Korporativ sosial məsuliyyət deyəndə kommersiya məqsədli şirkətlərin birbaşa gəlir götürmək məqsədi olmayan, cəmiyyətin müəyyən bir təbəqəsinin ehtiyaclarını qarşılamağa, problemləri həll etməyə yönəlmiş fəaliyyəti nəzərdə tutulur. KSM-i sponsorluq ilə qarışdırmayın – sponsorluğun əsas məqsədi brendin tanıdılmasıdır, hədəf auditoriyaya daha yaxın olmaq, potensial müştərilər ilə ünsiyyət qurmaqdır: məsələn tədbir sponsorluğu.
Bildiyimiz kimi şirkətlərin əsas məqsədi mənfəət qazanmaqdır. Sual yarana bilər ki, hansı səbəbə görə şirkət gəlir gətirməyən layihələrə pul xərcləməlidir? Gəlin bu səbəbləri nəzərdən keçirdək:
1. Brendə dəyər qazandırdığı üçün
Müasir dövrdə şirkətlər arası rəqabət tam fərli bir müstəviyə keçib. Əvvəllər şirkətlər məhsul, qiymət və keyfiyyət üzərindən rəqabət aparırdılar: daha funksional məhsul istehsal etməyə, daha sərfəli qiymət və ya daha üstün keyfiyyə təqdim etməyə çalışırdılar. İndi isə məhsullar arasında demək olar ki fərq qalmayıb: istehsal standartları o qədər təkminləşib ki, keyfiyyətsiz məhsul buraxmaq mümkün deyil, qiymət salmaq özünə ziyan edir, məhsulu dəyərsizləşdirir. Məhsullar brend dəyəri hesabına fərqlənməyə və loyallıq qazanmağa çalışır. KSM layihələri də məhz brendin müsbət imicini artırır, potensial müştəri gözündə brendə xallar qazandırır.
2. İnnovasiyaların tətbiqi
İnsanlar hamını narahat edən problemlərə qarşı daha həssas olublar: qlobal istiləşmə, təmiz su, ətraf mühitin qorunması, heyvanlar üzərində sınaqların keçirilməsi, nadir heyvanların qorunması kimi. Əgər məhsulun istehsalında bu təsirlər mövcuddursa sözsüz ki, sizin brend də bundan təsirlənəcəkdir. Məsələn, qadınlar üçün kosmetik məhsulların hazırlanmasında laboratoriya siçanları üzərində müəyyən testlər aparılır. Elmi yöndən bu normal bir prosesdir və məqsədi insanları mümkün fəsadlardan qorumaqdır. Amma bir çox qadın buna mənfi yanaşır. Bu rəyləri nəzərə alan kosmetik şirkətlər heyvanlar üzərində sınaq etməyə ehtiyac olmadan təbii vasitələr üzərinə fokuslanır, yeni texnologiyalar kəşf etməyə, innovasiyalar tətbiq etməyə çalışırlar. Və ya ətrafl mühiti çirkəndirən istehsal prosesini daha az ziyanlı etmək məqsədi ilə tədbiq olunan texnologiyalar nəticədə daha səmərəli istehsala gətirib çıxarır. İstilik elektrik stansiyalarının günəş və ya külək elektrik stansiyaları ilə əvəz olunması yeni texnologiyalara tələbat yaradır. Həmçinin, nadir ağac növlərinin qırılmasının qarşısını almaqla şirkətlər onları əvəz edəcək kimyəvi polimerlər kəşf etməyə məcbur olur.
3. Daha çox qənaət
Elektrik enerjisindən daha az istifadə texnologiyaları, ofislərdə daha az sənədin çap olunması, avtomobil nəqliyyatının məhdudlaşdırılması kimi korporativ sosial məsuliyyət layihələri nəticədə daha çox qənaət etməyə səbəb olur. Elektrikdən daha qənaətli istifadə istəyi ağıllı evlərin inkişafına təkan verdi, ağacların qorunması üçün ofislərdə lazımsız sənədlərin çap olunmaması təşviq olunur, havanın çirklənməsinin qarşısını almaq üçün avtomobillərə tədbiq olunan yüksək vergilər elektrik avtomobillərin inkişafına daha çox stimul verir. Nəticəsə şirkətlərin, ümumilikdə cəmiyyətin iş səmərəliliyi artır, xərcləri azalır, bununla da mənfəət göstəriciləri artır.
4. Uzunmüddətli strategiyaların tədbiqi
Ziyanlı istehsal bu gün üçün daha səmərəli görsənə bilər. Amma uzunmüddətli düşünəndə ətraf mühitin çirklənməsi gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərəcək, həyat şərtlərini və qiymətini artıracaq. Günəş enerjisinə keçid bir neçə il əvvəl çox bahalı və səmərəsiz kimi görsənirdi. Amma daha səmərəli texnologiyarın kəşfi ilə hazırda adi evlərdə belə günəş panellərini quraşdırılması olduqça səmərəlidir və bir neçə ilə öz xərcini qarşılayır. Təhsilə yatırılan investisiyalar gələcəkdə sizi yüksək səviyyəli mütəxəssislər ilə təmin edəcəkdir. KSM layihələri beləliklə şirkətləri strateji düşünməyə, bu günün gəlirləri hesabına gələcək dayanıqlı inkişafı qurban verməməyə sövq edir.
5. Müştərilər ilə daha sıx ünsiyyət, daha güclü loyallıq
Təsəvvür edin ki, siz ayaqqabı almalısınız. Alış-veriş mərkəzində bir neçə ayaqqabı mağazası var, hamısında sizin bəyəndiyiniz ayaqqabılar satılır. Amma TOMS mağazısından ayaqqabı alsanız, bir dəst ayaqqabı Afrikada ehtiyacı olan bir uşağa hədiyyə olunacaq. Siz olsanız nə edərsiz? TOMS-dan ayaqqabı alıb Facebookda paylaşmarsız? Dostunuz ayaqqabı almaq istəyəndə bu kampaniya barədə ona məlumat vermərsiz? Cavabınız “Əlbəttə”dirsə, demək siz müsbət tərəfdəsiz.
6. İşçilərin loyallığı
Sizin işçiləriniz də adi insanlardır. Onlar üçün bəlkə də maaşdan çox şirkətə mənsubiyyət daha böyük motivasiyadır. Əgər şirkət xeyirli, faydalı və fəxrolunacaq bir işlə məşğul olursa əmin ola bilərsiniz ki, sizin işçiniz də sizin şirkətdə işləməyi ilə fəxr edəcək. Əksi də düzdür – heç kim mənfi reputasiyaya malik şirkətdə çalışdı ilə bölüşməyəcək, ilk fürsətdə şirkətinizdən qaçmağa çalışacaqdır. Şirkətin korporativ sosial məsuliyyət siyasətini yaşadan, həyata keçirən sizin işçilərdir, bunu sevərək etmələri nəticəsində şirkətin fəaliyyətinin effektivliyini artacaq, şirkətin uğurunu təşviq edəcəkdir.
Korporativ sosial məsuliyyət hər bir dərdə dəva deyil. Amma cəmiyyətin hərtərəfli inkişafı baxımından KSM layihələrinin dəstəklənməsi, KSM-ə ayrılan vəsaitlərin vergidən azad olunması, müəyyən güzəştlərin tədbiq olunması dövlət siyasəti kimi çox vacibdir. “KSM lazımdırmı?” sualına cavab axtarmaq yerinə biznesi inkişaf etdirəcək KSM layihələrini ortaya qoymaq lazımdır.