Sosial media hazırda, hansı biznes ilə məşqul olmağınızdan asılı olmayaraq, istənilən marketinq planın ayrılmaz hissədir. Müştəriləriniz sizi ilk əvvəl sosial mediada axtarır, məhsullar barədə öyrənir və yaşadığı təcrübəni çəkinmədən burada paylaşır.

Sosial media, heç şübhəsiz, şirkətin dəyər təklifini müştəriyə çatdırmaq üçün çox güclü vasitədir. Hər bir güclü silah kimi o, sizi həm güclü edə, həm də yaralaya bilər. Bu səbəbdən də sosial media silahından düzgün istifadə etməyi bacarmaq lazımdır. Yoxsa ən yaxşı halda siz, aləmdən xəbərsiz qalacaq, potensial müştərilər ilə davamlı ünsiyyət imkanını əldən vermiş olacaqsınız.

Effektiv iş görən marketerlər sosial mediadan 3 cür istifadə edirlər:

1. Sosial mediada cərayan edən ünsiyyətə qulaq asırlar;

2. Bu ünsiyyətə qoşulurlar;

3. Bu ünsiyyəti şəkilləndirirlər.

Sosial media müştərinizin ən çox vaxt keçirdiyi məkandır. Virtual da olsa, o, bu məkanda öz düşüncələrini bölüşür, maraqlarını və arzularını ifadə edir, nəyisə bəyənir, nəyisə bəyənmir. Bu qlobal ünsiyyət əsnasında sizin brend da gündəmə gələ bilər, müzakirə obyektinə çevrilə bilər və brendin müsbət və ya mənfi imici formalaş bilər.Məhz bu səbəbdən də, siz qulaq asmağı bacarmalı, tələb olunanda ünsiyyətə qoşulmalısınız. Ünsiyyətə qoşulmaq təkçə sizin brend ilə bağlı olmaya da bilər, siz gündəmdə olan aktual və virus mövzulardan öz xeyrinizə, öz brend dəyərinizi çatdırmaq üçün istifadə etməyə hazır olmalısınız.

Ünsiyyətə qoşulandan sonra olduqça diqqətli olmaq və korporativ qaydalara, prinsiplərə riayyət etmək lazımdır. Sosial media hər kəsə açıq bir məkandır, şəxsi yazışma olsa belə o, asanlıqla ictimaiyyətə yayıla bilər. Əgər mövzu çox incədirsə, problem yarada bilərsə, onu mütləq oflayna, real üzbəüz kontakta çevirmək lazımdır – həmin problemli müştərinin problemini birbaşa həll etməyə cəhd etmək lazımdır.

Bu problemlərdən mümkün qədər qorunmaq üçün bu ünsiyyəti şəkilləndirmək lazım gələ bilər.Şəkilləndirmə dedikdə, ünsiyyətin çərçivəsinin dəqiq müəyyən olunması, ünsiyyətin sosial media strategiyasına uyğun, qəbul olunan prinsip və tələbələrə uyğun həyata keçirmək lazımdır. Ünsiyyəti şəkilləndirməyin əsas məqsədi dəyişmir – brendə qarşı olan etibarı və bağlılığı artırmaq, brend dəyərinin anlaşılması və qəbul olunmasını təmin etməkdir. İfrata da qaçmaq lazım deyil – sosial media insanları tənbəlləşdirib, arxayınlaşdırıb, bir növü məsuliyyətdən azad edib. Siz istifadəçiyə əlinizi versəz, o, sizin qolunuzu qoparda bilər. Bu hallardan qorunmaq üçün ünsiyyəti şəkilləndirən prinsipləri unutmayın.

Ünsiyyətin şəkilləndirilməsinə həmçinin ünsiyyətin yönləndirilməsi də daxildir. İzləyicilərinizi müəyyən tərəfə istiqamətləndirmək, onları istədiyiniz əməli etməyə vadar etmək brend dəyərinin mənimsənilməsi baxımından olduqça vacibdir. Marketinqin qızıl prinsipini xatırlayaq: “Eşidib unutdum, görüb yadda saxladım, əməl edib dərk etdim”. Bu qaydaya uyğun olaraq sosial mediada əsas məqsədimiz istifadəçiləri ünsiyyətin passiv dinləyicisindən aktiv iştirakçısına çevirməkdir.

Qulaq asın, ünsiyyətə qoşulun və ünsiyyəti idarə edərək effektiv sosial media siyasətinə nail olun. Uğur sizinlə olacaq!