FOMO ingilis dilində “Fear of missing out” ifadəsinin abreviaturasıdır və bizim dilə “fürsəti əldən vermək qorxusu” kimi tərcümə oluna bilər. Hansı fürsətən söhbət gedir və FOMO marketinq aləti kimi nə işə yarayır – bu bloq yazımızda öyrənəcəksiniz.

İlk başdan deyim ki, FOMO psixoloji bir haldır. İnsanlar, xüsusən də millenium nəsli yaşıdlarından nədəsə geri qalmaqdan qorxur. Trenddə olan nədənsə xəbərdar olmamaq, yenilik barədə eşitməmək, yeni açılan istirahət məkanına getməmək, təzə çıxan malı alıb yoxlamamaq, ən son filmə, klipə baxmamaq az qala insanı cəmiyyətdən təcrid edəcək bir hal yaradır. Sırf dostlar arasında söhbətdə key kimi görsənməmək üçün Game of Thrones serialına baxanlar, Ed Sheranı izləyənlər az deyil. Millenium nəsli üçün sosial sübut, sosial valyuta çox vacibdir. “Cool” görsənmək, (özünkü olmasa belə) hər şeyə rəy bildirmək, yeri oldu-olmadı şərh yazmaq, qulp qoymaq, söz atmaq artıq tərbiyyəsizlik sayılmır, bir norma kimi qəbul olunur. Tədqiqatlar göstərir ki, gənc nəslin 69% bu “xəstəliyə” yoluxub. Sosial media da bir tərəfdən bu fenomeni yayır, vəziyyəti ağırlaşdırır. Dostlarının konsertdə check-in edib şəkil paylaşdığını görən adam özünü necə hiss edir? Şahdağ-da, Bakı Kitab Mərkəzində şəkil paylaşmaq üçün gedənlər də bu qəbildəndir. Bununla mübarizə aparmaq yerinə marketinq onu öz lehinə işlədərək, bir reklam aləti kimi istifadə edərək satmağa çalışır. Necə?

1. İnsanların nə aldığı göstərməklə

Onlayn alış-veriş saytlarında, bloqlarda, xəbər saytlarında hər zaman belə bir bölmə var: ən çox satılanlar, ən çox oxunanlar, ən çox baxılanlar. Bu bölmənin məqsədi insanlardakı FOMO hissinə toxunaraq çox satılan mallara, ən çox oxunan xəbərlərə diqqət çəkməkdir. Çox alınırsa demək yaxşı maldır, çox oxunubsa deməli maraqlı xəbərdir: oxumasam çox vacib məsələ barədə xəbərsiz qalacam.

2. Reklam mesajında itirmə təhlükəsini qeyd etməklə

Onlayn mağazalara email ilə abunə olmusunuzsa başınıza gəlib: email alırsız və orda sizi maraqlandıracaq bir alətin endirimdə olduğunu və endirimin bitməsinə cəmi 18 saat qaldığı göstərilir. Çox az adam özünü klik etməkdən saxlaya bilər, elə deyilmi?

FOMO email

3. Stokda qalan sayı göstərməklə

“Almağa tələsin, əlimizdə sadəcə 4 ədəd qalıb” mesajı da FOMO qorxuna işləyir. Belə mesajı görən adam nə düşünür? Satılıb bitəcək, bir daha gəlməyəcək, 4 ədədi alacaqlar mənə çatmayacaq, gör nə qədər alıblar ki, bitmək üzrədir. Şübhəsiz ki, FOMO ilə yaşayan adam üçün bu cür təklif çox cazib olacaq.

4. Geri sayım saatını qoymaqla

Onlayn mağazadasız və bir yerdə geri sayan saat görürsüz: Endirimin bitməsinə 02:35:18 qalıb. Sanki bomba partlayacaqmış kimi, siz də avtomatik olaraq gördüyünüzü zənbilə atıb alış-veriş etməyə tələsirsiz.

FOMO amazon saat

5. Başqasını qabaqlamaq hissində oynamaqla

Booking.com kimi saytların ən çox istifadə etdiyi alətdir: bu oteldəki nömrəyə hazırda 12 nəfər baxır, son 2 saat ərzində bu oteldən 4 nəfər otaq sifariş etdi. Bu kimi mesajlar insanlarda yarış hissi yaradır, çox da düşünmədən sifariş verib kimisə qabaqlamağa sövq edir.

