Emailiniz var? Bu yazını oxuyursunuzsa, smartfonunuz varsa, hər hansı bir saytda qeydiyyatdan keçmisinizsə 99,9% emaildən istifadə edirsiz. Emaildən aktiv istifadə etməsiniz belə, email marketinq alətlərinin təsiri altına düşə bilərsiz. Digital Marketinqin bu alətindən düzgün və faydalı şəkildə istifadə etmək üçün bloq yazısını sona qədər oxuyun.
Email marketinq email üzərindən potensial müştəri ilə marketinq kommunikasiya işinin qurulması və aparılmasıdır.
İlk email 1971-ci ildə Ray Tomlinson tərəfindən göndərildi. Hazırda ortalama ofis işçisi gün ərzində 121 email alır. Dünya üzrə gündəlik göndərilən emaillərin sayı 269 mld olaraq güman olunur. Düzdüz, bunun böyük hissəsi spamdır, amma yenə də aktiv internet istifadəçiləri email vasitəsilə onları maraqlandıracaq faydalı məlumatlar əldə edir. Bura həmçinin biz, ecommerce saytlarından gələn “sifarişiniz artıq yoldadır”, “sizə maraqlı təklifimiz var” tipli emailləri də aid edirik.
Email marketinqin baş tutması üçün ilk şərt icazədir. İcazə məsələsi artıq o qədər vacib amilə çevrilib ki, “permission marketinq” (icazə marketinqi) deyə bir anlayış da yaranıb. Sizin icazəniz olmadan sizin inboxa gələn reklam məqsədli emaillər spamdır, email marketinq deyil. Bu amili yadda saxlayın və email marketinq işinizdə əsas şərt kimi qəbul edin. Spammer olmayın, digital marketer olun.

Niyə email marketinq?
Bir çox “mütəxəssis” email marketinqi geridəqalmış marketinq aləti hesab edir. Amma yenə də bir neçə amil var ki, emailə xüsusi rəng qatır. Bu amillər hansıdır?
1. Email № 1 internet kommunikasiya kanalıdır
İnternet və smartfon istifadəçilərinin 99%-i emaillərini mütəmadi şəkildə yoxlayır. Xəbərdarlıq açıqdırsa, sizin emailiniz gələn kimi istifadəçinin xəbəri olur.
2. Email istifadəçiləri ilə ünsiyyət kanalı yalnız sizə məxsusdur
Facebook səhifəniz, İnstagram hesabınız bağlana bilər, amma email siyahınız ancaq və ancaq sizə məxsusdur. İstifadəçi bu siyahını tərk etmədikçə, onunla ünsiyyətinizə heç kim mane ola bilməz.
3. Email üzərindən satış olduqça effektivdir
Araşdırmalar göstərir ki, email üzərindən gələn müştərilər digərləri ilə nisbətdə 138% daha çox pul xərcləyir. Email marketinq ROİ göstərisici isə 4.400% təşkil edir.
Düzdür, messengerlər dövründə emaillər populyarlıqda artmadı deyə bilərik. Email marketinqin messengerlər üzərindəki ən böyük üstünlüyü “şəxsi” hesab olunan sahəyə girməməsidir. İstifadəçilər messengerə daha özəl, daha şəxsi yanaşdığı, əsasən dostlarla ünsiyyət üçün istifadə etdikləri üçün bu kanal üzərindən daxil olan reklam mesajlarına daha pis yanaşırlar. Amma email, reklam xarakterli olsa belə istifadəçini cavab verməyə məcbur etmədiyinə görə daha təhlükəsiz kimi qəbul olunur.

Email marketinqə nədən başlayır?
Digital marketer olaraq email marketinqlə məşğul olmağa qərar verdik. Hardan başlayaq?
1. Email siyahısınının yaradılması
Email göndərmək üçün sizdə email üzərindən ünsiyyət qurmaq istədiklərinizin email ünvanları olmalıdır. Digital marketinq məqsədinizdən asılı olaraq ilk öncə alıcı personanın emaillərini toplamaq üçün bir kanal düşünün. Saytınız, bloqunuz varsa (ki olmalıdır), abunə olmaq üçün bir form əlavə edin. Sosial media kanallarınızda post paylaşıb izləyicilərinizi email ilə qeydiyyatdan keçməyə dəvət edin. Email qarşılığında faydalı təlimatları pulsuz paylayın. Ecommerce saytınızda qeydiyyat zamanı təkçə mobil nömrəni deyil, email də istəyin. Müxtəlif uduşlu aksiyalar keçirib emailləri toplayın. Bu mərhələdə xüsusilə icazə tələbinə riayyət edin. Abunə olarkən izləyici nə üçün abunə olduğunu bilməlidir. Əks halda sizin email spam kimi işarələnəcək.
2. Email Marketinq Sistemindən istifadə
Email siyahınız artmağa başladı. Say artdıqca onları idarə etmək, onlara email göndərmək çətinləşir. Bu məqamda sizin köməyinizə Email Marketinq Sistemi gələcək. Sizə ən uyğun olanı təyin etmək üçün təklif etdikləri şərtlər çərçivəsində seçim edin. Bu yazıda 2019-cu ilin ən populyar email marketinq platformları müqayisəli şəkildə analiz olunur. Yazını oxuyub sizə ən sərfəli olanını seçin.
3. Email siyahısının böyüdülməsi
Email marketinqin baş tutması üçün ikinci şərt siyahınızın davamlı şəkildə artmasıdır. 2 səbəbə görə: siyahını tərk edənlər olacaq, insanlar zaman keçdikçə emaillərinizə daha az reaksiya göstərəcək. Siyahının böyüməsi üçün istifadəçilərə abunə olmaq üçün bir səbəb verməlisiz. Niyə abunə olsunlar ki? Öz emaillərini sizə niyə versinlər ki? Qeydiyyat zamanı aydındır – hesabı doğrultmaq üçün bir tələbdir. Digər hallarda istifadəçilər əsasən qeydiyyatdan keçmədən istifadə üsullarına üstünlük verirlər. Misal üçün, hesab.az portalında qeydiyyatdan keçmədən belə ödəniş etmək mümkündür. Halbuki, qeydiyyatdan keçməklə ödəniş məlumatlarınızı yaddaşda saxlayıb əlavə bonuslar da qazana bilərsiz.
Siyahını artırmaq üçün saytlar müxtəlif üsullardan istifadə edir: ecommerce saytları endirim və ya bonus verir, bloqlar pulsuz faydalı məlumatlar təqdim edir və s. Aşağıdakı şəkildə gördüyünüz kimi, qeydiyyatdan keçən evdar xanımlara ilk 5 yemək resepti pulsuz təqdim olunur.

