Bir şirkətdə marketinq şöbəsi və işçiləri ola bilər, amma doğru-düzgün marketoloq olmaz. Hər hansı bir şirkətdə marketinqin və marketoloqun olub-olmadığını yoxlamaq üçün marketinqə cavabdeh şəxsdən aşağıdakı 7 sualı soruşmaq kifayətdir.
Sual 1: Nə satırsan?
Qəribə görsənə bilər, amma bir çox “marketoloq” nə satdığını bilmir. Yox, əmtəə olaraq bəlkə də şampun, boya, bank xidmətləri satdığını dərk edir. Amma əslində şirkətin satdığı fiziki əşya və ya mücərrəd bir xidmət deyil. Onun satdığı müştərisinin problemini həll edən, arzusuna çatmağa kömək edən və ehtiyacını ödəmək üçün bir vasitədir. Misal üçün, kondisioner satanlar sadəcə kondisioneri satıb quraşdırmır – müştərisinin yayda sərinlənmək, qışda isinmək istəyini ödəyir. Məsələyə bu prizmadan baxmaq nəyi dəyişir? Bu istəyini bilib daha yaxşı çözüm təklif edə və müştərini daha çox məmnun edə bilərsən. Marketoloqun uğuru isə müştəri məmnuniyyəti ilı ölçülür.
Sual 2: Müştərin kimdir?
Hər bir marketoloq, satıcı, müdir, hətta şirkətdə işləyən xadimə belə müştərinin kim və nəçi olduğunu bilməlidir. Müştərisini tanımayan “marketoloq” marketinqlə yox, işi yola verməklə və bəlkə də “pul yumaqla” məşğuldur. Hədəf auditoriya olaraq adlandırdığımız potensial müştəriləri tanımaq marketinq miksin əsasıdır. Ancaq müştərinin kimliyini, nəyin arzusunda olduğunu, nəyə ehtiyac duyduğunu və nələr üçün çalışdığını bilməklə marketoloq marketinq işini və prosesini düzgün qura bilər.
Sual 3: Niyə alırlar?
Müştərin niyə səndən, niyə sənin məhsulunu (xidmətini) alır? Onu bu alışa sövq edən hansı amillərdir? Sənin məhsulunu (xidmətini) rəqiblərindən üstün edən hansı cəhət(lər)idir? Onun unikal satış təklifi nədən ibarətdir? Qiyməti mi ucuzdur? Mağaza yeri daha yaxşıdır? Satıcıların mı daha yaxşı xidmət göstərirlər? Rəqiblərindən fərqli və üstün olduğun məqamlar hansılardır? Bütün bunları bilmək döyüşə getdiyin silahın gücü dərk etmək kimidir. Ən yaxşı əsgər silahını məharətlə istifadə etməyi bacaran əsgərdir.
Sual 4: Niyə almırlar?
Əslinə qalsa bu sualı əvvəlki sual ilə birləşdirə bilərdim, sadəcə nə qədər vacib olduğunu göstərmək üçün ayırmaq qərarına gəldim. “Niyə alırlar?” sualı qədər “Niyə almırlar?” sualı da biznes və marketinq üçün çox vacibdir. Almamağın səbəblərini bilib məhsulda, brend menecmentdə, marketinq strategiya və taktikasında düzəlişlər etmək mümkündür. Marketinq tarixi bu cür misallarla doludur.
Sual 5: Rəqiblərin kimdir?
Rəqibini tanımayan özünü tanımır. Və tanımaq deyəndə mən, sadəcə adlarını bilməyi nəzərdə tutmuram. Rəqibi özün qədər yaxşı tanımalısan – SWOT analizini elə etməlisən ki, sanki o şirkətdə işləyirsən. Rəqibin mövqeləndirilməsi nədir, bizdən üstün və zəif olduğu məqamlar hansılardır? Rəqibi davamlı izləmək, gələcək addımlarını qabaqlamaq, taktiki gedişlərini neytrallaşdırmaq lazımdır.
Sual 6: Hansı marketinq kommunikasiya kanalı nə qədər effektivdir?
Marketoloq öz işində bir çox marketinq kommunikasiya kanalından, reklam alətindən istifadə edə bilər. Bu kanallarının hərəsinin öz məqsədi, öz KPİ göstəriciləri və uğur qazanmaq hiylələri var. Misal üçün, sosial media hədəf auditoriyasını əyləndirmək, PR və KSM brendə müsbət imic qazandırmaq, TV və İnternet displey bannerləri reklam mesajını
daha çox insana çatdırmaq üçün lazımdır. Sosial mediada ünsiyyət nisbətləri (engagement rate) vacib KPİ-dırsa, İnternet displey bannerlərində effektivlik vCPM: 1.000 görülən reklam göstərişinin qiymətinə görə ölçülür. Və ən əsası: hər bir kanalın CPA: müştəri qazanma qiyməti nədir?
Sual 7: Sabah müştəriyə nə təklif edəcəksən?
Marketoloqun marketer ola bilməsi üçün məhz bu suala cavab verməsi lazımdır.. Sabah üçün marketinq planın nədir? Müştərini hansı yenilik ilə təəccübləndirəcəksən? Yeni müştərini harda və necə əldə edəcəksən? Yaxın 3 ildə rəqiblərə qarşı nə etməyi planlaşdırırsan? Satış heyətinin bacarıqlarını inkişaf etdirmək üçün nələr etməyi planlayırsan? Ən azından gələn ay satışa, brend tanıtımına yönəlmiş nələr edəcəksən? İnanın ki, Azərbaycanda bir çox marketoloq bu suala cavab verə bilmir.
Yeni şirkətdə marketoloq olaraq işə başlayan kimi, bu 7 suala cavab verməyə tələsin. Reklam agentliyi olaraq müştəri ilə görüşəndə bu 7 suala cavab alın. Ancaq və ancaq bu 7 suala cavab verməklə siz, əsl marketer olaraq formalaşacaq və bazarda tanınacaqsınız.