Özünüzü bir anlıq şirniyyat mağazasında təsəvvür edin. Rəfə yaxınlaşırsız, orda isə heç bir şirniyyat yoxdur, ancaq onların adları yazılan kağızlar qoyulub. Nə hiss edərsiniz? Hansı tortu alacağınıza nəyin əsasında qərar verərsiniz? Razılaşın ki, özünü, ən azından şəklini görmədən hansı tortu seçəcəyinizə qərar vermək çox çətindir. Məhsulun görünüsü, şəkli və ya videosu (ümumi olaraq vizualı) alış qərarına təsir edən çox vacib amildir, və buna görə vizual marketinq ayrıca sahə olaraq marketerlərin araşdırma mövzusu olmuşdur.
İnsan ətraf mühitdəki informasiyanın təxminən 80% gözləri ilə, yəni vizual olaraq qəbul edir. İnternetdə foto və ya video olan yazılar, facebookdakı post paylaşımları 94% daha çox diqqət cəlb edir, nəinki ancaq yazı olanlar. Bir şəkil ilə oxuyucuya daha çox informasiya vermək, informasiyanı daha aydın və effekiv şəkildə çatdırmaq mümkündür. Özü də qısa zaman içərisində. Məsələn, bu şəkildəkiləri təsvir etmək üçün bir neçə səhifə yazı belə azlıq edə bilər..
Vizual marketinqin bu qədər əhəmiyyətli olması şirkətlər qarşısında hazırlanan foto və video materialların keyfiyyətinə dair xüsusi tələblər qoyur. Özünə hörmət edən brend hətta vizual marketinq strategiyası belə hazırlayıb, ondan bütün kommunikasiya mesajlarında istifadə edir. Vizuallara dair tələb brendlərin brendbuklarında, brenddən istifadə təlimatlarında xüsusi yer tutur. Məsələn, turizm şirkətinin Facebook səhifəsində mütəmadi olaraq dünyanın ən gözəl, görməli və gəzməli yerlərinin şəkillərini paylaşması kimi.
Güclü vizual marketinq 4 vacib element üzərində qurulur:
1. Həqiqilik
İstifadə etdiyiniz şəkil və videolar nə dərəcədə realdır?
Vizualların həqiqiliyi o deməkdir ki, onlar ilk baxışdan insanda etibar, doğruluq yaradır. Yəni, süni görsənmir. Şəkli görən insan rahatlıqla onu brend ilə assosiyasiya edə bilir.
Ən yaxşı, ən həqiqi və ən etibarlı şəkillər brend istifadəçilərinin paylaşdığı şəkillər hesab olunur. Bu cür istifadəçilər tərəfindən hazırlanan kontent digər insanlara daha doğma gəlir, onlar bu cür kontentə daha rahat və daha səmimi reaksiya göstərirlər.
2. Emosional təsir
Paylaşdığınız şəkillər izləyicilərin duyğu və hisslərinə toxuna bilirmi?
Vizuallarda emosional təsir də az vacib deyil. Yadınızdadır sa, bu yazıda qeyd etmişdik ki, informasiyanın daha yaxşı yadda qalması üçün o, müəyyən emosiyalar oyatmalıdır. Vizualın əsas məqsədi bu emosiyalara xitab edib:
a) digər kontent arasında bizim vizuala diqqət çəkmək,
b) vizualı izlətdirmək,
c) vizualın məqsədini çatdırmaq,
d) vizualı digərləri ilə paylaşdırmaqdır.
Vizual o qədər yaxşı olmalıdır ki, onu görən insan şəklə toxunmaq, onu hiss etmək, həmin səhnəni yaşamaq istəməlidir. Bununla o, brendin hekayəsini sanki yaşamış olur. Brendin hekayəsini yaşamaq, brendi sanki sınaqdan keçirmək, brendin “dadına baxmaq” deməkdir. Supermarketlərini pulsuz daddırmasındakı kimi, əksər müştərilər daddıqları məhsulu almaq qərarına gəlir.
3. Arxitip
Vizuallardakı istifadə etdiyiniz insanlar və obrazlar nə işə yarayır?
Vizuallarda arxitiplərdən istifadə olunması onların daha rahat, daha asan qavranılmasına səbəb olur. İnsanlar, şüuraltı səviyyədə bu arxitipləri asanlıqla ayırd edə bildiyi üçün, sizin mesajı da rahatlıqla mənimsəycəkdir.
