Marketinqin 4 təməl daşı

Marketinq öz nəzəriyyəsi və praktikası ilə çox dərin bir elmdir. Əmtəə yaradılmasından tutmuş promouşn olunmasına qədər marketinq prosesində marketerlər bir çox fərqli hal və hadisə ilə qarşılaşır. Məhz buna görə biz marketinqi çox sevirik – daima maraqlı qaldığı və öyrənməyə yeni şeylər olduğu üçün. Hər bir elm kimi marketinq də təməl daşlar üzrə bünövrə salıb. Riyaziyyatda bu toplama, çıxma, vurma və bölmə əməlləridirsə, marketinqin 4 təməl daşı hansılardır?

1. Bazar araşdırması

Marketinqdə hər şey araşdırmadan başlayır (başlamalıdır). Əlimizdə keçmişdə uğur qazanan marketinq ideyası olsa belə, yenidən onu işlədəndən qabaq bazarı araşdırmaq lazımdır. Niyə? Çünki, bazar bazarlığı ilə çox dinamik və dəyişəndir. Marketinqdə göydən düşmə heç nə yoxdur. Şans sözü marketerlərə tanış deyil. Şans hazırlıq görülmüş bir fürsətdir ki, əlimizə düşən kimi ondan istifadə edirik. Hazırlıq görmək isə araşdırmaq deməkdir.

Bazar araşdırmasının 2 əsas məqsədi var:

1. Bazarı, bütün iştirakçıları və prosesləri ilə daha yaxından tanımaq;

2. Bazarda öz yerimizi tapmaq.

Məşhur bir lətifə var: bir azərbaycanlı Halloween günü ərəfəsində Kanada bazarına girir. Hər yerdə balqabaq satıldığını görür və ağlına “parlaq” bir fikir gəlir. Rayondakı qardaşına zəng edib təcili olaraq ona bir TIR balqabaq göndərməyi tapşırır. Həmin yerlimiz bazardakı yüksək tələbatı düzgün gördü, amma araşdırma edib öyrənə bilərdi ki, bu tələb sadəcə 1 günlükdür. Bəlkə də, növbəti il üçün hazırlıq görüb yaxşı pul qazana bilərdi.

Bazara yeni girən bir məhsulsunuzsa ilk öncə bazarı araşdırmalısınız. Bazarda kimlər var, kimə satırlar, necə və hansı qiymətə satırlar, harda satırlar, yaxşı satanlar necə satır, pis satanlar niyə pis satır. Bu kimi suallara cavab verməklə siz, yüzdə-yüz məğlubiyyətdən və səhvləri təkrarlamaqdan özünüzü qoruya bilərsiz. Bazara hazıra-nazir gəlmək istəyirsinizsə, araşdırma edib öz müştərinizi, öz yerinizi tapıb gəlin.

2. Marketinq strategiyası

Bazara gəlib oturmaq hələ azdır. Bazarda qalmaq üçün sizin mütləq və mütləq bazarda qalma, yəni marketinq strategiyanız olmalıdır. Bazardakı rəqiblərə qarşı hansı tədbirlər görəcəksiz, onların əks hücumları necə dəf edəcəksiz, zəif yerlərinə necə vuracaqsız, öz güclü tərəflərinizi necə göstərəcəksiz və zəif yerlərinizi necə gizlədəcəksiz suallarına cavabların olduğu strategiyadan danışırıq. Rinqə çıxan boksçunu gözünüz qabağına gətirin. Heç bir peşəkar boksçu sadəcə öz gücünə arxalanıb rinqə çıxmır, hər birinin öncədən hazırladığı rəqibi zəiflətmə və məğlub etmə strategiyası olur. Ən gözəl misal Muhammad Alidir: onun “Kəpənək kimi uç, arı kimi sanc” strategiyasının əyani tədbiqi ilə bu video çarxda tanış ola bilərsiz.

3. Mövqeləndirmə

Mövqeləndirmə olmayan marketinq marketinq deyildir. Bazarı öyrənib strategiyanı nə üçün hazırlayırıq? Brendimizi mövqeləndirmək üçün. Bazardakı, müştərinin təsəvvüründəki mövqeyimizi müəyyən etmək üçün. Müştəri bizi necə tanımalıdır? Niyə məhz bizim məhsulu almalıdır? Bizim rəqiblərdən üstün olduğumuz nədir ki, müştəri təkrarən bizi seçir? Bu sualların cavabı mövqeləndirməmizdən asılıdır.

marketinqin 4 təməl daşı mac pc

4. Marketinq plan

Marketinq planlamamarketinq plan zəruriliyi barədə nə qədər yazsaq azdır. Ümid edirəm ki, siz bir real-time Facebook postu ilə uğur qazanacağınıza və rəqibləri darmadağan edəyinizə inananlardan deyilsiniz. Hər bir marketinq fəaliyyəti plan əsasında icra olunmalıdır. Plan uğurun yarısıdır, özü də böyük yarısıdır. Düzgün hazırlanıb icra olunduğu təqdirdə sizi uduzmaqdan və itkilərdən qoruyan qalxandır. Düzdür, hər plan uğura zəmanət vermir, amma plansız da qalib gələnlərdən kimin adını çəkə bilərsiz?

Marketinqin 4 təməl daşı ilə tanış olduq – bütün marketinq fəaliyyətləri bu dörd fil üzərində qurulur, bunlardan asılıdır. Odur ki, hər hansı bir marketinq işinə başlayarkən marketinqin 4 təməl daşı barədə düşünün, ideyanız onlara tərs gəlmirsə və onları dəstəkləyirsə işinizə davam edə bilərsiz.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az