Sosial mediada uğur qazanmaq üçün hədəf auditoriya olan insanları tanımaq, onları idarə edən psixoloji qanunu, psixoloji davranış və məsələlərə yanaşma prinsiplərini bilmək lazımdır. İnsanlar psixoloji varlıqlar kimi kifayət qədər mürəkkəbdir, amma psixoloqların araşdırmaları və müşahidələri insanları tanımaqda bizə çox kömək edir. Psixologiya sayəsində marketinq müştərinin beyninə, ürəyinə, daha sonra da cibinə yol tapır. Niyə ciblərinə? Deməyin ki, marketinqin əsas məqsədini unutmusuz?

Sosial media real həyatın virtual bir hissəsidir. Düzdür, virtualda insanlar real həyatdankından daha fərqli davrana bilər. Amma insanın psixoloji davranış prinsipləri demək olar ki, dəyişmir. Bu davranış prinsiplərini, başqa sözlə qanunları bilib, onlardan düzgün istifadə etsək sosial mediada uğur qazana bilərik.

Sosial medianın 7 psixoloji qanunu hansılardır?

1. İnsanlar digər insanların həyatlarını yaxşılaşdırmağı sevir.

Bir az utopik, çox da idealistik səslənsə də əslində belədir, xüsusən virtual məkan olan sosial mediada. Bu səbəbdən də, sosial media kontenti (SMK) ilk növbədə insanlara faydalı olmalıdır – onlara yeni, bilmədikləri maraqlı bir məlumatı çatdırmalıdır. Ancaq bu halda izləyicilər asanlıqla ünsiyyətə girəcək, kontenti bəyənib paylaşacaqlar.

2. İnsanlar özlərini sübut etdirməyə çalışır

Maslou piramidasından da bildiyimiz kimi, əsas tələbatlardan sonra insanın cəmiyyətdə özünü ifadə etməsi, tanıtdırması, müəyyən statusa sahib olması ehtiyacları yaranır. Sosial mediada insanlar özlərinə bir rol biçir və o rolun haqqını verməyə çalışır. Kimsə özünü barlardan çıxmayan “gecə həyatı maçosu”, kimsə isə öz peşə sahəsində ekspert kimi tanıtmağa çalışır. Hədəf auditoriyasının bu ehtiyacı da nəzərə alınmalı, insanların bu ehtiyaclarını qarşılacayaq, vurğulayacaq kontent hazırlanmalıdır.

kontent menecment söhbət

3. İnsanlar cəmiyyətin bir parçası olmaq istəyir

Sosial şəbəkələr bizi cəmiyyətdən uzaqlaşdırıb özümüzə qapatmış kimi görsənsə də əslində insanlar hazırda daha çox sosial qruplara aid olmaq ehtiyacı hiss edirlər. Fikir vermisinizsə, insan bir müddət sosial mediada heç nə paylaşmayanda, dostlarının postlarına reaksiya göstərməyəndə sanki unudulur. Çünki sosial media qanununa görə gündəmdə qalmaq üçün sən də aktiv şəkildə gündəm yaratmalısan, dostlarında ünsiyyətdə olmalısan. Sən kimlə daha çox ünsiyyətdə olursa, onun postları sənə daha çox göstərilir, onlar da sənin postlarını daha çox görür. SMK kontenini da paylaşanda məhz bu paylaşmaq ehtiyacdan istifadə etmək üçün postunuza mütləq şəkildə Çağırış əlavə edin: “Dostlarınla paylaş” kimi. İnanın, çağırışlar işləyir.

4. İnsanlar onlar üçün hazırda vacib olanla bölüşmək istəyir

İnsan kimi biz, hər zaman nəyinsə dərdini çəkir, hansısa məsələ, problem ilə maraqlanır, onu həll etməyə çalışırıq. Bizi, heyvanlarda ayıran da elə məhz bu məqsədli hərəkətlərdir. Fikir vermisinizsə, gündəmdə olan aktual məsələlərə: siyası, psixoloji, ictimai və ya iqtisadi olsun fərq etməz, hər kəs öz münasibətini paylaşmaq istəyir. SMK hazırlayarkən də, brendin dəyərini ifadə edən bu mövzuları müəyyən etməliyik. Həmçinin, unutmayın ki, aktual mövzulara dair brendin mövqeyini paylaşmaq böyük izləyici marağına səbəb olacaqdır.

5. İnsanlar rəngə görə qərar verir

İnsanlar ilk təəssüratlarını yaradarkən rənglərə çox fikir verirlər, çünki rəng, insan üçün vacib informasiya daşıyıcısıdır. Hamı bilir ki, yaşıl rəng təbiilik, mavi rəng etibar, qırmızı rəng zövqlə assosiasiya olunur. Yuxarıdaki şəkildə loqoların bu prinsipə əsasən mövqeləndirildiyinə şahid ola bilərsiz. Eyni qayda SMK üçün də keçərlidir. Sosial mediada paylaşılan vizual imicin rəng tonları həm əsas reklam mesajı, həm də brendin öz dəyərləri ilə uyğunluq təşkil etməlidir. İzləyici informasiyanı bütov və dəyişməz halda qəbul etdiyi halda onunla ünsiyyət daha effektiv olacaq.

6. İnsanlar üçün etibar çox vacibdir

İnanmadığın insandan çətin nəsə alarsan. İnsanlar aldanmağı sevmirlər, aldanmaq qorxusu onları daha baha mal almağa məcbur da edə bilər. Mal satmaqdan öncə satıcı gərək müştərinin etibarını qazansın.Etibarı qazanmağın ən etibarlı yolu müştəriyə digər müştərilərin bu maldan xeyir götürdüyünü göstərmək və onu inandırmaqdır. İnsanlar digər insanlara daha çox etibar edir, sosial qrupların rəyinə qulaq asır. Müştəri rəyləri onun üçün yetərli qədər etibarlı və inandırıcı mənbədir. Əlbəttə ki, reklam ilə müqayisədə.

7. Emosiyalar insanın əməllərinə təsir edir

İnsan emosiyası çox güclü silahdır. Kim nə deyirsə desin, pozitiv emosiyalar neqativ emosiyalardan daha güclüdür. “Monstrlar Korporasiyası” çizgi filmini xatırlayırsız? Monstrlar sonda kəşf edirlər ki, gülüş qorxudan daha çox effektivdir. Sosial mediada da müsbət, pozitiv emosiyalar olan postlar daha çox paylaşılır, daha çox reaksiya toplayır. İnsanlar şüuraltı neqativdən qaçırlar, neqativdən “çirklənməkdən” qorxurlar. Smayliklər işə yarıyır, bundan əmin olmaq üçün eyni postu smaylik olmadan və smaylik ilə yazın – fərqi görəcəksiniz.

Bu prinsiplər insanların kontentlə münasibətlərindən çox, insanların digər insanlarla münasibətinə təsir edir. SMK hazırlayarkən bunu unutmayın, öz kontentinizə müştəri gözü ilə baxıb uyğunluğuna qərar verin. Sosial media bir gölməçədirsə, ora necə gəmi buraxmaq qərarı sizin əlinizdədir.