Əsas arxitiplər bunlardır: Qayğıkeş, Təlxək, Aşiq, Cinayətkar, Tədqiqatçı, Yaradıcı, Qəhrəman, Sehrbaz, Müdrik, Hakim, Qünahsız, Siravi insan. Çatdırmaq istədiyiniz mesajdan asılı olaraq siz bu arxitiplərdən birini seçə bilərsiz. Məsələn, tibbi xidmətlər üçün Qayğıkeş obrazı, romantik mesaj üçün Aşiq, etibar yaratmaq üçün Müdrik, məhsulun sevilən olmasını göstərmək üçün isə Siravi insanlardan istifadə etmək olar.
Arxitip seçərkən 3 cəhətinə fikir verin:
a) Hədəf auditoriya hansı arxitipləri özü və brendiniz ilə eyniləşdirir? Yanlış arxitip seçimi mesajın çatdırımasını uğursuz edəcəkdir.
b) Arxitipin oxşar qavranılması – brendin çatdırmaq istədiyi arxitip, insanların beynindəki arxitip ilə oxşar keyfiyyətlərə sahibdirmi? Məsələn, Qəhrəman obrazı həm də dürüstlüyü bildirirmi?
c) Steriotiplər ilə arxitipləri eyniləşdirmək risklidir – köhnəlmiş və neqativ steriotiplər brendin verəcəyi mesaja ziyan yetirə bilər.
Hədəf auditoriyaya uyğun vizualdan istifadə etmək yanlış və mənfi anlaşılmanın qarşısını alacaqdır. Uyğun məkanlardan, geyim və aksessuarlardan istifadə olunması vizualı daha asan qəbul etdirəcəkdir. Həm də brendiniz ilə müştərisi arasında bir bağ yaradacaqdır. Potensial müştərinizin gündəlik həyatını, onun inanclarını, qayğı göstərdiyi məqamları vizuallarda əks etdirmək brendə qarşı sevgini də artıracaqdır. Ətraf mühitin qayğısına qalan təşkilatlar bu priyomdan tez-tez istifadə edirlər.
4. Uyğunluq
Şəkillər hədəf auditoriyanın mədəniyyətinə, mentalitetinə, zövqünə, maraqlarına uyğun gəlirmi?
İnsanların məsələlərə yanaşması, inanc və düşüncələri vaxt aşırı dəyişir. Brend, trendə uyğun qalmaq üçün müştəriləri gündəlik izləməli, onlara qulaq asmağı bacarmalıdır. Müştəri trendindən geri qalmaq brendi müştəri gözündə gülünc hala salacaqdır. Həmçinin, bəzi neqativ hadisələr brendinizə uyğun ola bilər, amma bu o demək deyil ki, həmin vaxtlar reklam etmək düzgündür. Məsələn, sığorta şirkətlərinin faciəvi bina yanğını zamanı yanğın sığortalarını reklam etməsi kimi. Bu cür mesaj ancaq ikrah və nifrət hissi yarada bilər.
Vizual marketinq istifadə qaydaları hansılardır?
Vizual marketinqdən doğru istifadə etmək üçün aşağıdakılara göstərilən qaydada əməl edin:
1. Hədəf auditoriyanızı müəyyən edin.
2. Brendin çatdıracağı mesajı təyin edin.
3. Brendin mesajı çatdırma tərzini seçin.
4. Brendin unikal satış təklifini, rəqiblərdən üstün və zəif olduğu tərəfləri bir-bir qeyd edin.
5. Brendin həqiqiliyi üçün meyarları müəyyən edin.
6. Paylaşılan vizualları hansı reaksiya oyatmasına görə analiz edin.
7. Paylaşılan vizualları emosiya doğurması dərəcəsinə görə dəyərləndirin.
8. Müştərilərin özünü hansı arxitip ilə uyğunlaşdırdığını araşdırın
9. Hansı arxitipin brendinizə daha çox uyğun olduğunu təyin edin
10. Müştərilərin sahib olduğu dəyərləri, inanc və nə düşündüyünü öyrənin.
Ancaq bu 10 addımı atdıqdan sonra kontenti hazırlamaq işinə başlamaq olar. Vizual seçərkən, şəkil və ya video çəkdirərkən mütləq və mütləq bu 10 addımı nəzərinizdə saxlayın.Vaxtaşırı da brendinizi bu süzgəcdən bir daha keçirib güncəlləşdirin. Belə etsəniz, reklam mesajınızın və paylaşdığınız kontentin həm uğurlu, həm də effektiv olacağına əmin ola bilərsiniz.