Reklamda satan nədir? Kreativ İdeya? Düzgün təqdimat? Hər iki cavab düzgündür, amma əslində reklamı satan potensial müştəriyə danışdığımız hekayə ideyasıdır. Elan ilə reklamın fərqini xatırlayırsız? Elan birbaşa satış təklifidir, reklam isə müştərilə qurulan ünsiyyətdir. Elanda satan mal və ya xidmətin özüdür – yəni qiyməti, satış şərtləri kimi. Reklamda isə satan hekayədir. Reklamı görən potensial müştəri ilk əvvəl hekayənin özünə inanmalıdır – ancaq bundan sonra onda, reklam olunan məhsula qarşı maraq yaranacaq və o, alış barədə düşünməyə başlayacaqdır.

Təsəvvür edin ki, siz sevgilinizlə parkda oturmusunuz. Gülsatan sizi görür və təbii olaraq sizi potensial müştəri hesab edərək sizə yaxınlaşır. Gülsatanın ilk müraciəti 2 cür ola bilər:

1. “Qızılgül istəmirsiz? 3 dənəsi 5 manat”

2. “Bu gözəl xanıma qızılgül yaraşar”

Əminəm ki, siz də birinci müraciətin elan, ikincinin isə reklam olduğunu sezdiniz. “Bu gözəl xanıma qızılgül yaraşar” cümləsində hekayə var: gözəl bir qıza yaraşan qızıl güllər haqqında. Hər bir kişi sevdiyi qızın gözəl olduğuna əmindir və sevgilisinə qızılgül hədiyyə etmək üçün dağları yarmağa hazırdır. Burda isə qızılgül özü ayağına gəlib. Sizcə onun reaksiyası nə olacaq?

Reklamda hekayə bir mesaj, bir məlumat daşıyıcısıdır. Reklam bu məlumat üçün bir növü “Troya atı” kimidir. Reklamın əsas məqsədi məhsulu (xidməti) satmaqdır. Kreativ ideyanın əsas məqsədi reklam vasitəsi ilə reklam mesajını daşıya biləcək “Troya atını” düşünüb ortaya çıxartmaqdır. Qarmaq məsəli də buna uyğundur, amma bizim halda “balıq” qarmağı udmaqdan fayda görəcək ki, ziyan çəkməyəcək.

Reklamda güclü hekayə reklamın sevilməsini, yadda qalmasını və dəfələrlə izlməkdən yorulmamasını təmin edən başlıca amildir. Ən bəyəndiyiniz reklamı xatırlayın: əminəm ki, orda sizi valdeh edən məhz kreativ ideya və orijinal təqdimatdır. Aşağıdakı Panda pendiri reklamlarında olduğu kimi:

Əminəm ki, bu reklamın ideyası sizi də valeh etmişdir. Bəli, yumor ən güclü emosiyadır. Amma bu reklamı yadda qalan, dəfələrlə izlətdirən və paylaşamağa sövq edən məhz hekayədir. Reklam hazırlayarkən ilk olaraq reklam mesajınızı çatdıracaq hekayə barədə düşünün. Maraqlı hekayə ilə siz istənilən məhsulu, istənilən xidməti, istənilən ideyanı sata bilərsiz.