Uğurlu strategiya dedikdə nə ağlınıza gəlir? Əksər insanlar strategiyanın uğurlu olmasını məqsədə çatmaq kimi tərif edəcək. Həqiqətən də, strategiya qarşıya qoyulan məqsədə nail olmaq üçün tutduğumuz yoldursa, məqsədimizə çatsaq strategiyanın uğurlu olduğunun göstəricisidir.
Strategiya hamıdan yaxşı olmaq deyil. Strategiya yol böyü verdiyimiz qərarlardır ki, bizi məqsədə nail olmağa aparır. Amma hər hansı bir strategiyanı uğurlu edən nədir? Qəbul etdiyimiz bir strategiya hansı şərtlərə cavab versə uğurlu olma ehtimalı artır? Bu yazımda sizi uğurlu strategiyanın 7 əsas şərti ilə tanış edəcəm.
1. Uğurlu strategiya “Aşkardır”
Komanda yoldaşlarınız, əməkdaşlarınız strategiyanızı xatırlamırsa yanlış yoldasız. KISS prinsipini tətbiq edərək məqsədinizi:
a) sadələşdirin
b) ruhlandıcı və
c) yaddaqalan edin.
Qarşınıza qoyduğunuz məqsəd komandanızı birləşdirməli və hədəfə doğru hərəkətə gətirməlidir.
2. Uğurlu strategiya üst məqsədlərə xidmət edir
Dəvədən böyük fil var, hər bir strategiyanın məqsədindən daha ali, daha üstün məqsədlər var. Strategiyanın uğurlu olması üçün cari məqsədlər daha üst, daha ali məqsədlərə xidmət etməli, onlara nail olmağa kömək etməlidir.
Misal üçün startap qurub baha qiymətə satmaq istəyirsiz? İcra etdiyiniz strategiya da potensial investoru cəld edəcək göstəricilərə nail olmağa yönəlməlidir.
3. Uğurlu strategiya “Balanslaşdırılmışdır”
Biznesdə bütün istiqamətlər üzrə balans əldə etmək rəhbər qarşısında duran ən çətin vəzifədir. Çünki rəhbər universal deyil, hansısa xüsusiyyətləri zəif, hansısa bacarıqları daha güclüdür. Strategiyanı düzgün icra etmək üçün hər bir rəhbər öz əksiklərini tamamlayacaq əməkdaşları komandasına qatmalıdır. Ancaq düzgün bacarıqlara sahib komanda:
a) möhtəşəm məhsul yarada və rəqabətqabiliyyətli edə;
b) müştəri cəlb edib saxlaya;
c) biznesi böyüdüb gəlir qazandıran model qura bilər.
4. Uğurlu strategiya “Adaptativdir”
Nə qədər güclü plan qursaq da yolüstü strategiyanın yeni şərtlərə və yeni çağırışlara adaptasiya etməsi tələb olunacaq. Diqqət edin, dəyişməsi demirəm, dəyişikliklərə adaptasiya olması deyirəm. Ayda-rübdə bir dəfə strategiya dəyişməklə uğur qazanmaq mümkün deyil. Uğur qazanmaq üçün vaxt tələb olunur. Müvafiq adaptasiyaları etdikdən sonra uğur qazana bilmirsinizsə, hə, bu halda strategiyanın köklü dəyişilməsini barədə danışmaq olar. Düzgün adaptasiya strategiyanın effektivliyini artıra və uğurunu təmin edəcək.
5. Uğurlu strategiya kiçik zəfərlərdən ibarətdir
Yol üstü əldə etdiyiniz kiçik uğurlarınızı komanda yoldaşlarınız ilə birgə qeyd etməyi ehmal etməyin. Bu cür zəfərlər sizi məqsədə doğru daha fokuslu edir, komanda ruhunu və əzmini artırır. Uğurlu strategiya uğurlu taktiki gedişlər üzərində qurulub. Məqsəddən uzaqlaşmadan ideyalarınızı sınaqdan keçirin, test edin, yoxlayın. Unutmayın ki, uzun yol kiçik addımdan ibarətdir.
6. Uğurlu strategiya güclü tərəflərinizin üzərində qurulmalıdır
Güclü xüsusiyyətlərini bilirsən. Komandanın hər bir üzvünün güclü tərəflərini bilməlisən. Strategiyanın icrasını bu güclü yanlarınız üzərində qur. Unutma ki, istənilən yarışda qalib ən sürətli olan deyil, rəqibindən azca sürətli, azca güclü, azca ağıllı olandır. Əksiklərini düzəltməyə fokuslanma, güclü tərəflərini daha güclü etməyə çalış.
7. Uğurlu strategiya “Realistikdir”
Uğur qazanmaq üçün istənilən strategiya real olmalıdır, yəni sahib olduğun resursları nəzərə almalıdır. Strateji hədəfini yorğanına görə uzat təyin et. Büdcən nəyə imkan verirsə, Komandanın bilik və bacarıqları nəyə çatırsa, Vaxtın nə qədərdisə mütləq nəzərə al. Buludlarda uçma, stəkanı yarı dolu görsən də, yarı boş olduğunu da unutma.
Bu 7 şərti təmin etmək üçün nələri nəzərə almaq lazımdır?
a) Dataya əsaslan, emosiyalarına, intuisiyana yox;
b) Məqsədini strategiya ilə qarışdırma, strategiya bu məqsədə nail olmaq üçün tutduğun yoldur, aldığın qərarlardır;
c) Strategiya barədə imkan düşən kimi danış, komanda yoldaşların ilə müzakirə et;
d) Bütün işlərini, qərarlarını, icranı sadələşdir, çətinləşdirmə;
e) Müştərini dinlə, nə istədiyi, nə arzuladığı öyrən, bu insaytların əsasında strategiyanı formalaşdır.
Əgər mütəxəssis səviyyəsindən menecer səviyyəsinə qalxmaq istəyirsənsə strategiya sözü səni qorxutmasın. Strateji planlaşdırma ilə başla, bu sahədə biliklərini artır və təkminləşdir. Unutma ki, uğur uğrunda çalışanlarındır.