“Manatla səsvermə” yanaşması sırf Azərbaycana xas bir yanaşma deyil, sadəcə daha düzgün olsun deyə “Dollar səsverməsi” terminini milli valyutada yazmağa qərar verdim. Manatla səsvermə nədir və marketinqdə nə işi var suallarına cavab tapacağınız yazı ilə qarşısınızdayıq.

Hər bir vətəndaşın səsvermə hüququ var. Biz Prezidenti, millət vəkillərini, bələdiyyə üzvlərini kimi vəzifəli şəxsləri seçmək hüququna sahibik. İnsanlar səsvermə məntəqələrinə gedərək səsvermə bülletenlərinə bəyəndikləri namizədin adının qarşısında “quş qoyur”. Çoxluğun seçdiyi namizəd təyin olunan müddətdə həmin vəzifəni icra etmək hüququ qazanır. Digər namizədlər isə öz işlərinə qayıdır.

manatla səsvermə trump

Marketinqdə də əslində buna oxşar proses baş verir. Hər gün, hər dəqiqə mağazalarda adi insanlar səs verir: hansı məhsulun yaşamaq və inkişaf hüququ var, hansı isə ölməyə məhkumdur. İnsanların daha çox aldığı məhsul daha çox satılır, daha çox satıldığı üçün yaxşı mənfəət qazanır, bazar payını artıraraq inkişaf edir və rəqiblərini sıxır. İnsanların bəyənib almadığı məhsullar isə istehsalçı tərəfindən bazardan çıxarılır. Bu prosesdə səsvermə məntəqələri mağazalardırsa, səsvermə bülletenləri insanların bu məhsulları almaq üçün sərf etdikləri pul, yəni manatlardır. Bu səbəbdən də bu prosesə “manatla səsvermə” adı verilir.

Adi alış-veriş prosesini bu cür gəlizləşdirib adını “manatla səsvermə” qoymağa nə ehtiyac var deyə soruşa bilərsiz. Manatla səsvermə yanaşması bizə alış-veriş prosesinə fərqli bucaq altında baxmağa imkan verir. Bu yanaşmanın marketinq baxımından 4 vacib cəhəti aşağıdakılardır:

1. Brendlərin seçki platforması

Brendlərin bazar mövqeləndirilməsi bizə seçkilərdəki namizədlərin seçki platformasını xatırladır. Hər bir brend mağazadakı rəfdən qalib çıxmaq üçün alıcısına bir vəd verir: məni alsan sənə inanılmaz zövq yaşadacam tərzində. Amma alıcısını bu seçki platformasına inandırmaq elə də asan məsələ deyil. Alıcı bir dəfə məhsulun gözəl qablaşdırmasına aldanıb onu ala bilər, amma brendin vədi alıcının yaşadığı təcrübədən zəif olsa həmin brend alıcının gözündə düşəcək. Bu səbəbdən brendlər alıcısını inandıraca biləcəyi vəd verməli, bu vədini əsaslandıracaq səbəbləri ortaya qoymalıdır. Brendlər maksimal dərəcədə alıcılarına yaxın və sadə olmalı, onlardan biri kimi görsənməli və dərdlərinə dərman olmağı bacarmalıdır.

2. Ürəklə səsvermə

Adi səsvermədə olduğu kimi Manatla səsvermə də 100-də 100 rasional deyil. Çox az seçici var ki, namizədi şəxsən tanıyır. Brendlər də elədir. Neçə nəfər gedib populyar kolbasa brendinin zavodunda istehsal prosesi ilə tanış olub? Bəzən deyirlər ki, kolbasa sexlərində işləyənlər kolbasa yemir filan. Alış barədə qərar verərkən insanlar (adətən) ilkin informasiya toplamağa çalışır: internetdə araşdırma edir, rəyləri oxuyur, dost-tanışdan soruşur və s. Amma mağazada, rəfin qarşısında duranda alıcının çox az vaxtı var. Uzaq başı etiketi oxuyub, dizayna, qiymətinə filan baxıb alım-almayım qərarını verməlidir. Bu an ağıl ilə deyil, ürəklə səsvermə baş verir. Alıcıya daha sevimli gələn brend seçkidə qalib olub zənbilə düşür. Bu baxımından brendlər alıcıya maksimum yaxın olmağa çalışır. Seçicilər də namizəd ilə öz arasında hər hansı bir oxşar cəhəti qabardıb ona səsvermək üçün bir növü bəhanə axtarır. Brendlər də eyni qayda ilə: orqanik qida həvəskarlarını orqanik tərkib, heyvan hüquqlarının qayğısına qalanları heyvanlar üzərində test aparılmadan hazırlanan kosmetika ilə cəlb etməyə çalışır.

3. Yenilərə şans vermə

Təsəvvür edin ki, insanlar sadəcə bir dəfə “səs verib” ömür boyu istehlak edəcəyi brendləri seçməli olur. Bir dəfə seçdiyin makaronu daha sonra dəyişə bilmirsən. Amma nə yaxşı ki, Manatla səsvermədə demokratiya var, brendlərin seçilmək hüququ var. Bu seçkidə uduzsaq da növbəti seçkilərə daha yaxşı hazırlaşacağıq. Yeni və ya rəqabətdə uduzan brendlər öz ümidlərini itirmir, sabah yenə də marketdə alıcının diqqətini qazanmağa çalışır. Ola bilər ki, reklam mesajını dəyişir, qablaşdırmanı yeniləyir, daha başqa brend siması istifadə edir. Bir evə girə bilməsə də digər evə girmək şansını əldən vermir. Alış prosesinə Manantla səsvermə pəncərəsindən baxsaq daima öz brendimizi təkminləşdirməyə, alıcıların daha çox bəyənəcəyi, istək və maraqlarına daha yaxşı cavab verən brend olmağa çalışacağıq.

4. Manatla bizneslərə dəstək

Manatla səsvermənin marketinq üçün maraqlı bir cəhəti də müəyyən rəqabət qabiliyyətliliyi aşağı olan biznes sahələrinə diqqət çəkmək üçün istifadə olunmasıdır. Ən populyar misal kiçik yerli bizneslərdir: baqqal dükanları, kafelər, kitab mağazaları və s. Adi alıcılar həmin mağazaların bağlanmasını istəməyərək onlara dəstək olur, alış-verişin bir qismini orda edirlər. ABŞ-da misal üçün “Yerli Biznesə Dəstək” xarakterli reklam kampaniyaları da həyata keçirilir, yarmarkalar və festivallar təşkil olunur.

manatla səsvermə kçik biznes

Müştəri olaraq siz, marketdə olanda nə aldığınıza diqqət edin. Rəfdə gördüyünüz məhsullardan hansını sabah da rəfdə görmək istəyirsinizsə onu alın. Hansı istehsalçı sizin dünya görüşünüzə daha yaxındırsa, sizin rəhbər tutduğunuz prinsipləri dəstəkləyirsə siz də ona dəstək olun. Manatınızla düzgün məhsula səs verin!