Kontent hazırlanması işi çətindir, gözəl (oxu keyfiyyətli) kontent hazırlamaq isə olduqça çətindir. Amma mümkünsüz deyil. Dahi kontent hazırlamaq üçün nə dahi yazıçı, nə də peşəkar tərcüməçi olmaq lazım deyil. Bu yazıda siz 10 addımda yüksək keyfiyyətli kontentin hazırlanma qaydası ilə tanış olacaqsız.

1. İzləyicinin dərdini öyrənin

İzləyicinin diqqətini çəkəcək kontent hazırlamaq üçün onun dərd-sərini bilmək lazımdır. Dərd deməklə sadəcə neqativ mənanı nəzərdə tutmuram – ümumi mənada izləyicinin maraq və istəkləri, düşüncə və meylləri, problem və ehtiyacları, bir sözlə onu yatandan qabaq düşündürən, gecə yatmağa qoymayan nədirsə öyrənin. Bu məlumatı necə əldə etmək olar? İzləyicinizi dinləməklə. Dinləmək həm üzbəüz söhbət şəklində də ola bilər, həm də internetdə, sosial mediada yazdıqlarını, izlədiklərini, oxuduqlarını, paylaşdıqlarını izləməklə.

2. İzləyiciniz ilə söhbət edəcəyiniz mövzüları müəyyən edin

İzləyicinin maraqlarını bildikdən sonra onunla ünsiyyət quracağınız bir neçə mövzü müəyyən edin. Bu mövzular sizin məhsula, izləyicinizi yönləndirəcəyiniz səmtə uyğun olmalıdır. Məsələn, maşın brendi kişi izləyiciləri ilə futbol barədə, kosmetika brendi xanımlarla moda haqqında söhbət edə bilər. Mövzular mümkün qədər geniş, eyni zamanda kifayət qədər spesifik olmalıdır. Seçdiyiniz mövzunun uzunmüddət izləyicinin marağına səbəb olacağından əmin olun, insanlar tez-tez öz həvəslərini dəyişməyi xoşlayırlar.

kontent hazırlanması menecment söhbət

3. Rəqabəti dəyərləndirin

Seçdiyiniz mövzüda  təkçə birbaşa rəqiblər yox, digər şirkətlər də kontent paylaşacaqlar. Öz kontentinizi hazırlayandan qabaq bu mövzülardaki kontenti analiz edin. Hansı postlar nə qədər effektivdir? İzləyicilər daha çox hansı kontentə rəğbət göstərir, hansı həştəqləri izləyirlər? Əksik gördüyünüz məqamlar hansıdır? Hansı güclü cəhətlərdən istifadə edə bilərsiz? Daha çox bəyənilən paylaşımların sirri nədir? Bütün qeydlərinizi alıb növbəti mərhələyə keçin.

4. Kontent strategiyanızı müəyyən edin

Strategiya “Necə?” sualına cavab verir. Kontentinizi izləyicinizlə necə paylaşacaqsız? Kontentin forma və şəkilləri necə olacaq – daha çox şəkil, video yoxsa sözlü paylaşım? Brend olaraq ünsiyyət tərziniz,danışıq tonunuz, müraciət qaydanız necə olacaq? Sizi rəqiblərdən fərqləndiricək hansı xüsusiyyətiniz var? Kontent hazırlanması işinə başlayandan qabaq bunları müəyyən etmək olduqca vacibdir, çünki izləyiciləriniz sizi məhz buna görə tanıyacaq.

5. Kontent araşdırması edin

Bəhs edəcəyiniz hekayə, izləyiciləriniz ilə söhbət edəcəyiniz mövzular barədə ilkin araşdırma edin. Maraqlı, faydalı, orijinal, unikal məlumatları öyrənin. Bu sahənin ekspertləri ilə görüşün, onların təcrübələrini öyrənin. Mövzuya aid sitatları araşdırın, müxtəlif tədqiqatlarla tanış olun. Statistik məlumatları toplayın. Mövzuların çətin anlaşılan məqamları ayrıca qeyd edib, ev tapşırığı kimi onlara hazırlaşın. İzləyicinin diqqətini, daha sonra isə etibarını qazanmaq üçün siz, öz mövzularınızda mütəxəssis kimi görsənməlisiniz.

