Marketinq şöbəsi sıfırdan: Reklam Agentlikləri ilə iş

Marketinq şöbəsini sıfırdan yaradarkən marketinq müdrinin diqqət edəcəyi məqamlardan biri də reklam agentlikləri ilə işin qurulmasıdır. Reklam agentliklərinə niyə ehtiyac var, onlarla işi necə qurmaq lazımdır və iş əsnasında nələrə diqqət etmək vacibdir suallarına cavabı bu yazıda öyrənəcəksiniz.

Reklam agentlikləri nə üçün lazımdır?

Reklam agentliyi marketinq şöbəsinin işinə dəstək olmaq, əksikliklərini tamamlamaq, layihələrə dəyər qatmaq və effektivliyi artırmaq üçün lazımdır. Bu yazıda reklam agentliyi dedikdə mən, Azərbaycanda istifadə olunan mənasını nəzərdə tuturam. Bu mənada reklam agentliyi olaraq kreativ, media, dizayn agentliklərinindən tutmuş vizitka çap edən mətbəələrə qədər reklam sektorunun bütün şirkətlərini düşünə bilərsiz.

Marketinq şöbəsinin müdiri və üst rəhbərliyi layihələri və görüləcək işləri dəyərləndirərkən müəyyən məqamlarda reklam agentliyinə müraciət etmək ehtiyacı hiss edəcəklər. Flayer çapı, TV kanallarda yerləşdirmə, marketinq strategiyanın və ya kreativ konspetin hazırlanması olsun fərq etməz: reklam agentliyi marketinq şöbəsinə öz xidmətlərini təklif etməyə can atacaqdır. Marketinq şöbəsi o halda reklam agentliyinə müraciət edir ki, reklam agentliyinin ondan daha yaxşı, daha keyfiyyətli, daha effektiv iş görəcəyinə əmin olsun. Yoxsa özü görə bildiyi işi niyə kənara sıfarış versin ki? (korrupsiya hallarını yan keçirik).

reklam agentlikləri - ofis

Reklam agentlikləri ilə işi necə qurmaq lazımdır?

Bir məsəl var deyir: Reklam agentliyi ilə işdə marketinq müdir 2 dəfə sevinir: normal birini tapıb işləyəndə, işləyib narazı qalandan sonra ayrılanda. Yox əgər reklam agentliyi ilə iş düzgün qurularsa sevinəcək halların daha çox olacağına əmin ola bilərsiz.

Reklam agentlikləri ilə işi qurarkən aşağıdakı 5 məqama diqqət etmək lazımdır:

1. Səlahiyyət və məsuliyyət bölgüsü

Səlahiyyət və məsuliyyət bölgüsü reklam agentliyi ilə işinin qurulmasında əsas fikir veriləcək məqamdır. Təcrübə göstərir ki, sonradan yaranan problemlərin əksəriyyəti bu bölgünün düzgün edilməməsi və yanlış anlaşılmasından qaynaqlanır. Marketinq şöbəsi reklam agentliyin iş sərhədlərini düzgün çizməlidir ki, reklam agentliyi öz həddini bilsin (sözün hərfi mənasında). Reklam agentliyi tərəfindən adətən hər müştəriyə bir müştəri meneceri ayrılır ki, həmin şəxs bütün sifarişlərin bir növü layihə meneceri vəzifəsini icra edir. Həmin müştəri xidmətləri meneceri ilə şirkət adından kim işləyirsə, onun da səlahiyyəti və məsuliyyəti bilinməlidir. Marketinq müdiri son söz sahibi deyilsə, reklam agentliyi bunu bilməlidir, çünki marketinq müdiri səhv edib brifi üst rəhbərliyi ilə razılaşdırmadan agentliyə versə, görülən iş üst rəhbərliyin xoşuna gəlməyə də bilər. Digər tərəfdən reklam agentliyinin brifə nə qədər müdaxilə etmək səlahiyyəti var? Və ya reklam agentliyi görüləcək işin hansı hissəsinə məsuliyyət daşıyır? Misal üçün reklam filmi hazırlanırsa filmin çəkiliş keyfiyyətinə adətən reklam agentliyi cavabdeh olur. Bu məsuliyyəti dərk edən agentlik kamera və digər avadanlıq seçimində israr edib, büdcəni artırmağı tələb etməlidir. Bağlanan müqavilədə, razılaşdırılan iş planında bütün bu kimi məqamlar nəzərə alınmalı və qeyd olunmalıdır.

