Reklam marketinq deyil. Reklamın marketinqdən ən çox fərqləndiyi məqam məqsədlərindədir. Marketinq məqsədləri daha çox strateji xarakter daşıyır, reklamın məqsədi isə taktiki və (nisbətən) qısa müddətlidir. Bu yazıda reklamın məqsədi barədə danışacaq, bu məqsədlərin vacibliyini qısaca olsa da qeyd edəcəyik.
1. Məhsul tanıtımı
Reklamın ilk və başlıca məqsədi məhsulu bazara və müştəriyə tanıtmaqdır. Tanıtıma ehtiayc var, çünki bazarda saysız-hesabsız mal var. Rəqibləri olmasa belə, hər bir yeni mal barədə bazara xəbər vermək lazımdır. Məclisə girəndə özünü təqdim etmək ədəbdəndir.
2. Brend mesajının çatdırılması
Məhsul artıq satmır, brend satır. Brendin də sata bilməsi üçün müştərinin bu brendi tanıması və ona etibar etməsi lazımdır. Buna necə nail olmaq olar? Brend mesajını müştəriyə çatdırmaqla. Gecə vaxtı tanımadığınız adama qapını açmarsız. Amma gələn adam polis vəsiqəsini göstərsə və məqsədini açıqlasa necə? Brend mesajı həmin polis vəsiqəsidir. Və düz düşündünüz, marketer də polisdir.
3. Məhsul barədə xatırlatma
Məhsulu bir dəfə tanıtmaq yetərsiz qalır. Həm müştərinin yaddaşı qısadır, həm də inanılmaz informasiya axımında müştəri yaman unutqan olub. Sabit satışlar istəyirsinizsə, özünüz haqqda xatırlatmalısınız. Unutmayın ki, effektiv reklamın əsas şərtlərindən biri davamlılıqdır.
4. Müştəri qazanmaq
Rəqabətdə müştərisi çox, daha çox loyal müştərisi olan qazanır. Müştərini qazanmağın ən çətin, amma ən effektiv yolu rəqibin müştərisini öz tərəfinə çəkməkdir. Beləliklə, həm özün güclənmiş, həm də rəqibi zəiflətmiş olursan. Reklam brendin öz müştərisinin nə qədər “havalı” (oxu: xoşbəxt) olduğunu göstərməklə, rəqibin müştərisində qısqanclıq yarada və öz tərəfinə çəkə bilər.
5. Brendi fərqləndirmək
Hazırda rəqib mallar o qədər standartlaşıb ki, iki rəqib məhsul arasında fərq tapmaq çətindir. Müştərilər artıq daha keyfiyyətli, ya da daha ucuz malı deyil, fərqli malı alır. Marketinqin məqsədi fərqli mal yaratmaqdırsa, reklamın məqsədi həmin malın fərqinin nədə olduğunu müştəriyə izah etməkdir. Brendin fərqlənməsi onun rəqiblərindən üstün olması deməkdir. Fərqli deyilsənsə, digərləri kimisən. Digərləri kimi olmaq, olmamaq deməkdir.
6. Brendə dəyər qazandırmaq
Malın fərqini izah etməklə biz, brendə dəyər qazandırmış oluruq. Brend dəyəri bizə məhsulumuzu uzun müddət ərzində satmaq üçün lazımdır. Bu müddətin nə qədər uzun olması brend dəyərinin insanlara nə qədər lazım olduğundan asılıdır. Brend dəyərinin insanlar üçün lazım olduğunu göstərmək ancaq reklam ilə mümkündür.
7. Brendin mövqeləndirilməsi
Brend dəyəri ilə biz brendimizi mövqeləndirmiş oluruq. Bu mövqe brendə özünəməxsusluq qatır və rəqiblərdən fərqləndirir. İnsanlar brendin mövqeyi barədə reklamından məlumat alır. Bu səbəbdən də reklamda hər şey, xırda detalına qədər vacibdir. Reklam çarxının çəkiliş keyfiyyəti məhsulun keyfiyyəti haqqında deməyə əsas verdiyi kimi, reklamdakı incəliklər sizin öz brendinizə nə qədər hörmət etdiyinizin göstəricisidir.
8. Satışların artırılması
Və əlbəttə ki, satış. Satışsız nə marketinq, nə də reklam olmaz. Reklam edirik ki, sataq (daha doğrusu sata bilək), Yaxşı mal özünü ikinci dəfə satır. Birinci dəfə satdırmaq üçün onu reklam etmək lazımdır. Unutmayın ki, reklam olunmayan mal anbardakı maldır. Rəfə (düzgün) qoyulan mal da artıq özünü reklam edir.
9. Mənfəətin artırılması
Mənə həmişə gülməli gəlib, amma bu həqiqətdir: biz ona görə reklam edirik ki, baha qiymətə sataq. Reklam büdcəmiz bahalı qiymət hesabına formalaşır. Qazanmasaq reklama necə pul xərcləyə bilərik? Amma maraqlısı odur ki, bu asıllıq düz mütənasib deyil. Yəni mənfəət artıqca reklam xərcləri həmin nisbətdə artmır. Reklam təcil kimidir, sürət yığana qədər bir az çox benzin, yəni reklam büdcəsi xərcləyirsən. Kruiz kontrola keçəndən sonra isə benzin sərfiyyatı azalır, maşın isə sizə uyğun sürətlə yola davam edir.
10. Məhsula qarşı istəyin yaradılması
Reklamın elandan fərqi odur ki, reklamda məhsula qarşı istək yaradılmalıdır. Reklam “Niyə?” sualına cavab verməlidir. Müştəri niyə məhz bizim məhsulu almalıdır ki? İstək yaratmayan reklama reklam deməyin. İstək yaratmaq müxtəlif cür ola bilər, amma əsas məqsəd dəyişmir. Reklamı görəndən sonra müştəridə həmin malı almaq istəyi (fikri, niyyəti, marağı) yaranmalıdır.
11. Əmələ çağırış
İnsanlar tənbəldir, hələ reklama baxan insanlar çox tənbəldir. Onu hərəkətə gətirmək, ondan istədiyinizi almaq üçün müştərini yumşaq divandan qaldırıb mağazaya (ya da onlayn sayta) gətizdirmək lazımdır. İnsanlar nə edəcəyini eşitmək istəyirlər. Satış məqsədi olmayan imic reklamında belə reklamın məqsədi “məni sev” mesajı olmalıdır. İnternet reklamında isə mütləq şəkildə əmələ çağırış olmalıdır. Əks halda reklamın real effektivliyini ölçmək çətin olacaq.
Nədənsə istifadə edirsənsə onun məqsədini bilməlisən. Bıcağı kəsmək üçün, qazanı yemək bişirmək üçün istifadə etdiyin kimi, reklamı da öz məqsədlərinə uyğun şəkildə istifadə etməyi bacarmalısan. Reklam hazırlayarkən, onun bu məqsədlərdən hansına (hansılarına) xidmət etdiyini dəqiqləşdirməyi unutma.