Hazırda sosial media marketinq gündəminin ilk yerindədir və bir müddət belə də davam edəcək. Bir çox şirkət marketinqini ancaq və ancaq sosial media üzərindən həyata keçirir. “Pisdir, yaxşıdır?” birmənalı demək çətindir, ən azından işləyirsə hələlik idarə etmək olar. Bu bloq yazısında məhz bu tipli şirkətləri nəzərə alaraq sosial media marketinq planı barədə danışacağıq.
Yazıya giriş xaşiyəsi: Sosial media marketinq, yəni SMM (açıqlamasını bilmirdiniz?) əslində elə də gəliz məsələ deyil. Amma bir marketinq kommunikasiya kanalı olaraq çox vacibdir. SMM menecmenti katibəyə və ya səriştəsiz bir nəfərə tapşırılmayacaq qədər əhəmiyyətlidir. Xüsusən sosial media hesabı üzərindən satış edirsinizsə, SMM menecer ilə satış meneceri arasında heç bir fərq qalmır. Satıcıda görmək istədiyiniz bacarıq və keyfiyyətlər SMM menecerdə də olmalıdır.
Sosial media marketinq planı necə hazırlanır?
Hər bir iş kimi marketinq də plansız olmur. Sosial media marketinq planı hazırlamaq istəyirsinizsə aşağıdakı 11 addımı atmalısınız.
1. Məqsədi müəyyən edin
Sosial media potensial müştərinizlə bir ünsiyyət kanalıdır. Bu kanala daxil olub nə etmək istəyirsiz? Birbaşa satmaqmı? Onlara məhsulu (xidməti) tanıtmaqmı? Brendiniz ətrafında izləyici kütləsi toplamaqmı? İzləyicilərinizi əyləndirməkmi? Saytınıza gətirməkmi? Məqsədinizi bilmədən plan qrumağı unudun.
2. Platformanı seçin
Sosial media sadəcə Facebook-dan və İnstagramdan ibarət deyil. YouTube, Twitter və LinkedİN-in də yaşamaq hüququ var. Whatsapp və Facebook Messenger tam olaraq sosial media olmasalar da, funksional olaraq onlara yaxındır. Məqsədinizə, ehtiyacınıza və potensialınıza uyğun sosial media platformalarını seçin. Potensial deyəndə nə nəzərdə tuturam? Misal üçün İnstagram-da olmaq istəyirsinizsə paylaşacağınıq şəkillər bu platformanın tələblərinə cavab verməlidir. Eybəcər şəkillərinizlə hardasa izləyici yığa bilərsiz, amma brend yarada bilmərsiz. Və ya potensial müştəriləriniz YouTube-dan daha çox istifadə edir. Siz də orda olmaq istəyirsinizsə onların marağını cəlb edə biləcək video kontent yaratmaq üçün büdcəni nəzərə alın.
3. Hesablarınızı yaradın
Facebook-da səhifə yaratmaq və ya İnstagram-da hesab açmaq asandır. Çətin olan bunu düzgün etməkdir. Kateqoriya seçiminə diqqət edin, brendi təmsil edən profil şəkli yükləyin, “cover” şəklini maraqlı edin, şirkət (brend) haqqında bütün məlumatı düzgün və tələb olunan yerlərə qeyd edin. Bütün hesablarınızın adı eyni olsa yaxşı olar. Bütün adlar saytınız ilə eyni olsa lap gözəl olar.
4. Müştərinizin profilinə uyğun Persona yaradın
Persona barədə daha əvvəl yazmışdım, həmin Personanı yaradıb sosial mediada tapmaq və ayrımaq lazımdır. Personalarınız sosial mediada nə ilə maraqlanır, nəyi bəyənir, nəyi bəyənmir, hansı məlumatı almaq istəyir, onları hərəkətə gətirən tətiklər hansıdır? Onları maraqlandıran və paylaşmağa vadar edən hansı kontentdir? Müştəri Personaları haqqında bütün mümkün məlumatı topladıqdan sonra növbəti mərhələyə keçə bilərsiz.
