Marketinq şöbəsi sıfırdan: İş Planı

Marketinq şöbəsini yaratdıq, işçiləri də başımıza yığdıq. Daha sonra nə etmək lazımdır? Azərbaycanda bir çox marketinq şöbəsinin etdiyi kimi rəhbərliyin ağzına baxıb əmrləri gözləmək, yoxsa pro-aktiv davranıb təşəbbüs irəli sürmək? Bloqumuz ikinci cür hərəkət edənlər üçündür deyə, bu yolu seçib işə başlamaq istəyirik. Bunun üçün bizə nə lazımdır? Bəli, marketinq şöbəsinin iş planı.

İş planı dedikdə təkçə marketinq planını nəzərdə tutmuruq əlbəttə. Yeni qurulan marketinq şöbəsi görəcəyi bütün işləri əks etdirəcək Fəaliyyət Planı hazırlamalıdır. Bu faliyyət planında nələr əks olunmalıdır sualına cavabları 3 ana qrupda birləşdirə bilərik:

1. Şöbə daxili işlər

Şöbə daxili işlərə marketinqin normal fəaliyyət göstərməyi üçün tələb olunan avadanlığın alınması, səmərəli iş şəraitinin yaradılması, işçilərin lazımı treyninqlərə qoşulması, iş bölgüsünün aparılması və iş prosesinin nizamlanması aiddir. İlkin mərhələdə bu cür əksiklərin təsbit olunaraq həlli sonrakı mərhələlərdə yarana biləcək problemlərin qarşısını alacaqdır. Sadə bir misal: dizaynerdə panton palitrasının olmaması çapda rənglərin düzgün çıxmamasına gətirib çıxa bilər.

2. Şirkət daxili işlər

Bu siyahıya marketinq şöbəsinin şirkətin digər şöbələri ilə münasibətlərinin tənzimlənməsi, rəhbərlik qarşısında hesabat vermə prosedurunun qurulması kimi işlər daxildir. Maliyyə və təchizat şöbələri ilə düzgün iş qurulmasınından marketinq fəaliyyətlərinin effektivliyi birbaşa asılıdır, çünki vaxtında maliyyə ayrılmasa, təchizat şöbəsi düzgün tender keçirib tələb olunan icraçını tapmasa ən gözəl marketinq ideyası belə uğursuz olacaq.

3. Şirkətdən kənar işlər

Şirkətdən kənar işlər dedikdə marketinq şöbəsinin marketinq və reklam sahəsində fəaliyyət göstərən digər şirkətlər ilə əlaqə qurması nəzərdə tutulur. Bu şirkətlər dizayn və ya reklam xidmətləri göstərən agentliklər, reklam yerləşdirən TV-radio kanallar, mətbəə və istehsalat sexləri, tədbir keçirən məkanlar kimi icraçılar ola bilər. Bu cür şirkətlər marketinq şöbəsinin gördüyü işi tamamladığı üçün marketinq şöbəsi üçün əhəmiyyət kəsb edir.

Marketinq müdiri sözü gedən Təşkilati İş Planını hazırlayıb öz işçilərinə müvafiq tapşırıqlar verir və işə start verilir. Amma onun işi təkçə bu təşkilati məsələlər ilə yekunlaşmır. Sıra çatır Funksional İş Planına.

iş planı marketinq şöbəsi

Funksional iş planı nədir?

Funksional iş planında marketinq şöbəsinin icra etməli olduğu funksiyalara uyğun işlər qeyd olunur. Misal üçün zavodun marketinq şöbəsinin əsas funksiyası yeni məhsul hazırlamaqdır. Bunun üçün hansı işlər görülməlidir? İlk öncə məhsulun Texniki Şərti hazırlanmalı, müvafiq dövlət qurumunda təsdiqlənməli və barkod alınmalıdır. Ad yoxdursa adı düşünülüb, patentləşdirilməlidir. Daha sonra brendinq, qablaşdırma dizaynı kimi işlər görülməlidir və s. Funksional iş planı hazır olandan sonra marketinq şöbəsi müəyyən müddət ərzində hansı işlərin görülməli olduğunu görəcək, işləri əhəmiyyətinə görə sıralayacaq, iş bölgüsü aparacaq, tələb olunan resursların təmin olunması üçün aidiyyatı yerlərə müraciət edəcəkdir. Misal üçün, yeni peçenye brendi üçün xüsusi qablaşdırma düşünüldü. Məhsulu bu qablaşdırmaya paketləyəcək avadanlığı yoxdursa, alınmalı və quraşdırılmalıdır. Bu qablaşdırmanın dizaynı daha gözəl olmalıdırsa, şöbə daxilində deyil, dizayn studiyasına sifariş verilməlidir. Çapı nəzərdə tutulandan daha çox büdcə tələb edəcəyinə görə maliyyədən əlavə resurslar istənməlidir.