4. Email istifadəçilərinin seqmentləşdirilməsi
Siyahı böyüdükçə onu düzgün idarə etmək, optimallaşdırmaq və istifadə effektivliyini artırmaq çətinləşəcək. Bunun üçün siz müəyyən xassələrə görə istifadəçilərinizi seqmentlərə toplamalısız. Misal üçün, emailləri daha çox açanlar; emailləri həftəlik, aylıq almaq istəyənlər; emailləri 90 gün ərzində açmayanlar; seçdiyi məhsulu zənbildə 5 gün ərzində saxlayıb almayanlar; maraqlar üzrə abunə olanlar və s. Bu seqmentləri yaradarkən biznes hədəflərinizi və reklam məqsədlərinizi diqqətə almalısınız.
5. Email marketinqin avtomatlaşdırılması
Email Marketinq Sistemindən istifadə edirsinizsə müəyyən məqsədli emailləri avtomatlaşdırmaq mümkündür. Misal üçün qeydiyyatdan keçənlərə “Xoş gəldin” emaili avtomatik göndərilə bilər. Onlayn mağazanızda alış bitəndən sonra alıcının emailinə hesab-faktura göndərilər. Sistemin verdiyi imkanları dəyərləndirib mümkün qədər avtomatlaşdırmağa çalışın.
6. İlk emailin göndərilməsi
Email siyahınıza ilk emailinizi göndərəndə bəzi məqamlara diqqət etmək lazımdır.İlk öncə auditoriyanı yaxından tanıyın, hansı cür emailin onların daha çox diqqətini çəkəcəyini araşdırın. Seqmentə ünvanlanan emaillər hər bir halda daha effektiv olur, çünki alıcısının müəyyən gözləntisinə cavab verir. Emailin kreativini hazırlayarkən emailin başlığına xüsusi diqqət yetirin – başlıq alıcısını gələn emaili açmağa məcbur etməlidir. Emailin mətnini də düzgün, rahat oxunan şəkildə tərtib edin, başlıqları ayırın, cəlb edici şəkillərdən istifadə edin, mütləq şəkildə əmələ çağırış düyməsi qoyun. Emailin məqsədi sayta gətirməkdirsə linkləri aktiv edin. Emaili göndərəndən qabaq da vaxtı və həftənin gününü nəzərə alın – misal üçün email ofis işçilərinə ünvanlanırsa ən optimal vaxt alıcısının işə ən az fokus olduğu vaxta göndərməkdir. Email göndərdiyimiz şəxs gərgin iş saatında email alsa çox güman ki açıb baxmayacaq və unudacaq.

7. Emailin marketinqin optimallaşdırılması
Kəmiyyət, yəni abunə sayının çoxluğu dalınca qaçmayın. Pul ilə email databazası heç almayın. Çox sayıda aktiv olmayan “abunəçi” sizə əksinə ziyan verə bilər. Az sayıda aktiv email alıcısı, linklərə klik edib sayta keçənlər marketinq olaraq sizə daha çox qazandıra bilər. Mütəmadi şəkildə siyahınızı yeniləyin, yeni seqmentlər yaradın, bir müddət aktiv olmayan emailləri silin. Abunəçiləriniz ilə aktiv ünsiyyət saxlayın, onları sizə yeni abunə qazandırmağa təşviq edin. Onlar sizdən daha yaxşı bilirlər ki, sizin emailləriniz hansı dostlarına daha maraqlı ola bilər.
Sonda mövzu ilə bağlı faydalı hesab etdiyim bəzi linkləri sizinlə paylaşmaq istərdim. Necə deyərlər, öz gözləriniz ilə görün və email marketinqin necə geclü bir marketinq aləti olduğuna inanın.
1) Email göndərmək ilə bağlı çox sevdiyim bir film – https://www.imdb.com/title/tt0128853/ (baxmayanlar qaçırmasın)
2) Email marketinq ilə bağlı çox maraqlı statistika – https://backlinko.com/email-marketing-stats
3) 11 maraql; email marketinq nümunəsi – https://blog.sendinblue.com/email-marketing-examples/
4) Hubspotun diqqətini çəkən 19 email marketinq kampaniyası – https://blog.hubspot.com/marketing/email-marketing-examples-list
5) Buffer marketinq portalının email marketinq ilə bağlı faydalı yazısı – https://buffer.com/resources/email-marketing-10-most-important-questions-answered
6) WordPress saytı olanlar üçün oxumaq mütləqdir – https://www.wpbeginner.com/wp-tutorials/ultimate-guide-to-using-mailchimp-and-wordpress/
7) MKTG. az marketinq bloqunun emaillərinə abunə olmaq üçün:
[mc4wp_form]