Marketinq üçün mühit niyə vacibdir?

Marketinq yönümlü şirkət üçün fəaliyyət göstərdiyi mühit çox vacibdir. Niyə? Çünki, marketinq təkçə şirkətin içində deyil, şirkəti əhatə edən mühitin təsirinə də məruz qalır. Marketinq, şirkəti gözləyən xarici təhlükələr və şirkətin potensial imkanları barədə də düşünür. Marketinqin şirkət daxilində, işçilər, səhmdarlar, sahiblər, təchizatçılar ilə münasibətləri mikro-mühit səviyyəsində baş verərkən, şirkətin xarici, daha böyük müstəvidəki münasibət və fəaliyyətləri makro-mühitdə cərayan edir. Bu yazıda məhz marketinqin xarici mühit ilə münasibətlərinə toxunacayıq.

Şirkətin, brendin marketinqi xarici mühitdə 4 amilin (qüvvənin) təsirinə məruz qala bilər:

1. Siyasi və ya hüquqi tənzimləmə amilləri

Siyasi amillər daha çox dövlətin hüquqi tənzimlə mexanizmi ilə bağlıdır. Bura ən aşağı səviyyədə reklam mesajlarını tənzimləyən qayda və qadağalardan tutmuş, bu və ya digər şəkildə reklama icazə verən, qadağa qoyan qanunlar aiddir. Məsələn, reklamlarda körpə uşaqlardan istifadəyə qadağa, dövlət dilindən başqa dildə reklama qadağa, spirtli içkilərin günün müəyyən saatlarında TV reklamına qadağa, reseptlə satılan dərmanların hər cür reklamına qadağa kimi.

2. İqtisadi amillər

İqtisadi amillər dedikdə müştərilərin alıcılıq qabiliyyətinə və xərcləmə meyllərinə təsir edən amillər nəzərdə tutulur. Sirr deyil ki, ölkədə iqtisadi inkişaf yaşanırsa, sosial rifah səviyyəsi yüksəlirsə, sosial təbəqələr arasında Milli gəlirin bölgüsü nisbəti böyük deyilsə, orta təbəqə artırsa istehsalçılar daha çox reklam edəcək, rəqabət nəticəsində düzgün marketinq və reklama da ehtiyac artacaq. İqtisadi tənəzzül yaşanan ölkədə isə əksinə, alıcılıq qabiliyyəti aşağı düşür, şirkətlər xərclərini, o cümlədən də marketinqi, azaltmalı olurlar.

3. Sosial-mədəni amillər

Sosial-mədəni amillər cəmiyyətin mənəvi dəyərlərinə, baxış və davranışlarına, qərarvermə prosesinə təsir edir. Məsələn toy adətlərinə görə mebeli qız evi alırsa, potensial alıcılar baxışlarında mühafizəkardılarsa, dövlət çox millətlidirsə, qadınların müəyyən hərəkətləri xoş qarşılanmırsa, marketinq bütün bunları nəzərə almalıdır.

4. Texnoloji amillər

Elmi-texniki tərəqqi həm istehsala, həm xidmət sektoruna, həm də marketinq alət və üsullarına birbaşa təsir göstərir. Marketinqin üzərinə düşən başlıca vəzifə bu tərəqqini, elmi-texnoloji yenilikləri öncədən təxmin etmək, onlardan vaxtında və düzgün şəkildə istifadə etməyi bacarmaqdır. Elektrik mühərriklər yayılan kimi bütün aparıcı avtomobil brendləri buna qarşı mübarizə aparmaq yerinə, bu imkanları öz lehinə çevirməyə başladı. Volvo yaxın bir neçə ildə tamamilə qibrit və elektik mühərriklərinə keçəcəyini bildirdi. Sosial şəbəkələr və internet marketinqə inanılmaz dəyər və imkanlar qazandırıb. Marketinq bu yeniliklərə uyğunlaşa bilməsə məğlub olmağa məhkumdur.

Bu 4 amilin dördü də fərqli şəkildə marketinqə təsir göstərə, onu dəyişməyə məcbur edə bilər. Marketinqin borcu bu 4 amili vaxtaşırı analiz etmək, yenilikləri düzgün dəyərləndirməyə çalışmaq, mümkün təhlükələrə qarşı hazırlaşmaqdır. Xəbərdar olmusansa, güclüsən.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az