5. Kontenti yaradın
Müştəri Personalarınıza uyğun kontent yaratmaq bu işin ən vacib və strateji hissəsidir. Çünki kontenti müştəri bəyənməsə, nə qədər güclü reklam eləsəniz də sosial media marketinq planı heç bir effekt verməyəcək. “Az olsun, saz olsun” sözünü məhz kontentə görə deyilib. Kontent barədə daha ətraflı digər bloq yazılarımızda oxuya bilərsiz.
6. Ünsiyyət üslubunuzu müəyyən edin
Kontenti necə təqdim edəcəksiz? İzləyiciləriniz ilə necə ünsiyyət quracaqsız? Suallarla, şikayətlərlə, istəklərlə necə rəftar edəcəksiz? Yazılarınızız tonu necə olacaq? İzləyicilərinizi inandırmaq və əyləndirmək üçün hansı sözlərdən istifadə edəcəksiz? Bütün bu suallar sizin sosial mediada ünsiyyət üslubunuzu təyin edəcəkdir.
7. İnfluencerlərinizi seçin
İnfluencer marketinqi sosial mediada, xüsusən yeni başlayan brendlər üçün çox effektiv silahlardan biridir. Düzgün istifadə olunsa, potensial müştərilərin izlədiyi və rəyinə etibar etdiyi bir influencer ilə əməkdaşlıq edilsə qısa zamanda müsbət nəticələr qazanmaq mümkündür.
8. Sosial media ünsiyyət təqvimini hazırlayın
Hazırladığınız kontenti harda, nə vaxt, necə və kim üçün paylaşacaqsız? Bu sualların cavabı sosial media ünsiyyət təqvimində yer alır. Təqvim bir plandır və işi düzgün planlamağa və daha yüksək səmərələlik əldə etməyə kömək edəcək. Hər gün səhər işə gəlib “Bu gün nə paylaşaq?” deməklə sosial media marketinq işi aparılmaz.
9. Kontenti reklam edin
Amma necə gəldi yox, konkret Personalara uyğun yaratdığınız auditoriyalara reklam etmək lazımdır. Kontentin sayına görə büdcənizi təyin edin. Misal üçün, potensial auditoriyanız 200min nəfərdirsə və siz ortalama olaraq ay ərzində hərəsində 3 dəfə reklam göstərmək istəyirsinizsə bu 600min reklam göstərişi deməkdir. Ortalama CPM (min reklam göstərişi) qiyməti 1 dollardırsa bu o deməkdir ki, effektiv əhatə üçün sizə aylıq 600 dollar reklam büdcəsi lazım olacaq.
10. İzləyiciləriniz ilə ünsiyyət saxlayın
Sosial media TV kimi bir tərəfli yayım kanalı deyil. İzləyicilərin şərhlərinə, tənqidlərinə, hər cür şərhlərinə hazır olun. Hər bir müraciətə cavab verin, hər tərifi bəyənib təşəkkür edin, hər bir tənqiə təəssüfləndiyinizi bildirib nə iləsə kompensasiya edin. Danışmayın, söhbət edin. İzləyicilərinizə qulaq asın. Damarını tutub danışdırın. Orqanik (yəni pul vermədən) izləyici sayını artırmağın ən sağlam yolu budur.
11. Nəticələrindən dərs çıxarın
Sosial media marketinq işi görmək bazardan qarpız almaq kimidir. Hansı kontentin tutacağı, hansı şəklin daha çox bəyəniləcəyini, nəyin daha çox paylaşılacağınızı əvvəlcədən dəqiq demək çətindir. Hər bir postu analiz edin, izləyicilərin rəylərini izləyin, onların istəklərinin nəbzini tutun. Hər dəfə kontentinizi təkminləşdirməyə və gözəlləşdirməyə çalışın. Sosial media marketinqində tavan yoxdur. Eksperiment etməkdən çəkinməyin, fərqli promouşn üsullarını test edin. Cəhd edin, bacaracaqsız.
Bu yazını sosial media marketinqi ilə məşğul olan izləyicilərim üçün faydalı olmaq ümidilə ilə yazdım. Bu yazı bloqun sosial media hesabları üçün hazıladığım bir kontentdir. Sizin maraqlarınız nəzərə alınmaqla hazırlandı. Sizin reaksiyalarınıza uyğun olaraq təkminləşəcək. Öz rəylərinizi paylaşmaqdan çəkinməyin!