Promouşn kampaniyası necə hazırlanır?

4P modelində Promouşn potensial müştəri ilə ünsiyyətin qurulması, istədiyimiz əməli etməyə sövq edəcək informasiyanın ötürülməsidir. Marketer qarşısına qoyduğu hədəflərə nail olmaq üçün effektiv promouşn kampaniyaları hazırlayır və həyata keçirir. Effektiv promouşn kampaniyası hazırlamaq üçün nə etmək lazımdır?

1. Promouşn kampaniyası məqsədini düzgün müəyyən etmək

Promouşn kampaniyası 5 əsas məqsədli ola bilər. Marketer, məqsədi müəyyən edərkən, mütləq və mütləq onu digər maraqlı tərəflər: rəhbərlik, satış şöbələri ilə razılaşdırmalıdır. Proqramın icra nəticələri təhlil olunarkən məqsəd bir daha gündəmə gələcək. Satış şöbəsi istisnasız olaraq hər bir marketinq fəaliyyətinə satışı artıracaq əməl kimi baxır. Haqqlıdılar da. Amma bu fəaliyyətlər məqsədlərin prioritetinə görə dəyişir. Məsələn, reklam ilk öncə tanıtım, daha sonra satışdır; və əksinə qiymət endirimi aksiyası ilk öncə satış, daha sonra tanıtımdır. Rəhbərlik də, öz növbəsində, ona təqdim olunan məqsədə görə nəticələri qiymətləndirir: vəd olunan nəticələri, KPI-ları dəyərləndirir.

reklamın məqsədi satış

2. Ünsiyyət qurulacaq promouşn (reklam) mesajını və mesajın ötürüləcəyini media kanalları seçmək

Promouşn kampaniyası mesajı heç şübhəsiz təyin olunan məqsədə görə hazırlanmalıdır. Məqsədimiz tanıtım, məlumatlandırma, təsvir etmədirsə məhsulun üstün cəhətlərini vurğulayacaq, müştəriyə vəd verəcək reklam mesajı seçilməlidir. Yox əgər məqsədimiz satışdırsa, müştərini alışa sövq edəcək bir mesaj təyin olunmalıdır: 50% endirim, 3 al 2 ödə, ikincisi hədiyyə tərzində. Və ən əsası mesajın ötürüləcəyi media kanallar düzgün təyin olunmalıdır: Tanıtım məqsədli kampaniyalar müştərinin izlədiyi, aktiv olduğu media kanallar vasitəsi ilə aparılmalıdır: müştəriniz metrodan istifadə etmirsə, TV izləmirsə bu kanallarda reklam yerləşdirməyin heç bir mənası yoxdur. Öz növbəsində, satış məqsədli kampaniyalarda mütləq və mütləq mağaza içi reklam vasitələrindən istifadə olunmalıdır. Qiymət endirimidirsə, məhsulun qiymət kağızında bu gözə girəcək şəkildə qeyd olunmalıdır, 3 al 2 ödə kampaniyasıdırsa məhsullar bağlama (bundle) şəklində rəfdə olmalıdır.

3. Promouşn mesajını daşıyacaq reklam materiallarını hazırlamaq

Ən nəhayət, seçilən media kanallara uyğun olaraq reklam materialları hazırlanmalıdır. TV-dirsə TV reklam çarxı, radiodursa radio çarx, açıq hava reklamıdırsa bilbord dizaynı, mağazaiçidirsə poster, rəf kağızı, qiymət kağızı, vobler və s. Hər bir reklam daşıyıcısının ölçü və formatları əvvəlcədən dəqiq bilinməlidir: TV yayım 16×9 formatıdırsa 4×3 formatında hazırlanan reklam çarxı TV-də aşağı keyfiyyətdə görsənəcəkdir. Mağazada icazə verilən maksimum poster ölçüsü A3-dürsə, A2 posteri çap etməyin mənası qalmır. Dizayn çapa 300 dpi ölçüsündə gedəcəksə, daha aşağı keyfiyyətdə şəkillərdən istifadə etmək olmaz. Bir çox marketlər artıq rəf kağızı, qiymət kağızı yerləşdirməsinə icazə vermir. Marketer bütün bu tələbləri əvvəlcədən müvafiq şəxslərlə razılaşdırmalıdır. Ən əsası isə, bütün reklam materialları tələb olunan vaxtda hazır olmalıdır.

Promouşn kampaniyası proqramının uğurlu icrası və qarşıya qoyulan məqsədlərə nail olunması hər bir addımının dəqiq icrasından keçir. Marketinq dəqiqliyi, sadəliyi və kreativliyi sevir. İşinizdə dəqiq olun, mesajınızı sadə və mümkün qədər kreativ edin.

Əmin olun, bacaracaqsız.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az