Sosial media marketinq işini yaxşılaşdıracaq 5 sual

Kontent hazırda dünyada, o cümlədən də Azərbaycanın marketinq aləməində ən çox işlənən sözdür desək yəgin ki, yanılmarıq. Hara baxırsan hamı kontent menecer axtarır, hamı kontent və sosial media üzrə kurslara yazılır. Xırda şirkətlər, mağazalar belə sosial mediada səhifə açıb onu idarə etməyi kiməsə tapşırır. Əsas problem ondadır ki, kontent və sosial media marketinq ancaq şəkil-video paylaşmaq kimi anlaşılır. Halbuki, sosial media marketinq şirkətin digital marketinq prosesinin tərkib hissəsi kimi bir çox funksiya və imkanlara sahibdir. Sosial media marketinq işinin effektivliyini artırmaq, düzgün kontent strategiyası seçmək üçün nələr etmək lazımdır suallarına cavab axtarırsınızsa bloq yazısını sona qədər oxuyun.

Sosial media marketinq işini yaxşılaşdırmaq istəyən hər bir menecer özünə aşağıdakı 5 sualı soruşmalıdır:

1. Sosial mediada var olmağımızın başlıca səbəbi nədir?

Hamının FB səhifəsi, Instagram hesabı var deyə bizim də olsun? Tam funksional internet səhifəsi açmağa imkanımız yoxdur deyə, heç olmasa Facebookda mallarımızı reklam edək? Filankəs Instagramda yaxşı satış edir, bizim səhifəmiz olsa partladarıq? Bir çox yerli biznes bu məqsədlərlə həvəsə gəlir. Amma əslində sosial media marketinqə ehtiyac hardan yaranır? Sosial mediada aktiv olan insanlara yaxın olmaq, onları daha yaxşı tanımaq, həmin insanlarla səmimi və etibara əsaslanmış ünsiyyət qurub, daha sonra malları tanıdıb satmaq. Biz Facebookda onun üçün varıq ki, müştərimiz ordadır. Niyə Twitter-də yoxuq? Çünki bizim potensial alıcımız olan soğan əkən müəllimin Twitter-dən xəbəri belə yoxdur.

sosial media marketinq facebook

2. Sosial mediada öz müştərimizi necə tapaq?

Azərbaycanda sosial mediadan 3 mln yaxın insan istifadə edir. 3 mln insan arasında öz müştərinizi necə tapacaqsız? 3 mln insana xitab edib öz müştərinizi ələməyə reklam büdcəsi çatdırmaq çox çətin olar. İlk öncə müştərinizi xarakterizə edən əsas keyfiyyətləri müəyyən edib Alıcı Personaları yaradın. Daha sonra sosial şəbəkənin təqdim etdiyi alətlərdən istifadə edib həmin alıcı personalarını özünüz üçün hədəf auditoriyası seçin. Yeni açılmış səhifə izləyici yığmaq üçün mütləq reklam etməlidir. Bu alıcı personalarına xitab etsəniz izləyici qazanmaq şansınız daha çox olacaq. Amma düzgün hədəf auditoriyasına xitab etmək hələ azdır. Bunun üçün sizin aidiyyatı kontentiniz də olmalıdır. Müştərinin diqqətini çəkəcək, münasibət bildirməyə və dostları ilə paylaşmağa vadar edəcək kontent. Bu kontenti müəyyən etmək üçün yenə də müştərinizi yaxşı tanımalı, problemləri, ehtiyacları və istəklərini gözəl bilməlisiniz.

