Canlı yayım kontent marketinqdə son vaxtlar populyarlıq qazanan kontent növüdür. Canlı video yayım ilə brendlər sosial media və internet izləyicilərini öz kontentinə cəlb etmək istəyir. Bu bloq yazısında sizinlə canlı yayım kontentini daha da yaxşılaşdırmağın yolları barədə danışacağıq.

Canlı yayım kontenti adi video kontentdən nə ilə fərqlənir? Mahiyyət etibarı ilə kontent eynidir, Əsas fərq canlı yayım kontentinin real vaxtda baş verməsidir. Paylaşılan kontentin real vaxta baş verməsi izləyiciyə nə qazandırır? Canlı yayımın videodan üstün cəhətləri hansılardır? Canlı yayımı daha uğurlu etmək üçün nələrə fikir verməliyik? Bu maraqlı 3 suala cavabı 4 əsas maddədə qeyd edə bilərik:

1. Autentik olun.

Autentik sözü ingiliscədən tərcümədə uyğun, müvafiq, real, həqiqi deməkdir. Canlı yayım ilə paylaşdığımız kontent brendə autentik olmalıdır, brend dəyərlərini müştəriyə çatdırmalıdır. Canlı yayımda siz, müştəri qarşısında çıxış etmək şansı əldə edirsiz. Bu şansı ancaq malı satmaq üçün yox, brendi tanıtmaq, brendi sevdirmək üçün istifadə edin. Canlı yayım sizin brendə sima qazandıracaq. Düzdür, montaj olunmuş video ilə də bunları etmək mümkündür. Amma canlı yayım videosunda insanları cəlb edən reallıq var. Montajda siz min cür hoqqa edə bilərsiz, amma canlı yayımda hər şey aşkar efirdədir.

2-3. Unikal və dəyərli kontent paylaşın.

Canlı yayım bəlli vaxt ərzində baş verir, video kimi onu sonraya saxlamaq olmur (video kimi daha sonra baxılan canlı yayımları nəzərə almıram). İnsanların işini, məşğuliyyətini atıb sizi canlı yayımda izləməsi üçün biz onlara tutarlı səbəb verməliyik. Canlı yayımda təqdim etdiyimiz kontent unikal və müştəri üçün dəyərli olmalıdır. Westgold üçün etdiyim canlı yayımda olduğu kimi: məşhur aşbaz əvvəlcədən bildirdiyi yeməyi canlı yayımda bişirir.

4. İnteraktiv ünsiyyət qurun.

Canlı yayımın adi video kontentdən daha bir üstünlüyü interaktiv olmasıdır. Adi videoya insanlar şərh yazar, amma cavab gecikər. Canlı yayımda isə izləyicilərin suallarına canlı-canlı cavab verilə, kontentin təqdimatı izləyici istəklərinə görə dəyişə bilər. İnteraktivlik izləyicilərə canlı yayımı baxmağa əlavə səbəb verir, təqdimatı daha canlı, maraqlı və əyləncəli edir.

Amma unutmayın ki, canlı yayımın öz təhlükələri də var. Yayım zamanı xoşagəlməz hal baş verə bilər, kənar adamlar yayıma müdaxilə edə bilər, internet qırıla, videokamera batareyasının şarjı bitər və s. Bu cür hallara qarşı hazır olmaq və əvvəlcədən tədbir görmək lazımdır.

Canlı yayıma hazırlıq mərhələsində izləyicilərinizə əvvəlcədən xəbərdarlıq edin. Bildirişlərə abunə olmağa təşviq edin. Bu halda canlı yayım başlayan kimi onlara bildiriş gələcək və bununla da siz ilk izləyici sayını artırmış olacaqsız.

canlı yayım

Canlı yayım bitəndən sonra iş bitmir. Əldə edə biləcəyiniz bütün analitikanı bir yerə toplayın: neçə nəfər baxıb, neçə bəyənmə gəlib, neçə şərh yazılıb və nə qədər paylaşılıb. Ortalama baxış müddəti nə qədərdir? Videonun hansı yerində izləyici sayında azalma və ya artım oldu? Bu cür məlumatların analiz olunması sizə növbəti canlı yaylmlar üçün dəyərli məsləhətlər verəcəkdir.

Canlı yayımın son vaxtlardan populyarlaşması brendlərə izləyiciləri ilə daha səmimi ünsiyyət qurmağa, orijinal və maraqlı kontent paylaşmağa yeni imkanlar verir. Instagram live stories, Facebook live, YouTube broadcast və digər platformalardan istifadə edərək biz, öz telefonumuz vasitəsi ilə belə canlı yayım kontenti yarada bilərik. Hər bir marketinq fəaliyyətində olduğu kimi, canlı yayımda da biz kontentin məqsədini bilməli, bu məqsədə nail olmaq üçün kontenti təqdim və idarə etməyi bacarmalıyıq.