Pusqu marketinqi (ambush marketing) əsasən qlobal brendlər tərəfindən istifadə olunan fərqli marketinq strategiyasıdır. Pusqu sözünün mənası gizli yerdən hücum etmək deməkdir. Pusqu marketinqi edən brendlər əsas rəqibinin marketinq və reklam fəaliyyətini qabaqlayacaq, örtəcək və daha çox özünə diqqət çəkəcək şəkildə marketinq fəaliyyəti həyata keçirirlər. Necə? Gəlin bir neçə məşhur nümunə üzərindən pusqu marketinqinin praktiki tədbiqi ilə tanış olaq.
Pusqu marketinqinə ilk nümunələr müxtəlif dünya miqyaslı idman yarışları və Olimpiyadalara təsadüf etdi. Bildiyiniz kimi, qlobal brendlər bu idman yarışlarına sponsor olmaq üçün bir-biri ilə yarışırlar. Bu bir növü yarışda udan tərəf tədbirin sponsoru ünvanını, o cümlədən bütün tədbirlərdə öz adının və loqosunun işlədilməsi hüququnu qazanır. Beynəlxalq idman yarışları bütün dünya üzrə böyük izləyici marağı cəlb edir. Bu səbəbdən də hər bir qlobal brend bu gözəl reklam fürsətindən istifadə etmək istəyir.
2014-cü il Futbol üzrə Dünya Kuboku
Bu Dünya Kuboku ərəfəsində Coca-Cola FİFA ilə müqavilə imzalayıb tədbirin rəsmi marketinq partnyoru oldu. Amma onun əzəli rəqəbi Pepsi bu gözəl reklam fürsətini əldən vermək istəmədi. Pusqu marketinqi olaraq dünyanın aparıcı futbolçularını öz geniş miqyaslı reklam kampaniyasına cəlb etdi. Bu kampaniya o qədər diqqətçəkən və uğurlu oldu ki, hamı Dünya Kuboku rəsmi sponsorunun Coca-cola deyil, Pepsi olduğunu zənn etdi. Beləliklə Pepsi əlverişli məqamdan istifadə edərək rəqibinin marketinq fəaliyyətini neytrallaşdıra bildi. Vəziyyət o qədər ciddiləşdi ki, FİFA Dünya Kuboku vaxtlarında futbolçulara sponsor olmayan brendlərin reklamında çəkilməyi belə qadağa etdi.
Mercedes-in BMW-ni 100 yaşı təbriki
BMW-nin 100 yaş yubiley reklam kampaniyası vaxtı əsas rəqiblərindən olan Mercedes Benz çox orijinal təbrik yayımladı. Bu qısa Instagram videosunda Mercedes “100 illik rəqabətə görə təşəkkür edirik. İlk 30 il həqiqətən də darıxdırıcı idi” ifadələrini işlədərək həm rəqibə ilişdi, həm də özünün 130 yaşını vurğuladı.
1996 Dünya Kriket Kuboku yarışı
Hindistanda ən populyar idman növü olan kriket üzrə Dünya Kuboku təbii ki qlobal brendlərin diqqətindən kənar qala bilməzdi. Rəsmi sponsor Coca-Cola olsa da Pepsi güclü reklam kampaniyasına start verdi. “Rəsmi olmaqla deyil” kreativ ideyası ilə Pepsi öz rəqibinə “kəllə atdı”. Aşağıdakı reklam çarxında görəcəyiniz kimi kriket oyunçuları rəsmi içkiyə ağız büzüb Pepsi içirlər.
DHL rəqiblərini pərt edir
Aşağıdakı videoda DHL kuryer şirkətinin rəqiblərinin başına açdığı oyunla tanış olun.
Fiat Volkswagen-a qarşı
Google Street View barədə eşitmisiz? Bu Google şirkətinin təqdim etdiyi Goole Xəritələrinə bağlı unikal bir xidmətdir – xəritədə seçdiyiniz küçənin 360 dərəcə şəkilləri ilə tanış ola bilirsiz. İsveçin bir şəhərində Google Street View maşınını görən Fiat əməkdaşları Volkswagen şirkətinə pusqu qurdular. Volkswagen ofisinin qarşısında Fiat maşını park edərək belə bir şəkil çəkilməsinə nail oldular. Bu şəkil 2010-cu ildən bu yana hələ də həmin ünvandadır.
Samsung Apple-a qarşı
2011-ci ilin oktyabr ayında Apple iPhone 4S modelini təqdim edəndə Samsung Galaxy S2 modelini satışa çıxarırdı. iPhone 4S modelinin rəsmi satışları başlayan ərəfədə Avstraliyadakı Apple mağazası ilə üzbəüz Samsung 3 günlük bir yer kiraladı və həmin yerdə Galaxy S2 modelini cəmi 2 avstraliya dollarına satışa çıxardı (halbuki rəsmi qiyməti AUS$850 idi). Bununla da Samsung öz istədiyinə nail oldu, onun mağazası qarşısındakı növbə Apple mağazasının növbəsindən çox idi.
Nümunələrdən gördüyünüz kimi düzgün mesajla və vaxtında edilən pusqu marketinqi kifayət qədər effektiv ola bilər. Xüsusən sosial media dövründə hər kəs bu cür viral xarakterli xəbərləri və hadisələri paylaşmağa can atır. “Dağılışın, Namiqlə Makedon dalaşır” təfəkkürü hesabına brendlər pusqu marketinqdən istifadə edərək orqanik reklama nail ola bilərlər.