Funksional İş Planın ən vacib hissəsi şirkətin və brend(lər)in marketinq strategiyasının müəyyən olunması və bu strategiyanı həyata keçirəcək marketinq planın hazırlanması ilə bağlıdır. Amma bunların olması üçün ilk öncə şirkətin biznes məqsədləri ortaya qoyulmalıdır. Azərbaycan şirkətlərində marketinqin aşağı səviyyədə olmasının əsas səbəbini məhz bu biznes məqsədlərin bəlli olmamasında görürəm. Balıq başdan qoxar sözü bu misal üçün də aktualdır, çünki rəhbərlik biznes məqsədlərini müəyyən edərək marketinqə hərəkət edəcəyi istiqaməti göstərməlidir. “Şirkətin cari təqvim ilində satış hədəfi nədir?” sualına neçə şirkətin marketinq müdiri cavab verə bilir? Satış hədəfi, istehsal planı, əldə olunacaq yeni müştəri sayı kimi hədəflər bəlli olduqdan sonra marketinq müdiri nə edir? Bu hədəflərə nail olmaq üçün hansı strategiya seçilməlidir və hansı işlər görülməlidir suallarına cavab tapmalıdır. Kiçik bir keys üzərindən bu prosesin necə cərayan etdiyini göstərək:

iş planı makaron

Tutalım siz, makaron zavodunun marketinq şöbəsinin müdirisiniz. Rəhbərliyin növbəti il üçün təsdiqlədiyi istehsal planı 100 min ton makaron təşkil edir. Qida sektorunda saxlama müddəti qısa olduğuna görə istehsal olunan mal mümkün qədər tez satılmalıdır. Bu səbəbdən də isteshal=satış olaraq düşünə bilərik. Keçən il siz cəmi 80 min ton istehsal edib satmısınız. Bu o deməkdir ki, bütün digər verilənlər dəyişməsə sizin qarşınıza qoyulan əsas məqsəd əlavə 20 min ton satmağın yolunu ortaya qoymaqdır. İlk ağla gələn “gəşəng reklam kampaniyası edək sataq” fikri hər zaman düzgün olmaya bilər. İlk öncə siz bazarı araşdıraraq bu 20 min tonu nəyin hesabına sata biləcəyinizi müəyyən etməlisiniz. Makaronun bazar penetrasiyası (neçə mağazada olması faizi) aşağıdırsa, reklam etmədən yeni şəbəkələrə, rayonlara çıxaraq məqsədə nail olmaq mümkündür. Məhsulun tanınması və loyallığı aşağıdırsa, tanıdıcı reklam müəyyən dərəcədə satışı artıracaqdır. Mövcud brend ilə satışı artırmaq mümkün deyilsə, yeni brend yaradıb onun hesabına satışı artırmaq mümkün ola bilər. Bazar analizi nəticəsində problemin həlli yolu müəyyən olunaraq növbəti addımlara keçilir. Tutalım, analiz göstərdi ki, kiçik uşaqlı ailələr bizim makaronu almır. Səbəbini araşdırıb gördük ki, həkim ailələr hərf və heyvan formalı makaron axtarır. Qərarımız nə olacaq? Həmin qəlibdə makaron istehsal edib yeni bazar seqmentinə çıxmaq. Qəlib sifariş olunaraq yeni qablaşdırma hazırlamaq lazımdır, üstəlik yeni məhsulumuzu uşaqlı ailələrə tanıtmaq üçün müəyyən dərəcədə reklam işi də görülməlidir. Bu bazar seqmenti təxminən 10 min olaraq ehtimal olunduğu üçün əlavə 10 mini necə sata bilərik? Xəbər aldıq ki, qonşu ölkədə iri makaron istehsalçı müflis oldu. Bunu fürsət bilərək, boşalan qonşu ölkə bazarına ixrac etməyə başlaya bilərik.

Marketinq şöbəsi və marketinq müdiri üçün iş planı həm də ona görə vacibdir ki, rəhbərlik tərəfindən gördüyü işin peşəkarlığını və nə qədər effektiv olduğunu göstərməyə imkan yaradacaqdır. Bir də iş planını hazırlayarkən SMART sisteminə uyğun olmasına diqqət edin.

“Marketinq şöbəsi sıfırdan” yazı silsiləsindəki növbəti yazımda marketinq şöbəsinin reklam agentlikləri ilə münasibətlərinə toxunacam. Maraqlı olacaq, qaçırmayın.

Paylaş: