Vizyon ifadəsi marketinqə yeni başlayanları ən çox həyacanda saxlayan sözdür desəm yəgin ki yanılmaram. Məhsulun və ya şirkətin vizyonu nədir, nə üçün lazımdır və vizyonu necə hazırlamaq olar suallarına cavab axtarırsansa bu yazı əsl sənin üçündür.
Vizyon nədir və nə üçün lazımdır?
Vizyon sözünü nə ilə əvəz edə bilərik soruşsan ən düzgün cavab “məqsəd” olar. Şirkətin vizyonu onun varolma qayəsi, məqsədidir. Vizyona məqsəd deməməkdə məqsəd 😂 onun daha böyük, daha vacib olduğunu göstərməkdir. Bəs şirkətə (və ya məhsula) vizyon təyin etməklə nələrə nail olmaq olar?
- Komandanın vizyon ətrafında birləşdirmək: vizyon varsa və əməkdaşlara ötürülübsə komanda yoldaşların ilə sanki bir qayıqda məqsədə doğru hərəkət edirsən. Vizyon komandanı vahid tutur, komanda ruhu yaradır, çətinliklərə və əziyyətlərə qarşı daha dözümlü, daha möhkəm edir.
- Qərarverməni şərtləndirir: şirkətin taleyini həll edən (və həll etməyən) qərarları verərkən mütləq şəkildə vizyonu xatırlamaq, nəzərə almaq lazımdır. Verdiyim bu qərar vizyona uyğundurmu, ona nail olmağa kömək edəcəkmi, onunla uyuşurmu? Verdiyiniz qərar vizyona uyğun deyilsə yoldan sapmış olursan, belə hallarda şirkətin qarşısına qoyduğu məqsədlərə nail olmaq daha da çətinləşir.
- Prioritetləri müəyyən edir: İnkişaf yolunda nələrə üstünlük verək, hansı məqamları nəzərə alaq, şirkət üçün daha vacib olan nədir sualları ilə qarşılaşanda vizyon sənə prioritetləri müəyyən etməyə kömək edəcək.
- Maraq sahibləri ilə münasibətləri tənzimləyir: Şirkətin maraq sahibləri (stakeholder) ilə ünsiyyətdə vizyon əhəmiyyətli rol oynayır: sərmaye qoyanlar vizyona görə yatırım vermək qərarı verir, tərəfdaşlar sənin vizyonun sayəsində səninlə əməkdaşlıq edir, müştərilər vizyonuna əsasən səni seçir, səhvlərin olanda səni bağışlayır.
Vizyonu necə hazırlaya bilərəm?
Vizyon olaraq özün də oturub ağlına gələni yaza bilərsən. Amma o nə qədər yaxşı vizyon olacaq, vizyondan gözlənilənlərə cavab verəcək sual altındadır. Şirkət üçün vizyon heç vaxt çox pul qazanmaq deyil. Pul məqsəd deyil, vizyona doğru hərəkət edən şirkətin yol üstü qazandığı nəticədir. Şirkətin təsisçiləri, məhsulu, brendi yaradan marketerlər bazar araşdırması nəticəsində topladıqları insaytlar əsasında vizyonu asanlıqla görə bilər. Amma onu ifadə etmək üçün nə etmək lazımdır? Bu istiqamətdə ən çox istifadə olunan 2 yanaşmanı diqqətinə təqdim edirəm:
Geoffrey Moore yanaşması:
Geoffrey Moore məşhur “Crossing the Chasm” əsərində bu yanaşmanı ortaya qoymuşdur. Bu yanaşmaya əsasən bir şirkət və ya məhsul üçün vizyon yazmaq üçün aşağıdakı şablon köməyə gəlir:
- Bizim şirkət (məhsul)
- Hansı ki (məhsulun özəlliyi)
- Rəqibdən fərqli olaraq
- Kim üçün nəzərdə tutulub (müştəri)
- Kim ki (müştərinin problemi, ehtiyacı, istək və ya arzusu)
- Onlara qazandırdığı fayda
Bir misal ilə bu yanaşmanın tətbiqini görək:
Şəkildə gördüyünüz Microsoftun Surface Pro məhsuludur. Bu məhsulun vizyonunu aşağıdakı kimi ifadə edə bilərik:
Surface Pro planşeti, notbukdan fərqli olaraq daşınmaqda asandır və buna baxmayaraq bütün imkanlarına sahibdir, biznesmenlərə, kim ki həm ofisdə, həm də səyahətdə daima məhsuldar iş görmək istəyir, dinamik iş mühitində biznesini effektiv idarə etməyə imkan yaradır.
Simon Sinekin “Qızıl Çərçivə” yanaşması:
Simon Sinek populyar “Start with WHY” kitabında biznesmenlərə vizyon yazarkən “Niyə” sualından başlamağı tövsiyə edir. Bu yanaşmaya əsasən vizyon yazmaq üçün cəmi 2 məqamı aydınlaşdırmaq yetərlidir:
- Niyə bu işi görürsən
- Əldə etmək istədiyin nəticə nədir
Misal üçün Simon Sinekin qurduğu “The Optimism Company” şirkətinin vizyonu budur:
“İnsanları ilhamlandıran işləri görməyə ruhlandırmaq ki, birgə addımlayaraq hər birimiz dünyamızı daha yaxşı edək”
Hər iki yanaşma ilə tanış olduqdan sonra bir neçə məşhur şirkətin, brendin vizyonları ilə tanış olaq.
Apple:
Dünyanın ən yaxşı məhsullarını yaratmaqla dünyanı gördüyümüzdən daha yaxşı hala gətirmək.
To make the best products on earth and to leave the world better than we found it.
Google:
Dünyanın istənilən məlumatını bir klik ilə daha əlçatan etmək.
To provide access to the world’s information in one click.
Meta (Facebook):
İnsanlara icmalar yaratmaq gücü verməklə dünya insanlarını daha yaxın etmək.
Giving people the power to build community and bring the world closer together.
Netflix:
Dünyanın ən yaxşı əyləncə dağıtım şəbəkəsi olmaq.
Becoming the best global entertainment distribution service.
Uber:
Şəhərdə insanların, yeməklər və digər şeylərin hərəkət üsulunu dəyişən platforma olaraq Uber dünyaya yeni imkan qapıları açır.
By changing how people, food, and things move through cities, Uber is a platform that opens up the world to new possibilities.
Amazon:
Dünyanın ən müştəri-yönümlü şirkəti olmaqla insanların onlayn almaq istədiyi hər şeyin satıldığı məkan olmaq.
To be Earth’s most customer-centric company; to build a place where people can come to find and discover anything they might want to buy online.
Shopify:
Ticarəti hər kəs üçün əlverişli eməklə bizneslərə ən yaxşı bacardıqları olan məhsul yaradıb satmağa şərait yaratmaq.
Make commerce better for everyone, so businesses can focus on what they do best: building and selling their products.
Nike:
İnsan potensialının sərhədlərini genişləndirmək üçün nə bacarırıqsa etmək.
Do everything possible to expand human potential.
Lego:
Oynayaraq öyrənmək üçün qlobal güc.
A global force of learning through play.
Bütün bu gördüyünüz nümunələr çox qısa, öz və konkretdir. Bu məhsulların müştərisi olanda belə brendin vizyonundan bir parça sənin də düşüncə tərzinin parçasına çevrilir. Odur ki, əgər çalışdığın, qurduğun şirkətin bir vizyonu yoxdursa papağını qabağına qoyub yaz.