Eksperimental marketinq eşitdikdə ağlınıza nə gəlir? Eksperiment? Fizika və ya kimya dərslərində etdiyiniz tərzdə? Əslində elə də çox səhv etmirsiz. Eksperimental marketinq potensial müştəriyə brenddən istifadə təcrübəsini yaşatmağa yönəlmiş bir fəaliyyətdir. Bu proses necə baş verir və hansı səbəblərə görə ən effekiv marketinq alətllərindən biri hesab olunur suallarına cavab tapmaq üçün bloq yazımızı sona qədər oxuyun.

Məşhur Çin filosofu Konfutsi eksperimental marketinqin əsas prinsipini çox gözəl izah edib:

“Desən unudacam, göstərsən yadımda qalacaq, özüm etsəm başa düşəcəm”

Doğrudan da artıq heç kimə sirr deyil ki, ənənəvi marketinq və reklam işləmir. Potensial müştərilərin diqqətini çəkmək, onları təəccübləndirmək, maraqlandırmaq heç vaxt bu qədər çətin olmamışdı. Amma cəmi 50 il əvvəl insanlar sırf reklama baxmaq üçün televizor önündə toplanırdılar. Reklamda çəkilən aktyorlar hamının sevimliləri idi. Nə baş verdi? Müştəri Maslou piramdiasında son pilləyə qalxdı? Bu ifadə hardasa doğrudur. İnsanların gözü doyub – onlar  maraqlı əyləncə, unikal təcrübə axtarışındadırlar. Marketinq də müştərinin bu istəyindən geri qalmaq istəmir. Müştəriyə arzusunda olduğu əyləncəli təcrübəni yaşatmaq üçün yeni-yeni ideyalar fikirləşir. Beləliklə eksperimental marketinq, başqa sözlə təcrübə marketinqi yaranır. Gəlin ən çox diqqət çəkən keyslər ilə eksperimental marketinqi iş başında görək.

Misereor eksperimental marketinq keysi

Misereor Almaniyada fəaliyyət göstərən bir xeyriyyə təşkilatıdır. Bu təşkilat əsasən Afrikada ehtiyacı olanlara hər cür kömək göstərməklə məşğuldur. İanələri artırmaq məqsədi ilə Misereor maraqlı bir kampaniya keçirib. Buyurun, videoda bu aksiya ilə tanış olun.

Videodan da gördüyünüz kimi, insanların kart ilə alış vərdişindən xeyriyyə məqsədi üçün kreativ şəkildə istifadə etdilər. İnsanlar bir dəfə xırda məbləği ianə etməklə təşəkkür məktubu aldılar, bu məktubda isə onlardan həmin məbləği hər ay ianə etmək xahiş olunurdu. Bu qədər maraqlı təcrübəni heç vaxt unutmayan müştəri əlbəttə ki, öz razılığını bildirəcəkdir.

İKEA eksperimental marketinq keysi

Orijinal marketinqi ilə seçilən İKEA brendi çox maraqlı bir aksiya keçirib. Uduşlu müsabiqənin 100 qalibini İKEA mağazasında gecələməyə dəvət edib. Müştərilər hansı təcrübəni yaşayıb? Cavabı videomuzda.

TNT Belgium eksperimental marketinq keysi

Ən çox bəyəndiyim marketinq keyslərindən biridir. Bu video YouTube-da 50 mln-dan çox baxış sayına sahibdir. Heç bir şübhəmiz yoxdur ki, TNT kanalı Belçikada öz sözünü deməyi bacarmışdır.

Huawei eksperimental marketinq keysi

Bəs Azərbaycanda necə? Eksperimental marketinqə aid bir keys varmı? İlk belə keyslərdən biri Huawei telefonlarının Azərbaycanda tanıtım kampaniyası zamanı keçirilmişdir. Hər gün bir telefon uduşu olan aksiyada iştirak etmək üçün insanlar Huawei sözünü orijinala maksimum yaxın tələffüz etməli idi. Təsadüfi deyil ki, bir ay ərzində aksiyada 10 mindən çox adam iştirak etdi.

WestJet eksperimental marketinq keysi

Kanadanın avia şirkəti Yeni il üçün öz müştərilərinin arzularını reallaşdırmaq qərarına gəldi. Nəticədə nə oldu? Videoda izləyin. Gözünüzdən yaş gələ bilər, əvvəlcədən xəbərdarlıq edirəm.

Eksperimental marketinq keysləri həddən artıq çoxdur – bəziləri çox uğurlu, çoxusu isə sıradan olur. Bu cür marketinq tədbirin yadda qalan və brend üçün faydalı olmasının sirri nədir?

1. Məhsul ilə sıx bağlı olmalıdır. 

Məqsədimiz satmaqdır, satmaq üçün də müştəri məhsulu görməli, brendi sevməlidir. Esperimental marketinq müştəriyə brendi tanımaq, məhsuldan istifadə təcrübəsini yaşamaq, brendi daha çox sevmək üçün unikal imkan verir.

2. Kreativ olmalıdır. Həddən artıq kreativ.

Bəli, cənablar. Eksperimental marketinq üçün kreativlik şərtdir. İdeya çox sadə, amma eyni zamanda orijinal ola bilər. Kreativ ideya bizə müştərinin diqqətini çəkmək və yaşadığı təcrübəni unikal etmək üçün lazımdır.

3. Viral getməlidir.

Bu cür fəaliyyətlərdə məhdud sayda adam iştirak edə bilir. Marketinq effektini qatlamaq üçün həmin aksiyanın videosu virala çevrilməlidir. Videoda baş verənlər o qədər maraqlı olmalıdır ki, adi izləyicilər onu dostları ilə paylaşmaq ehtiyacı, həvəsi hiss etsinlər. Ancaq bu şərtlə çəkilən xərcin bəhrəsini görmək mümkündür.

4. Müştəri təcrübəsini maksimum dərəcədə əks etdirməlidir.

Marketinqin əsas məqsədlərindən biri müştəri təcrübəsini maksimallaşdırmaqdır. Müştəri həmin eksperimental marketinq tədbiri zamanı, ya da videonu izlərkən o qədər güclü emosiya yaşamalıdır ki, məhsul ilə özü arasında güclü bir bağ yarada bilsin. Ancaq bu halda müştəri brendə etibar edəcək, onu sevməyi öyrənəcəkdir.

Bəs siz eksperimental marketinqə hansı maraqlı keysləri misal göstərə bilərsiz?