Sosial media və 21 acı həqiqət

“Sosial media ziyandır yoxsa faydalı?” sualı artıq aktual deyil. Hazırda hamı sosial medianın nə qədər ziyanlı olmasını müzakirə edir. Facebookun qurucuları belə bu mövzuda öz fikirlərini paylaşmaqdan çəkinmir. Sosioloqlar, psixoloqlar, hətta marketoloqlar belə bu mövzuda çox sayıda araşdırmalar edərək insanların sosial mediadan istifadə vərdişlərini analiz ediblər. Bu araşdırmaları ümumiləşdirərək alimlər 21 acı həqiqəti ortaya çıxarıblar:

sosial media depressiya

1. Sosial media sensor rolunda çıxış edir – 71% istifadəçi gündə ən az bir dəfə paylaşmaq istədiyini başqalarının mümkün rəyini və reaksiyalarını nəzərə alaraq silməli olur.

2. Depressiyada olanlar Instagram-da çox sayıda paylaşım edir – onlar daha çox öz üzlərini paylaşır və filtrlərdən istifadə etmirlər.

3. Sosial mediada daha çox vaxt keçirənlər daha az xoşbəxt olur – gün ərzində Facebookda 23 dəqiqədən artıq vaxt keçirənlərdə xoşbəxtlik hissi və həyatdan razılıq duyğusu azalmağa başlayır.

4. Sosial media yanlış xatirələr yaradır – insanlar həmin an özlərini nə qədər pis hiss etsə də, çəkdikləri şəkilləri sosial mediada paylaşanda gülümsəyir və xoşbəxt görsənməyə çalışır. Daha sonra bu şəkillərə baxanda həmin anlar onlarda yanlış xatirələr yaradır.

5. Dini baxışlar insanların istifadə etdiyi dilə təsir göstərir – araşdırmalara görə Allaha inanan insanlar daha çox pozitiv mövzular haqqında danışır, ateistlər isə daha çox neqativ dil istifadə edir.

6. Sosial media insanları yalnızlaşdırır – sosial mediada gündə 2 saatdan çox vaxt keçirənlər digərlərinə nisbətən 2 dəfə daha çox özlərini yalnız hesab edir.

7. Sosial mediada daha çox dost insanı sosial etmir – virtualdakı dostlar real həyatda ünsiyyət olmadan həqiqi dostlara çevrilmir.

8. Sosial mediada öz sevgilisi (həyat yoldaşı) haqqında romantik paylaşım edənlərdə aşağı özünə inam olur. Eyni zamanda yeməkləri və idman məşqləri haqqında paylaşım edənlər özündən razı insanlardır.

9. Facebook loqosunu görmək insanı Facebooka girməyə vadar edir.

10. Sosial mediada həddən artıq vaxt keçirmək yuxu pozuntusuna səbəb olur.

11. Bir insan fərqli sosial şəbəkələrdə özünü fərqli aparır.

12. 25 yaşından aşağı sosial media istifadəçiləri paylaşdıqları şəkillərdə daha az gülür (gülümsəyir). Həmçinin, qadınlar kişilərə nisbətən şəkillərdə eynəkli düşməkdən çəkinir.

13. Həddən artıq mesajlaşmaq və sosial mediada vaxt keçirmək insanı axmağa çevirir.

14. Sosial mediada paylaşdığınız emosiyalar yoluxucudur – paylaşdığınız sevinc və ya qəm dostlarınıza da asanlıqla keçə bilər.

15. Daha çox layk qazanmaq insanı heç də xoşbəxt etmir.

16. Çox sayıda yemək şəkli paylaşmaq insanı real həyatda arıqlada bilər.

17. Facebook sizdə dostlarınıza qarşı paxıllıq yaradır – əsasən də dostların xoşbəxt şəkillərini görəndən sonra, sizi nəsə oxşar paylaşım etməyə məcbur edir.

18. 3 cür selfi çəkənlər var: a) Ünsiyyətcillər – selfi paylaşaraq insanları müəyyən söhbətə çəkmək istəyirlər; b) Avtobioqrafiyaçılar – selfi çəkərək həyatlarındakı vacib anları sənədləşdirməyə çalışırlar; c) Gözəgirənlər – selfi paylaşaraq özlərini daha yaxşı cəhətdən görsətmək istəyirlər

19. Həddən artıq çox selfi çəkib paylaşmaq digər insanları qıcıqlandıra bilər.

20. Çox sayıda tanımadığın insanı izləmək insanı depressiyaya sala bilər.

21. Dostlarını tag edən paylaşımlar etmək yalnızlıqdan qurtulmağa kömək edir – və əksinə heç kimi şərh yazmağa vadar etməyən paylaşımlar insanda yalnızlığın göstəricisidir.

Bu 21 faktdan sizdə neçəsi var soruşmaq istəməzdim. Əgər ən az biri sizə xasdırsa məyus olmağa dəyməz. Unutmayın ki, Facebook, Instagram, YouTube və digərləri sadəcə bir alətdir. Bu alət vasitəsi ilə biz digər insanlar ilə ünsiyyət qurur, maraqlı və faydalı məlumatlar əldə edirik. Hər bir alət kimi də, sosial şəbəkələrdən istifadə qədərində gözəldir.

Mənbə

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az