6. Saytı tərk edəndə imtina edə bilməyəcəyi təklif etməklə

Sayta daxil olub baxdınız, amma heç nə almadınız. Səhifəni bağlamaq istəyəndə bir pop-up çıxır və sizə, bazarlığı davam etdirdiyiniz təqdirdə ilk alışa 20% endirim kuponu təklif edir.

7. Məhdud təkliflər yaratmaqla

Pulsuz çatdırma, qızı zəmanət, üstündə aksessuar hədiyyə kimi satışa yan təkliflərə məhdudiyyət gətirməklə dəyərini artırmaq olar. Misal üçün ayrıca kuponlar verməklə: pulsuz çatdırmaya, 20% endirimə pulsuz kupon alan şəxs, qazandığı dəyərdən məhrum olmamaq üçün ondan istifadə etməyə çalışacaq. Və ya ilk 100 Samsung smartfonunu sifariş edənə çexol hədiyyə olunacaq.

8. FOMO qorxusunu tətikləməklə

FOMO qorxusu realdır və gənc nəsil də bunu bilir. #FOMO həştəqi sosial mediada da yayılıb, diqqət çəkməkdədir. Bu qorxudan istifadə edib satmaq fürsətini də əldən vermək olmaz.

FOMO app

9. Kontenti müəyyən vaxtdan sonra silməklə

Cem Yılmaz kimi məşhurların sosial mediada istifadə etdikləri üsuldur: bir müddət sonra paylaşımları silinir. Bu da izləyicilərini məcbur edir ki onun hesablarını daha aktiv izləsinlər, yeniliklərə abunə olsunlar.

10. Kontenti tam izləmək üçün əlavə təklif yaratmaqla

Xəbər saytlarında, video portallarda görmüsüz: xəbəri tam oxumaq, videoya sona qədər baxmaq üçün qeydiyyatdan keçməyi, aylıq ödəniş etməyi şərt qoyurlar. Bu bir növü daddırma üsulu da FOMO qorxusuna işləyir. Qeydiyyat elə də çətin deyil, keçib və xəbərin qalanına baxım, yoxsa hamısını görməyəcəm.

11. Təklifə eksklüzivlik qatmaqla

Ancaq Gold kart sahibləri üçün, ancaq dəvətnamə ilə, ancaq dostun tövsiyəsi ilə kimi mesajlar satılan mala eksklüzivlik imici yaradır. OnePlus smartfonları misal üçün ilk başda bu üsulla satılırdı və onların sahibləri dostlarına ancaq 3 dəvətnamə göndərə bilirdi. Təsadüfi deyil ki, bu dəvətnamə ala bilməyənlər özləri məhrum hesab edirdi.

FOMO OnePlus

12. Sosial sübut yaratmaqla

Sosial sübut: müştəri səsverməsi, müxtəlif reytinqlər və mükafatlar insanlarda satılan mala qarşı etibar yaradır. Bu telefon sınaqdan uğurla keçib sertifikat alıbsa, kompüteri alan 5721 nəfər ona 5 üzərindən 4,5 səs veribsə demək ki, mal deyilən qədər yaxşıdır.

FOMO sosial subut

13. İstifadəçilərin yaratdığı kontenti paylaşmaqla

İstifadəçilərin yaratdığı kontent də sosial sübuta aid oluna bilər. Xüsusən bazara yeni daxil olan mallar üçün bu cür kontentə ehtiyac var, çünki insanlar trendə olmayanlar yeniliklərdən çəkinirlər. Müştərilərin isə bu cür kontent paylaşmağı bu baryeri qırmağa kömək edir, çünki insanlar adətən bəyəndiyi, “cool” olanı sosial mediada paylaşırlar.

FOMO həm onlayn, həm də pərakəndə satışda, həmçinin bütün reklam kommunikasiyalarında istifadə edildikdə olduqca effektiv reklam alətidir. Bu alətdən istifadə edərkən utanmaq və çəkinmək lazım deyil – marketinqdə utananların satışı olmur.

Mənbə