizin əsas hədəf auditoriyanızdır, sosial media personasıdır.
Bu video kontentlə Always brendi hədəf auditoriyası olaraq qızlığını dərk etmə yaşındaki qızları hədəfləyib. Kontent olaraq da bu video kifayət qədər güclüdür – həmin yaşdakı qızların keçirdiyi həyacana, hiss və emosiyalarına xitab edir.
2. Nə?
İzləyicinizin kim olduğunu bildikdən sonra, maraq və istəklərini, gündəlik dərd-sərlərini, vərdiş və adətlərini öyrənin. Sözün həqiqi mənasında onları gecə yatmağa qoymayan hiss və həyacanlarını araşdırın. Bütün bunları nəzərə almaqla hazırlayacağınız kontent izləyicilərinizə danışacağınız Hekayə olacaqdır. Bu Hekayə nədir? Hekayə izləyicilərinizə hər gün az-az oxuduğunuz sonu görünməyən bir nağıldır. Nağılın əsas məqsədi uşaqların düzgün tərbiyə olunmasıdırsa, Hekayənizin də əsas məqsədi izləyicini müştəriyə çevirməkdir. Aşağıdakı cədvəldə bir neçə misal ilə tanış ola bilərsiz:
Hədəf auditoriya (Persona) | Hekayə | Kontent mövzusu |
Evdar qadınlar | Xoşbəxt ailə | Evdarlıqla, uşaq tərbiyəsi və ər-arvad mövzularında faydalı məsləhətlər, |
Yemək bişirməyi sevənlər | Bişirdiyi xörəklərə hamının məftun olduğu aşbaz | Video reseptlər, düzgün ərzaq seçimi, bişirmə sirrləri |
Ofis işçiləri | Uğurlu karyera | Ofis daxilində münasibətlərin qurulması, uğura aparan yol, vaxtın düzgün idarəedilməsi |
Əyləncə sevən gənclər | Hamının qibtə etdiyi Sən | Modaya uyğun geyim tərzi, ən son texnoloji yeniliklər, ən populyar əyləncələr və məkanları |
Hər persona üçün 3-4 mövzü olmalıdır ki, izləyiciniz sizin kontenti maraqlı və faydalı hesab etsin, ondan yorulmasın. Amma bu kontentlə yanaşı brend kontenti də unutmaq olmaz. Məqsədiniz müştəri qazanıb mal satmaqdır. Aradabir (təxminən 20%) məhsul və ya xidmət haqqında da danışmaq lazımdır. Əyləncəli kontentə nisbətən daha az maraq toplasa da, bu cür kontent satış gətirdiyi üçün təqviminizdə olmalıdır.
Bu filmə baxmasanız da haqqında mütləq eşitmisiniz. Lego şirkətinin sifarişi ilə hazırlanan bu film də bir kontentdir – özü də pul qazandıran kontent (60 mln dollar büdcəsi ilə 468 mln dollar qazanıb). Reklam və satış gücünü isə ancaq təxmin etmək qalır.
3. Necə?
Necə sualı kontentin daha çox kreativ hissəsinə aiddir. Kontenti necə hazırlayaq, hekayəmizi necə təqdim edək ki, izləyicimizin diqqətini çəkə bilək? Diqqət çəkməsi də azdır, necə edək ki, kontentimizin onun xoşuna gəlsin, kontentimizi bəyənsin, şərh yazsın və ən əsası dostları ilə pyalaşamağa layiq bilsin? Cavab çox sadədir əslində: həmin kontent onun üçün 1. maraqlı, 2. faydalı və 3. fərqli (unikal) olmalıdır. Hər 3 cəhət olarsa kontent virala çevrilə biləcəkdir.
Məzmununa görə kontent 3 cür olur: 1) brend olmayan; 2) kontekstual; 3) brend kontent. Kontekstual kontent brend kontentinə görə daha effektivdir, çünki məhsulunuzun praktiki istifadəsini və ya faydasını göstərmiş olur. Məsələn, aşağıdakı post brend kontenti olsa da, böyük qablaşdırmadaki qanəat imkanı mesajını verdiyi üçün müştəriyə də faydalıdır.
Bu kontekstual postda isə Ariel yuyucu tozunun unikal satış təklifi olan 1 yumada təmizliyin elektrikə qənaət etməsinə necə səbəb olduğu izah olunur.
Necə sualına cavab axtararkən ifrata getməmək də lazımdır. Elə bir kreativ ideyanız ola bilər ki, sosial mediada bomba kimi partlasın. Amma bu ideyanı brendinizə tədbiq etməkdən qabaq papağınızı qarşınıza qoyub bir düşünün. Bu ideya brend dəyərlərinə, kontent marketinq strategiyası tələblərinə uyğundurmu? Brendimə dəyər qazandıracaqmı? Satışları artıracaqmı? Bu vacib sualların ən az birinə yox cavabı çıxsa, həmin ideyanı kənara qoyun, viral olmasa da işləyən kontentə fokuslanın.
Bəs kreativ?
Kontent marketinq strategiyası kreativ strategiyanın davamı olaraq brendin kreativ ideyasını açıqlayır, müştəri üçün “xırdalayır”. Kreativ ideya brend hekayəsini yadda qalan, inandırıcı və cəlbedici edir. Brend hekayəsi sayəsində müştərilər brendi sevir, ona loyal olur. Bütün güclü brendlərin arxasında bir möhtəşəm brend hekayəsi durur. Coca-colanın bu videosundakı olduğu kimi:
Kontent marketinq strategiyasının uğuru məhz bu cür kontent ilə brendin hekayəsini müştərilərinə sevdirməkdir.