6. Plan qurun

Hər bir işdə olduğu kimi, kontent hazırlanması işində də plan vacibdir. Əlinizdəki kontenti hansı, necə, harda və nə vaxt izləyiciniz ilə paylaşacağınızı öncədən planlayın. Unutmayın ki, ən pis plan plansızlıqdan yaxşıdır. Sosial mediada ünsiyyət heç vaxt bitmir. Siz tək olsanız da, izləyiciləriniz çox və müxtəlifdir. Bu cur ünsiyyətdən baş çıxartmaq üçün siz, ancaq plana etibar edə bilərsiz. Özünüzü bir neçə rəqib ilə blitz şahmat oynayan qrosmeystr kimi düşünün. Ya da çoxbaşlı əjdaha qarşı vuruşan pəhlivan. Plan olmasa əjdaha sizi yeyəcəkdir.

kontent hazırlanması plan şahmat

7. Yazın

Yazı işində necə usta olmaq olar? Yazmaq, yazmaq yenə də yazmaqla. İzləyicinizə kontenti maraq doğuracaq şəkildə təqdim etmək üçün siz, diqqət çəkən başlıqlar yazmağı bacarmalısınız. Maraqlı başlıq, ilk cümlə, əmələ çağırış – bu məqamlar uğurunun yarısıdır. Sonrakı məlumat da başlıqla həmahəng, mənalı və maraqlı olmalıdır. Hər bir söz, hər bir ifadə ilə siz izləyicinizin ürəyindən oxumalısınız. Sonluq da az vacib deyil – ən sonda izləyicilərinizi təşviq etmək istədiyiniz əmələ çağırış edin. Ordusunu döyüşə aparan sərkərdə kimi olun – onları ruhlandırıb, döyüşə hazırlayın. Gedib sizə qələbə qazansınlar.

kontent hazırlanması cəsur ürək

8. Kontenti test edin, təkminləşdirin

Keyfiyyətli kontent bir gündə yaranmır. İzləyicinin ürəyinə yol tapacaq kontent hazırlamaq üçün kontentinizi davamlı şəkildə təkminləşdirmək lazımdır. İlk qaralamadan sonra yazdığınızı 24 saatlıq unudun, sabahkı gün bir də ələ alıb dəyərləndirin. Əksik gördüyünüz məqamları düzəldin. Artıq sözləri çıxardın. Hər paylaşımda sadə bir mesaj olmalıdır. Yüksək səslə oxuyub necə səsləndiyinə qulaq asın. Obyektiv fikrinə etibar etdiyiniz bir nəfərdən fikrini alın.  Hazır olduğunuza əmin olduqdan sonra paylaşıma keçin.

9. Paylaşılan kontenti mütləq reklam edin

Yaxşı kontent özünü satmır – daha doğrusu yaxşı kontentin özünü satması üçün bir balaca dəstəyə ehtiyacı var. Müəyyən bir təcil əldə edəndən sonra yaxşı kontent özü-özünü satacaq. Daha aşağı büdcə ilə effektiv reklam etməyin yolunu öyrənin. Uşağını dərsə göndərən bir ana kimi, uşağın çantasına məktəbdə lazım olacaq ləvazimatları qoyun. Paylaşımların reklam olunması bir də ona görə lazımdır ki, reklam postunuzu döyüş şəraitində sınayır. Facebookda paylaşdığınız postu reklam etməsəniz onu yetərsiz sayıda adam görəcək. Amma reklamlar həmin post 10-15 qat çox izləyiciyə xitab edəcəkdir. Əlbətdə ki, minlərlə insanın sizin kontentə münasibət bildirməsi ilə siz, hansı kontentin nə qədər uğurlu olacağını öyrənmiş olacaqsız.

10. Nəticələri analiz edib dərs çıxarın

Kimlər əsl uğur qazanır bilirsiz? Bəxtəvərlər yoxsa səhv edib, öz səhvlərindən nəticə çıxaranlar? Əlbətdə ki, ikincilər. Hər bir paylaşıma 2 prizmadan baxın:

a) Uğur qazanıbsa sirri nədir?

b) Uğursuz olubsa səbəbi  nədir?

Bir çoxumuz səhvlərimizi araşdıraraq, bir daha onları təkrar etməməyə çalışırıq. Əslində isə, uğura aparan yolu müəyyən edib o yol ilə getmək lazımdır.

Hər dəfə daha uğurlu, daha effektiv kontent hazırlanması üçün bütün bu proses davamlı şəkildə baş verməlidir. Kontent menecment sağa-sola gedəcəyiniz cığırlı bir yol deyil, yuxarıya aparan dairəvi bir pilləkandır. Bu pilləkan ilə yuxarıya qalxarkən kontent planınız olan sürahidən tutun. Sizi yoldan çıxaracaq qapılara söhkənməyin. Qapılarınızı izləyici rəylərinə açıq tutun. Hər zaman öyrənin, dünənkindən daha peşəkar olur. Növbəti stansiyada sizi uğur gözləcəyək.