Marketinqin fundamentini təşkil edən 4P modelinin ən maraqlı hissəsi promouşn olduğunu desək yanılmarıq. Promouşn qısa tərifi ilə müştərini arzuladığımız hərəkətə sövq edəcək məlumatın ötürülüməsi (kommunikasiya olunması) prosesidir. Promouşn kommunikasiyası ilkin olaraq məqsədlərin müəyyən olunmasından başlayır. Promouşn nəticəsində 5 məqsədə nail olmaq mümkündür:

1. Fərqində olma 

Müştəriləriniz ilk əvvəl sizin məhsul və ya xidmətin mövcudluğundan xəbərdar olmalıdırlar.İlkin məlumatlılıq o halda baş verir ki, müştəri sizin əmtəəni gördükdə və onun barəsində eşitdikdə onu tanıyır. İlkin məlumatlılıq hər bir yeni əmtəənin ilkin kommunikasiya məqsədidir.

2. Tanıma

Kateqoriyadakı əmtəələr haqqında sual verildikdə müştəri sizin əmtəənin adını çəkirsə, deməli o sizin brendi artıq tanıyır. Buna nail olmaq üçün müştəriyə davamlı olaraq əmtəəni kommunikasiya etmək tələb olunur. Bu kifayət qədər baha olsa da alış vaxtı özünü doğruldur. Müştəri tanıdığı məhsulu almağa meyillidir, tanımadığı məhsul ucuz olsa da əksər hallarda tanıdığı brendlərə üstünlük verir.

3. Məlumatlı olma

Müştəri sizin əmtəəni artıq tanıyırsa, məqsədimiz ona əmtəə haqqında zəruri məlumatları çatdırmaq olmalıdır. Məlumatlı müştəri artıq sizin malı digərlərinə izah edə, onun müsbət cəhətlərini çatdıra və istifadəsi barədə məsləhətlər ilə bölüşə bilər. Məlumatlı müştəri sizin ödənişsiz reklam agentinizdir. Potensial müştərilər ona işçilərinizdən daha çox etibar edir. Bundan gözəl nə ola bilərki?

4. Təsvir etmə

İnsan yaddaşı imiclər əsasında qurulub. Şəkil vasitəsi ilə informasiya daha asan və uzun müddətə yaddaşa həkk olunur. Bu səbəbdən də müştərinin əmtəənizi vizual olaraq təsvir edə bilməsi olduqça vacibdir. Adətən bu bənzətmə əmtəədən istifadə zamanı yaşadığı hisslər ilə ifadə olunur. Məsələn, BMW sürücüləri öz maşınlarının güc və sürətini, maşın sürməyin onlara verdiyi zövqü asanlıqla təsvir edə bilir. Bu təsvirlər brend imici ilə eyndirsə marketinq kommunikasiyası öz məqsədinə nail olmuşdur.

5. Əməl etmə

Promouşn kommunikasiyasın ən başlıca məqsədi müştəriləri tələb olunan hərəkəti, əməli etməyə sövq etməkdir. Sayta keçmək üçün klikə basmaqdan tutmuş məhsulu almağa qədər istənilən əməl bizim məqsədimiz ola bilər.

Bu məqsədlərə nail olmaq üçün promouşn kommunikasiyası ardıcıl olaraq həyata keçirilməlidir. Əmtəəni tanıtmadan müştəridən onu almasını gözləmək sadəlövlükdür. Promouşn kommunikasiyası uzun bir prosesdir və kifayət qədər səy və vəsait tələb edir. Bunun üçün promouşn edəndən əvvəl məqsədi düzgün müəyyən etmək lazımdır. Məqsədimiz müştərini əmtəəmizin üstünlükləri barədə məlumatlandırmaqsa, onunla emosional rabitə qurmaqdırsa nə tanıtım reklamları, nə də alışa sövq edən kampaniyalar işə yaramayacaqdır.

Promouşn kommunikasiyası

Məqsədi düzgün təyin etmək üçün ilk əvvəl müştərini tanımaq lazımdır. “Müştəriniz brendin dəyərləri ilə nə qədər tanışdır?” sualına cavab verərək kommunikasiya məqsədimizi asanlıqla müəyyən edə bilərik. Misal üçün müştəri sizin kərə yağı brendinizi tanıyırsa və digərlərindən ad olaraq fərqləndirirsə alış üçün ona brend haqqında müvafiq məlumat vermək lazımdır. Müştəri hansı səbəbə görə məhz sizin məhsula üstünlük verməlidir, onu almalıdır? Əgər müştəri sizin kərə yağınızı tanıyırsa, üstünlüklərini bilir və izah edirsə, brend dəyərlərini aşılayıb məhsulu ona sevdirmək lazımdır. Ancaq bundan sonra biz müştəridən məhsulumuzu almağı xahiş edə, bəzən də tələb edə bilərik.