Marketinq bir elm kimi ümumi prinsip və anlayışlardan bəhs etsə də, praktiki marketinq əşya, xidmət və hadisəyə fokuslanan təlim kimi qarşımıza çıxır. Marketinq olunan əmtəənin növ və cinsindən asılı olaraq praktiki marketinqin üsul və alətləri kəskin fərqlənə bilər. Bu səbəbdən də marketer, marketinqi ilə məşğul olduğunu əmtəəni tanımalı, ona xas üsul və alətlərdən düzgün istifadə etməyi bacarmalıdır.
Praktiki marketinqin 10 fərqli əmtəə növü var:
1. Məhsul
Məhsul, əmtəə dedikdə fiziki əşya, formaya malik mal nəzərdə tutulur. Klassik marketinq qayda və prinsipləri məhz məhsulun həyat sikli üzərində qurulub, inkişaf etdirilmişdir.
2. Xidmət
Əmtəədən fərqli olaraq xidmət, marketinq və reklam olunan zaman mövcud olmaya da bilər. Turizm, bərbər, muhasibat, tərcümə kimi xidmətlər və’d üzərində qurulub, alıcını əmtəəni görmədən alış etməyə məcbur edir. Bir çox halda xidmət və məhsul bir yerdə olur: məsələn mehmanxanada siz həm fiziki əşyanı: otağı icarə götürüb, mehmanxana qulluğunu almış olursuz.
3. Tədbir
Müxtəlif irili-xırdalı tədbirlərin: konfranslar, sərgilər, konsertlər, beynəlxalq turnirlər və Olimpiya oyunlarının da marketinqə ehtiyacı var. Tədbirin əsas fərqli cəhəti müəyyən bir tarixə bağlı, satılan malın isə iştirak hüququ verən bilet şəklində olmasıdır.
4. Təcrübə
Məhsul, xidmət və tədbiri kompleks halına salıb insanlara yaşanacaq təcrübə şəklində marketinq etmək mümkündür. Məsələn, Aqua parklar, Disneylənd kimi.
5. Şəxs
Populyar şəxslər: musiqiçilər, kino aktyorları, yazıçılar, aparıcılar, idmançıların da öz adlarını, öz brendlərini marketinq etməyə ehtiyacları var. Öz adlarını tanıtmaqla, gündəmdə qalmaqla, sosial media üzərindən izləyiciləri ilə ünsiyyət saxlamaqla məşhurlar konsertlərinə, çəkildiyi kinoya, yazdığı kitaba maraq yaradıb, satış edə bilərlər.
6. Məkan
Məkanların marketinqi əsasən 2 sahə ilə bağlıdır: turizm və iqtisadi inkişaf. Turizm müəyyən bir ölkənin, gözəl təbiətə və ya tarixi əhəmiyyətə malik vilayətin, abidənin marketinq olunub turist cəlb etməkdir. İqtisadi inkişaf məqsədi güdən məkan marketinqi isə müəyyən ölkəyə, şəhərə, azad iqtisadi zonaya investor və sahibkarların cəlb olunması ilə məşğuldur.
7. Əmlak
Əmlak dedikdə daşınmaz əmlak – bina, tikili, torpağın alqı-satqısı və icarəsi nəzərdə tutulur. Məhsul satışı ilə bir çox oxşar cəhəti olsa da, müştəriyə yanaşma və məhsulun mövqeləndirilməsi baxımdanın fərqli xüsusiyyətlərə malikdir.
8. Təşkilat
Təşkilatlar müxtəlif ola bilər: siyasi partiyalar, xeyriyyə məqsədli qeyri-hökümət qurumları, müxtəlif idman sahələri üzə klub fanatlarını birləşdirən formal və qeyri-formal təşkilatlar, təhsil müəssisəsələri, ordu və ordu növləri və s.Təşkilat marketinqinin məqsədi təşkilatı potensial müştəriyə cazib hala salmaqla onu üzv olaraq cəlb etmək, təşkilatın məqsədlərini həyata keçirmək üçün maliyyə vəsaitləri toplamaq, keçirdiyi layihələrə könüllü olaraq cəlb etməkdir.Ətraf Mühiti qoruyan təşkilatlar kimi.
9. İnformasiya
İnformasiya əsrinin gətirdiyi ən böyük yenilik informasiyanın əmtəə şəklində alınıb-satılmasıdır. Xahiş edirəm qarışdırmayın: İnformasiya dedikdə satış məqsədi ilə xəfiyyələr və cəsuslar, satqınlar tərəfindən qanunsuz yolla əldə olunan məlumatlar nəzərdə tutulmur. İnformasiya dövründə hər şey sivil formaya salınıb, qanun pozuntusu olmayan hər bir informasiyanın marketinqi mümkündür: bilik və dil kursları, müxtəlif sahələr üzrə treyninq verən peşəkarlar, istənilən növ araşdımaların, sorğuların nəticələri, xəbər və analitik məlumatlar və s.
10. İdeya
İdeya marketinqi əsas etibarı ilə müxtəlif fikir və kəşflərin, texniki ixtiraların, inanc və düşüncələrin, cəmiyyət üzlərinin müxtəlif məsələrə rəy və münasibətinin marketinqidir. Kəşf etdiyi ideyasını investora satmaq istəyən startapdan tutmuş, cəmiyyətə öz ideyasını, məsələyə yanaşmasını yeritməyə çalışan qurumlara qədər hamısı ideya marketinqi ilə məşğuldur. Məsələn, abortlara qarşı çıxan dini qurumlar, eyni cinsli nigahları qanuniləşdirməyə çağıran təşkilatlar kimi.
Marketinqin 10 nəyisini bildikdən sonra hər birisinin necə marketinq olunduğunu öyrənmək üçün növbəti yazılarımızı qaçırmayın.