“Marketinq konsepti nədir?” sualı sizi heç düşündürübmü? Marketinqin yaranmasına gətirib çıxardan hansı ehtiyac olub? Marketinq konseptləri hansılardır? Marketinq konsepti hansı prinsiplər və məqsədin əsasında qurulur? Sizi bu maraqlı mövzu ilə tanış olmağa dəvət edirəm.

marketinq konsepti

Bazar ilə bağlı mənasında düşünsək marketinq natural təsərrüfatdan istehsal təsərrüfatına keçidlə birlikdə yaranmışdır. Maldarlar əkinçilərlə, daha sonra sənətkarlarla bazarda görüşəndə öz malını satmaq üçün marketinqə ehtiyac hiss etdilər. İbtidai mənada klassik marketinq bazar iştirakçəlarının öz malını satmaq üçün istifadə etdiyi mesaj, alət və üsulların məcmusu kimi yarandı. 20-ci əsrin ortalarında klassik marketinq məhsulun daha effektiv tanıdılması konsepti üzərində qurulmuşdu. Marketinqin əsas məqsədi satış idi, bu satışı gerçəkləşdirmək üçün hazırlanan reklam mesajının kreativ və diqqətçəkən olması çox vaxt yetərli idi. Marketinq alətləri və kanalları bu işdə o qədər də vacib rol oynamırdı. İstehsal iqtisadiyyatı şəraitində şirkətlərin, həmçinin marketerlərin əsas işi məhsulu daha yaxşı, daha keyfiyyətli, daha faydalı, daha unikal və fərqli etmək idi. Belə məhsulu almaq üçün müştəri özü can atmalı idi. Klassik marketinqin konsepti də bu  tələblərə cavab verən məhsulu ortaya çıxartmaq və ya müştərini məhsulun bu cür olduğuna inandırmaqdan ibarət idi.

Müasir marketinq sənaye inqlabından sonra, istehsalın kəskin artması nəticəsindəki bazarın dolması şəraitində yarandı. Müştəri bazardakı mal bolluğu ilə qarşılaşıb seçim etməkdə çətinlik çəkirdi. Çünki, bu məhsullar arasında keyfiyyətdə, faydalılıqda və qiymətdə kəskin fərq demək olar ki yox idi. Məhsullar unikallığını uzun müddət qoruya bilmirdi, rəqiblər qısa müddət ərzində məhsulun unikal xassəsini kopyalayıb eynisini bazara çıxara bilirdi. Bu şəraitdə şirkətlər nə etməli idi? Sualın cavabını yəgin ki, təxmin etdiniz. Müasir rəqabət şəraitində, rəqabətə tab gətirmək üçün şirkətlər öz məhsullarını brendə çevirməli idi. Yalnız güclü brend ilə şirkətlər öz məhsulunu rəqiblərdən fərqləndirə, üstünlüyünə inandıra və loyallıq yarada biləcəklərinə şahid oldular. Müasir marketinq konsepti də bu həqiqətin üzərində yarandı. Amma hər məhsul brend ola bilmir. Bunun üçün əsas şərt nədir? Brend olmaq üçün məhsul müştərinin ehtiyac və istəklərinə cavab verməlidir.

marketinq konsepti

Müasir marketinq konsepti əsasında müştərinin ehtiyac və istəklərinin maksimum səviyyədə təmin olunması durur. Klassik marketinqdə marketerlər istehsal olunan malları satmaqla məşğul idilər. Müasir marketinqdə isə marketerlər müştərinin ehtiyaclarını ən yüksək səviyyədə təmin edəcək malları araşdırır, hazırlatdırır, brend yaradır və onu idarə edir. Həmin ehtiyacları öyrənmək üçün müxtəlif araşdırma və müşahidələr aparır. Ola bilsin ki, müştərinin bu ehtiyacdan heç xəbəri belə olmasın. Əsl marketer sürətlə dəyişən bazarın trendlərini izləyərək, müştərisinin fikir və hisslərini araşdıraraq bu cür ehtiyacları aşkara çıxarır, daha sonra isə insanları valeh edəcək, vəkilinə çevirəcək məhsullar yaradır. Bu cür məhsullar isə zamanla brendə çevrilir. iPhone bazara təqdim olunanda hamı gülürdü ki, bir düyməli telefon olar?.Hamı bu məhsulu avantüra adlandırırdı. Amma dahi marketer olan Steve Jobs müştərisini yaxşı tanıyırdı. Toxunma ilə idarə olunan smartfonların insanların işini nə qədər asanlaşdıracağını da təxmin edirdi. iPod misalında da həmçinin Steve Jobsun dahiliyi özünü bir daha biruzə verdi.

marketinq konsepti

Marketinqin konsepti bir fəlsəfədir. Bu fəlsəfə şirkətin bütün işçiləri tərəfindən mənimsənməli və işlərində tədbiq olunmalıdır. Bütün idarəetmə prosesləri müştəri yönümlü olmalıdır. Bu fəlsəfənin mərkəzində müştəri və müştərinin ehtiyacının ödənilməsi durmalıdır. Müştəri məmnuniyyəti bu fəlsəfənin başlıca prinsipidir. Ən uğurlu brendlər müştəri məmnuniyyəti yüksək olan brendlərdir. Unutmayın ki, brendin dəyərini yalnız məmnun müştəriyə çatdırmaq olar. Sizdən razı qalan müştəri sizin ən yaxşı, ən effektiv reklamınızdır. Məmnun olmayan müştəri isə problem deyil, mövcud problemi ortaya çıxaran və həllinə imkan yaradan bir fürsətdir. Müştəri sizə pul qazandırırsa, əsas məqsədiniz ona gözlədiyindən də yüksək səviyyədə xidmət göstərmək, arzulamağa belə cəsarət etmədiyi məhsulu ona təqdim etməkdir. Uğurlu brendə sahib olmağın yolu budur.