3. Potensial müştərimiz alış prosesinin hansı mərhələsindədir?

Potensial müştərimizi alış prosesindəki mövqeyinə görə fərqləndirmək vacibdir:

1. Bizim barədə məlumatlı deyil;

2. Barəmizdə xəbəri var;

3. Bizə qarşı marağı var;

4. Bizdən alış edib (edir);

5. Bizim loyal müştərimizdir.

Potensial alıcının hansı mərhələdə olduğunu bilmək niyə vacibdir? Çünki mövqeyindən asılı olaraq ona təqdim edəcəyimiz kontent və quracağımız ünsiyyət fərqlənməlidir. Məlumatlı olmayan insana biz, ilk öncə özümüzü tanıtmalıyıq. Xəbəri olanları maraqlandırıb, maraq göstərənləri isə alışa sövq etməliyik. Alış edənləri özümüzə bağlamağa, loyal müştərinin isə nazı ilə oynayıb, qorumağa çalışmalıyıq. Potensial müştərinizi tanımaqla ona qarşı münasibətinizi də müəyyən edə, hansı kontenti və necə paylaşmaq lazım olduğuna qərar verə bilərsiz.

sosial media marketinq insanlar

4. Ağlıma bir ideya gəlib, sınasam necə olar?

Sosial media marketinq bir döyüş meydanıdır – brendlərin potensial müştərinin diqqətini çəkmək və izləyicisinə çevirmək üçün döyüşdüyü meydan. Bu döyüşdə qadağan olunmayan hər bir fəndə icazə var. Güləşçi güləş fəndlərini davamlı şəkildə məşq edib təkminləşdirdiyi, öz texnikasını mükəmməlləşdirməyə çalışdığı kimi sosial media menecer də arsenalında olan alətləri sınaqdan keçirməli, daha yaxşı nəticə əldə etmək üçün ideyaları, priyomları, texnikaları yoxlamalıdır. Amma, bu cür sınaqdan öncə auditoriyasını da unutmamalıdır. Yeni ideyası əsas məqsədi olan auditoriyanı ələ almağa kömək edəcəkmi? Potensial müştərini alış etməyə sövq edəcəkmi? Bu ideya brendin dəyərlərinə nə qədər uyğundur? Yeni ideyanı öz eqomuzu cücərtmək üçün mi tədbiq etmək istəyirik, yoxsa brend maraqları üçün? Bu 4 sualdan birinə bəli cavabı versəniz, həmin ideyadan vaz keçin. Brend üçün faydalı, müştəri üçün maraqlı olan kontenti axtarmağa davam edin.

5. İzləyicilərim ilə necə ünsiyyət qurmalıyam?

Ünsiyyət sosial medianın əsas funksiyası, qurulma qayəsidir. Ünsiyyət olmasa, insanlar paylaşdığı kontentə like almasalar, şərh görməsələr sosial şəbəkə öləcəkdir. Bu səbəbdən də Facebook insanlar arasında ünsiyyətin artırılması məqsədi ilə müəyyən dərəcədə reklam kontentini azalmağa qərar verə bilir. Reklam gəliri azalsa belə sağdığı inəyi öldürməyə tələsmir. Bir çox yerli şirkətin ən çox etdiyi səhv izləyicilərini görməzdən gəlməlisidir. Kontent paylaşır, amma izləyicilərin suallarını cavabsız qoyur. Müsbət şəhlərə təşəkkür etmir, neqativləri isə ümumiyyətlə gizlədir. Romadasansa, özünü Romalı kimi aparmalısan. İnsanlar səni cansız bir brend olaraq görmür, sən də onlara insan kimi rəftar etməli, əxlaq normalarına uyğun ünsiyyət qurmalısan. Sosial media hesabın insanlara xidmət etmək üçün var. İnsanlar səninlə daha rahat ünsiyyət qurmaq üçün Facebookda səhifəni izləyir. Hər müsbət şərhi lütf kimi qəbul et. Hər şikayəti müştəri qazanmaq üçün bir fürsət gör. İzləyicilərin səninlə necə rəftar etməsini istərirsənsə, sən də onlarla elə rəftar et. Açıq, səmimi, dürüst ünsiyyət sənə ancaq izləyici və müştəri qazandıracaqdır.

Bu 5 suala özündə cavab verən hər bir sosial media marketinq mütəxəssisi işini, qarşısında duran vəzifəni daha yaxşı anlayacaqdır.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az