VPN (Virtual Private Network) internetdə anonim sörf etmək üçün istifadə olunan proqram təminatıdır. VPN barədə heç bir anlayışınız yoxdursa Wikipediadakı öz dilimizdə bu məqalə ilə tanış olun, mövzu sizə maraqlı gəlsə bu bloq yazısına qayıda bilərsiz. VPN barədə anlayışınız varsa, bu yazıda marketerin VPN istifadə etməkdəki məqsədləri ilə tanış olacaqsız.

VPN sxema

Virtual Private Network istifadə etməklə siz saytlara Azərbaycandan deyil, başqa bir ölkədən daxil olmuş kimi görsənirsiz. Marketer bu funksiyadan yararlanıb nə qazana bilər?

1. Bəzi ölkələrdə bağlı olan saytlara daxil olmaq üçün

Netflix, Hulu, ESPN kimi bir sıra populyar saytlar ABŞ-dan, Avropadan başqa ölkələrdən daxil olduqda tam funksionalı ilə işləmir, istifadəçinin görə biləcəyi kontenti məhdudlaşdırır və ya fərqləndirir. Bu saytları açıb, “mədəniyyət” ilə tanış olmaq üçün VPNə mütləq ehtiyac var.

2. Mobil tətbiqlər yükləmək üçün

Bir sıra lazımi mobil tətbiq, məsələn Google Primer tətbiqini bizim ölkədən yükləmək olmur. Ən populyar mobil tətbiqlər, oyunlar ilk öncə ABŞ bazarı üçün istifadəyə verilir. Ən son trendən geri qalmamaq üçün VPNdən istifadə etməklə Google hesabınızı ABŞ-dan açmış kimi edə bilərsiz.

3. İnternet sürətini artırmaq üçün

Bəzi interrnet provayderlər sizin çox trafik istifadə etdiyinizi görüb sürətinizi azalda bilir. VPN istifadə etdikdə, onlar sizi görməyib sörf sürətinizə limit qoya bilməyəcək.

4. İctimai wifi şəbəkələrində özünü qorumaq üçün

Parklarda, restoranlarda, ictimai yerlərdə ictimai wifi şəbəkələrinə qoşulmağın nə qədər riskli olduğundan xəbəriniz olmamış deyil. İctimai şəbəkə vasitəsi ilə onlayn ödəmə etsəniz, harasa daxil olsanız xakerlər kart və login məlumatlarını asanlıqla əldə edə bilər. VPN proqramları kompüterdən və ya telefonuzdan çıxan trafiki şifrələdiyinə görə heç bir xaker ona müdaxilə edə bilməz.

5. Qənaət etmək

Bilirdiniz ki, mehmanxana, avia bilet kimi bəzi xidmətlərin və ya malların qiyməti daxil olduğunuz ölkəyə görə fərqlənə bilər? Bunun əsas səbəbi şirkətlərin qiymət siyasəti və ölkələrə görə ödədiyi vergi fərqlərinə görədir. VPN qoşub, geo-spoofing adlanan bu üsuldan istifadə etməklə alacağınızı daha ucuza əldə edə bilərsiz.

VPNnin bu faydaları sizi də maraqlandırdısa vaxt itirmədən ən populyar 8 Virtual Private Network proqram arasından birini seçə biləsiz.