2. İş bölgüsü

Əməkdaşlıq müqaviləsində həm də iş bölgüsü göstərilməlidir ki, iş əsnasında əksikliklər olmasın. Bəzi marketinq şöbələri işin bir hissəsini özü görür, misal üçün reklam agentliyinin hazırladığı kreativ dizaynı tələb olunan ölçülərə salıb çapını sifariş etmək kimi. Marketinq müdiri reklam agentliyini iş prosesi barədə öncədən məlumatlandırmalıdır ki, sonradan sürprizlər yaranmasın: dizayner məzuniyyətə çıxdı və maşın dizaynları hazırlamaq reklam agentliyinin öhdəsində düşdü. Bunun üçün əlavə ödəniş etmək lazımdır, amma büdcə artıq təsdiqlənib və artırmaq mümkün deyil. Əlbəttə, reklam agentliyi işi görəcək amma gələcək işlərdə kompensasiya olmasa, neqativ izi qalacaqdır.

3. Nəzarət və təsdiq mexanizmi

Sonda pis sürpriz yaşamaq istəmirsinizsə iş prosesi böyunca nəzarət etməlisiniz. Menecmentin qızıl qaydası bizim halda da keçərlidir. Dizayn işində misal üçün, reklam agentliyi ilk öncə qaralama eskiz hazırlayır. Ümumi konsept bəyəniləndən sonra ehtiyac varsa real fotoçəkiliş olur və yekun dizayn hazırlanır. Əgər ilkin konsept təsdiqlənməsə, reklam agentliyinin işi və çəkdiyi xərc hədər olacaq, çünki müştəri pulu ödəməkdən imtina edə bilər. Reklam çəkilişində storibord və shooting board olmasa sifarişçi çəkilişdən narazı qala bilər. Müştəri xidmətləri menecerinin və şirkət tərəfindən məsul şəxsin əsas işi bu kimi vacib məqamları əvvəlcədən razılaşdırmaqdır.

4. Reklam agentliyinin işinizə sahib olma istəyi

Reklam agentliyi gördüyü işə görə pul alır. Amma hər bir işdə olduğu kimi, burda da pul əsas deyil, olmamalıdır. Reklam agentliyi sizin işə can yandırdığınız qədər sizi düşünməlidir. Düşünmək deyəndə sözün leksik mənasını da nəzərdə tuturam. Yəni, reklam agentliyinin məsul işçiləri sizin işinizi keyfiyyətini necə artırmaq olar barədə düşünməli, sizə daha yaxşı xidmət göstərə biləcəyi təkliflər irəli sürməlidirlər. Əlbəttə bu işə görə onlara ödəniş etmək lazımdır. Yoxsa müftə bu işi heç kim görməyə can atmaz. Marketinq şöbəsi etibar etdiyi reklam agentliyinə bu əməkdaşlıq formatını özü təklif etməlidir. Marketinq tarixinin ən parlaq müştəri-agentlik keysləri göstərir ki, ən uğurlu layihələr uzun sürən münasibətlər nətıcəsində yaranır. Agentlik müştərini o qədər yaxşı tanıyır ki, daha effektiv və daha kreativ təkliflər verməyə başlayır. Sizi sizdən daha yaxşı tanıyan dostunuz olmasını istəmərsiz?

5. Reklam agentliyinin inkişaf potensialı

Reklam agentliyi marketinq şöbəsinin yol yoldaşıdır. Hər kəs uzun və keşməkeşli yolu bölüşdüyü yoldaşının sağlam, söhbətcil və yardımsevər olmasını istəyər. Reklam agentliyi inkişaf edirsə, işçiləri özünü yetişdirirsə, digər müştəriləri ilə işdə təcrübə qazanırlarsa demək sizin də inkişafınıza dəstək olacaqlar. Odur ki, reklam agentliyi seçərkən, bu günün məqsədlərini rəhbər tutmayın. Sabah yaxşı dostunuz olacaq adamlara üstünlük verin.

Reklam agentliyi insanlardan ibarətdir. İnsanlarla dil tapmaq, düzgün iş münasibətləri qurmaq asan olmur, müəyyən vaxt alır. 11 il müştəri, 7 il də agentlik tərəfində işləyən biri kimi sizi əmin edə bilərəm ki, reklam agentliyi ilə yaxşı işlər görmək mümkündür. Reklam agentliyinin uğuru həm də marketinq müdirinin, rəhbərlik etdiyi marketinq şöbəsinin uğurudur. İmkan verin, reklam agentlikləri sizə uğur qazandırsınlar.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az