Məqsədlər nəyə əsasən təyin olunur və nəyin əsasında onlara nail olunduğu məlum olur? Məqsədləri müəyyən edərkən nələrə fikir vermək lazımdır?

SMART sistemi məqsədləri müəyyən etməyin ən populyar üsullarından biridir. Bu sistemə əsasən məqsədlərin 5 əsas cəhəti olmalıdır:

SMART-meqsedler

1. Məqsədiniz müəyyən və aydın olmalıdır:

“Tətilə getmək” deyil, “Maldivə tətilə getmək” kimi. Məqsədiniz tətilə getməkdirsə beyniniz bunu bir xəyal kimi görəcək və şüuraltı səviyyədə buna nail olmağa çalışmayacaqdır. Məqsədinizi müəyyən etsəniz ona doğru ilk addımı atmış olacaqsız. Maldiv haqqında yazılar oxuyacaq, otel və təyyarə qiymətlərini öyrəcənək, hazırlıq görməyə başlayacaqsız. Beyin psixoloji olaraq Maldivə getməyə hazır olmağa başlayacaq – daha sonra sizi buna məcbur edəcəkdir. Beyinə kompüter kimi baxın – ona müəyyən və aydın tapşırıq verir, o özü sizi bu məqsədə tərəf aparacaqdır.

2. Məqsədiniz ölçülə bilən olmalıdır:

Məqsədə nail olunduğu anlamaq üçün məqsədlər ölçülə bilən olmalıdır, mümkün qədər müəyyən rəqəm və say ilə ifadə olunmalıdır: “Alma satmaq” deyil, “100 kq almaq satmaq” kimi. Məqsədin rəqəm və say ilə ifadə olunması eyni zamanda ona aydınlıq və müəyyənlik də qazandırır. Yəni siz bilsəniz ki 100 kq alma satmalısız, bu qədər almanı becərməyə başlayacaqsız. Əvvəl nəzərdə tutduğunuz 5 deyil, 10 ağac əkəcəksiniz. Almanı bazar daşımaq üçün daha uyğun maşın tapacaqsız.

3. Məqsədinizə nail olmaq imkan daxilində olmalıdır:

Məqsəd nə qədər ambisional olsa da, ona nail olmaq mümkün olmalıdır: keçən il 50 avtomobil satılıbsa, bu il 500 deyil, 70 ədəd satmaq kimi. Hədəf qoyarkən bazar trendləri nəzərə almalı, müştəri potensialı dəyərləndirilməli, marketinq dəstəyi də nəzərə alınmalıdır. Rəhbərlik qarşınıza daha artıq satış hədəfi qoyubsa siz, bu hədəfə nail olmaq üçün tələb olunacaq marketinq büdcəsini tələb etməlisiniz.

4. Cari məqsədlər daha üst məqsədlərə müvafiq olmalıdır:

Şirkətin əsas məqsədi mənfəətdir, daha aşağı dərəcəli məqsədlər bu məqsədə müvafiq olmalı, şirkətin ziyanı ilə nəticələnməməlidir. Əsas məqsədiniz tələbələrə T-shirt satmaqdırsa, təqaüdçülər üçün köynək satmaq yerinə düşməyə bilər. Hər yeni məqsədi müəyyən edərkən marketer daha üst məqsədi yada salmalı, yeni məqsədlərin əsas məqsədə nail olmaq yolunda nə qədər faydalı olacağını dəyərləndirməlidir.

5. Məqsədinizə müəyyən vaxt çərçivəsində nail olunmalıdır:

“Arıqlamaq” məqsəd olsa da, “Yaya qədər arıqlamaq” daha düzgün qoyulan məqsəddir. Məqsəd qoyularkən işi bitirməyin vaxtını təyin etmək planlamanı asanlaşdıracaqdır. İşi bitirməyin vaxtları biləndə onları əhəmiyyətinə görə sıralamaq mümkün olur. Beyin insanı yormamaq üçün bitirmə vaxtı bəlli olmayan işləri daha sonraya atır. El arasında buna tənbəllik desək də, insanın fiziologiyası orqanizmi çox yormamağa çalışır. Xatırlayın: uşaq olarkən ananız sizə “zibili atarsan”deyəndə və siz bu işi görməyəndə “sonra ataram” deyə bilirdiniz. Amma ananız “həyətə düşəndə zibili atarsan” desə, sizin “unutdum” deməkdən başqa çarəniz qalmayacaq və siz nə qədər yorğun olsanız da axşam -axşam zibili tullamalı olursuz. Həyatda da belədir – işi vaxtında görməyə çalışın.

Qarşınıza məqsəd qoyarkən onları bu 5 süzgəcdən keçirin: məqsədlərə nail olmağa daha yaxın olacağınıza əmin ola bilərsiz.