Marketinq miks müştərinin mal seçiminə təsir etmək məqsədi ilə şirkətin istifadə etdiyi alətlərdir. (Kotler və Kellerin tərifi). Termin ilə tanış deyilsinizsə bu yazıya keçib, ətraflı məlumat alın. Oxuduqdan sonra inanıram ki, marketinq miksin bizə öyrətdiyi 7 dərsi siz də öyrənmək istəyəcəksiz.

Marketinq miks marketinqin mayasıdır – onu bilmədən heç bir brend üçün marketinq strategiyasını qurmaq mümkün deyil.  Marketinq miksiniz hazırdırsa aşağıdakı 7 məsələni də nəzərdən keçirin:

1. Marketinq miksin 4 elementi bir-birindən asılıdır.

Bu səbəbdən birinin dəyişməsi digər üçünə də birbaşa təsir göstərəcəkdir. Məhsulun keyfiyyətinin qalxması, yeni xassəyə sahib olması qiymətini qaldıra bilər, satıldığı rəfi dəyişə bilər, promouşn üsullarını yeniləyə bilər. Uşaq bezlərinin mağazada deyil, aptekdə satılması kimi: hərəsinin öz marketinq yanaşması olmalıdır.

2. Məhsul ən vacib element deyil.

Əvvəl elə idi, indi yox. Hazırda məhsullar kifayət qədər standartlaşıb, rəqiblərdən əsas göstəricilərinə görə fərqlənməz hala çevrilib. Zəif məhsulu düzgün promouşn ilə baha qiymətə satmaq mümkündür. Aşağı keyfiyyətli məhsul rəfi tutsa, yaxşı satış göstərə bilər. Əlavə promouşna ehtiyac olmadan ucuz qiymətlə müəyyən bazar payı tutmaq mümkündür. Marketinq miksin 4 elementi eyni dərəcədə vacibdir – düzdür məhsuldan və sektordan asılı olaraq istisnalar ola bilər.

3. Qiyməti bazar müəyyən edir.

Biz nə qədər daxili qiymətqoymanın önəmini vurğulasaq da, son sözü bazar, rəqabət, rəqiblər və alıcı deyir. Kəskin rəqabət şəraitində qiymətqoyma yüksək çevikliyə sahib olmalıdır. Aşağı qiymət siyasətinə məcbur qalsanız, müvafiq olaraq məhsulun maya dəyərini aşağı salmağa, daha ucuz promouşna əl atmağa məcbur olacaqsız.

marketinq miks qiymət

4. Promouşn etməsəniz sata bilməyəcəksiz.

Bu qədər bəsit. Yaxşı malın reklama ehtiyacı var. Elə olmasaydı Coca-Cola, iPhone, Mercedes reklam etməzdi, halbuki reklam büdcələri milyardlarla dollar təşkil edir. Reklamın əsas məqsədi məhsulu potensial müştəriyə düzgün tanıtmaqdır. Adi insanın gündəlik informasiya axımında, mağazadakı mal çeşidində sizin malı görüb bəyənməsi mümkünsüz kimi bir şeydir. Niyə axı müştəri öz sevimli Kinderini heç tanımadığı bir şokolada dəyişməlidir? Reklamınız bunun üçün ona inandırıcı səbəb verməlidir.

5. Məkan müştəri üçün maksimum rahat olmalıdır.

Müştərinin malı gəlib zavoddan aldığı dövr bitib artıq. Malı satan əziyyətinə qatlanmalıdır. Əziyyəti isə ondan ibarətdir ki, siz malı alması üçün müştərinizə maksimum şərait və imkan yaratmalısınız. Amazon dronlar vasitəsi ilə aldığınız malı evinizin pəncərəsinə qədər çatdırır. Dünya nahəngi Procter&Gamble ilə Amazon elə bir sistem yaradıblar ki, Amazon anbarında mal bitənə yaxın sistem avtomatik Procter&Gamble anbarına sifariş verir. Mağazaya gedib özünüzü müştəri kimi aparın – baxın görün:

a) malınızı marketdə tapmaq nə qədər asandır?

b) müştəri malınızı rəfdə görə bilirmi?

c) rəfdəki duruşu, yığılışı müştərini onu almağa sövq edirmi?

d) rəfdəki rəqiblər arasında seçilir, diqqətini çəkə bilirmi?

e) çeşid çoxdursa neçə faizi rəfdə təmsil olunub?

marketinq miks mağaza

6. İşçiləriniz marketinq miksin ayrılmaz hissəsidir.

Marketinq miks əslində 4P deyil, 5P-dir: People (yəni işçiləriniz). Xüsusən xidmət sektorunda işçiləriniz sizin əsas silahınızdır. Mal satışında da satıcılarınız sizin şirkəti, sizin brendi təmsil edirlər – tərəfdaşlarınız (mağazalar, topdançılar, vasitəçilər) onları tanıyıb sizin brend haqqında fikir formalaşdırırlar. İşçilərinizə dəyər verin, onları motivasiya edin. 5 qazanırsınızsa, 1 onlara verin. Yaxşı işçi, yaxşı satıcı digər işçiləriniz üçün bir nümunədir, onları daha yaxşı peşəkar olmağa həvəsləndirəcəkdir. İşçilərinizi yetişdirin, öyrədin – onların təhsilinə xərclədiyiniz hər manat 10 qat sizə geri dönəcəkdir.

7. Marketinq miks bütün şirkətin dərdi olmalıdır.

Marketinq miks şirkətin təkçə marketinq bölməsinə aid bir məsələ deyil. Bütün şirkət: maliyyə, kadrlar, loqistika, inzibati şöbələr hamısı marketinq miksinin düzgün həyata keçirilməsinə cavabdehdir. Kadrlar şöbəsi işçilərə düzgün treyninq keçsə, loqistika şöbəsi malı marketə vaxtında çatdırsa, maliyyə mənfəəti təmin edən qiymət siyasəti yeritsə marketinq prosesi də axıcı və effektiv olacaqdır.

Marketinq miks ərəbin dəvəsi kimidir: ona süd verir, yol yoldaşı olur, fırtına zamanında qoruyur. Hər marketer marketinq miks ilə oturub qalxmalıdır – əsas işi marketinq miksə baxmaq, təkminləşdirmək və effektivliyini artırmaq olmalıdır.