Marketinq menecment nə üçün lazımdır?

Marketinq menecment nədir və nə üçün lazımdır? Marketinq menecmentə ehtiyac hardan yaranıb? Marketinqi idarə etməklə biz, nə əldə edə bilərik? Bu sualların cavabları ilə cari yazımızda sizi tanış edəcəyik. Odur ki, bizimlə qalın.

Marketinq menecment şirkətin marketinq prinsipləri əsasında idarə olunmasıdır. İdarəetmənin beşinci funksiyası kimi menecmentə daxil olan marketinq hazırda onun əsasını təşkil etməyə başlayır. Təsadüfi deyil ki, dünyanın aparıcı şirkətlərinə getdikçə daha çox marketerlər başcılıq etməyə başlayır. İdarəetmədə marketinq yanaşmasının əsas alınması ilə marketinq menecmentinin ulduzu parlamağa başladı.

marketinq menecment plan

Marketinq menecment ehtiyacı necə yaranıb?

Tarixdən yəgin ki, sanayə inqlabının yaranması dövrü ilə tanışsız. Həmin əsrdə nə istehsal olunurdusa satılırdı. Tələb o qədər çox idi ki, istehsalçıların satmaq kimi bir dərdi yox idi. İstehsalçı sayı artdıqca rəqabət də yaranmağa başladı. Rəqabət də öz növbəsində marketinqə tələb yaratdı. XX əsrin sonlarına tərəf isə brendlər artıq marketinqin özündə də rəqabətə keçdilər: indilərdə məhsulu güclü olan yox, marketinqi daha güclü olan brend qalib gəlir. Bu mərhələdə marketinqin düzgün idarə olunması məsələsi gündəmə gəldi.

Marketinqi idarə etməklə biz, nələri əldə edə bilərik? Bu suala cavab verməklə marketinq menecmentin 5 əsas funksiyası ilə də tanış olacağıq.

1. Brend dəyərinin yaradılması

Məhsulların marketinqi yox, brendlərin marketinqi dövrüdür hazırda. “Brend nədir?” soruşsaq “müştərisinə vəd etdiyi dəyərdir” cavabı alarıq. Dəyər brend üçün hər şeydir. Brendin verdiyi dəyər olmasa, heç bir insan onu almaz. Alıcı brendi, verdiyi dəyərə görə alır. Coca-cola (bəzi mənbələrə görə) ziyan ola bilər, amma verdiyi ləzzət dəyəri insanları onu almağa sövq edir. iPhone-nun rəqibləri bir çox funksionalda ondan üstündür, amma iPhone alan “cəmiyyətdən geri qalmamaq” dəyəri üçün onu alır. Marketinqi idarə etməklə biz, brendimizə dəyər, dəyərlə birlikdə müştərilər qazandırmalıyıq.

2. Strategiya və planların hazırlanması

Dəyəri yaradandan sonra onu müştəriyə çatdırmaq, müştərini inandırmaq üçün bizim strategiya və plana ehtiyacımız var. Marketinq menecmentin də işi bunları hazırlamaqdır. Marketinq miksdən tutmuş sosial media aylıq planına qədər hər bir “döyüş” sənədimiz qaydasında olmalı və bizə əsas marketinq hədəflərimizə nail olmağa kömək etməlidir.

3. Bazarın nəbzini tutmaq

marketinq menecment döyüş

Rəqabət fasiləsiz döyüş, bitməyən müharibədir – marketer isə ordusunun sərkərdəsi. Döyüş gedən zaman sərkərdə başqa işlə məşğul ola, dincələ bilərmi? Xeyir. Düşmən ilk fürsətdə zəif yerimizə hücum edib müdafiə xəttimizi əzə, bizi də məğlub edə bilər. Heç vaxt unutmayın ki, fəaliyyətinin ilk iki ilində hər 3 biznesdən 2-si müflis olur. 10 ilinə ancaq on şirkətdən biri sağ çıxır. Bazar döyüş meydanıdır. Bazarı daimi olaraq araşdırmaq, rəqiblərin fəaliyyətlərini izləmək, əsgərləriniz olan müştərinin hal-əhvalı ilə maraqlanmaq lazımdır.

4. Kommunikasiyaların qurulması və idarə olunması

Marketinq prosesi müştəri ilə davamlı və iki tərəfli kommunikasiyadır.  Brend tərəfdən müştəriyə brend mesajı göndərilir, müştəri tərəfindən brendə onun müştəri rəyi gəlir. Kommuniyasını idarə etməkdə məqsədimiz, hər iki tərəfdən gələn informasiyanı marketinq məqsədlərinə xidmət etməsini təmin etməkdir. Yəni brend mesajı məhsulu satdırmalıdır. Müştəri rəyini almaqla isə biz öz məhsulumuzu təkminləşdirə, brendimizi müştəriyə daha sevimli edə bilərik – bununla da daha çox, daha baha qiymətə sata bilərik.

5. Müştəri ilə münasibətlərin qurulması

Nə deyirsiz deyin, amma müharibəni silahlar deyil, əsgərlər udur. Daha bilikli, daha bacarıqlı, daha loyal əsgərlərimiz olan müştərilərimiz. Kimin müştərisi çoxdur, daha loyaldırsa rəqabətdə də o qalib gəlir. Marketinq menecmentin əsas məqsədlərindən biri də bu cür müştərilər yetişdirməkdir.

marketinq menecment

İndi də gəldik marketinq menecmentin əsas məqsədinə. Marketinqi idarə etməkdə əsas məqsədimiz davamlı rəqabətqabiliyyətliliyin əldə olunmasıdır. Davamlı rəqabətqabiliyyətlilik nədir? Çox, lap çox uzun müddət ərzində brendimizin rəqabətə davamlı, yüksək rəqabət qaliyyətinə malik olması ilə mənfəət qazandırmasıdır. Bu brendlərin həyat sikli heç vaxt bitmir. Düzgün marketinq, marketinqin düzgün idarə olunması, şirkətin marketinq əsaslı idarə olunması ölümsüz brendlərə gətirib çıxarır. İnanıram ki, bu ölümsüz brendlərdən ən az birindən bugün istifadə etmisiniz. Nahar vaxtında. Xatırladız?

Paylaş: