Kontent sözünün hərfi tərcüməsi “məzmun” deməkdir. Sosial mediada istifadəsi baxımından bu termin informasiya, məlumat mənasında istifadə olunur. Bəs informasiyanı kontent edən nədir?
Kontent insanların marağına səbəb olacaq, bilmək və öyrənmək istədikləri informasiyadır. İnsanlar daima maraqlı, faydalı, əyləncəli informasiya axtarışdadırlar. İnsanın qidaya, suya ehtiyacı olduğu kimi informasiyaya da dəyişməz təbii ehtiyacları var. Belə demək mümkündürsə, insanı heyvandan fərqləndirən məhz bu yeni informasiyaya tələbatıdır. Maraqlandığı informasiyanı əldə etmək üçün müxtəlif kanallar var: digər insanlar, kitablar, TV və internet, o cümlədən sosial şəbəkələr. Hüceyrə kamerasında da insanı dəli edən məhz yeni informasiya qıtlığıdır.
Hər bir brend müştərisi üçün kontentin daşıyıcısıdır, ona maraqlanacağı bir informasiya ötürməyə, ehtiyacını necə ödəyə biləcəyini və ən əsası niyə məhz onu seçəcəyini izah etməyə çalışır. Bütün bu məlumatlar brend kontenti anlayışına daxildir. Amma brendin öz kontentinə sahib olması yetərli deyil. Onu müştəriyə düzgün və effektiv şəkildə çatdırmaq üçün kontentin hazırlanma strategiyası tələb olunur. Kontent strategiyası brend kontentinin müştəriyə etibar yaradacaq, inandırıcı və şəffaf şəkildə çatdırılmasıdır. Kontent strategiyasının əsas məqsədi müştərini düzgün və hərtərəfli məlumatlandırmaqdır. Düzgün məlumatlandırılmış insanı müştəriyə çevirmək isə kontent marketinqin işidir. Kontent marketinq insanı, ondan tələb olunan məxsusi, brendə xeyir gətirəcək əməli atmağa vadar etmək deməkdir.
Bütün bu ardıcıl prosesin məqsədi hər zaman olduğu kimi insanı müştəriyə çevirmək və ona məhsulu (xidməti) satmaqdır.
Bu şəkilə nəzər yetirin. Şəkildə Afrika ölkələrindəki yoxsulluq problemi emosional bir tərzdə göstərilib. Əgər sizin məqsədiniz bu problemə diqqət çəkməkdirsə bu kontent strategiyasının bir hissədır. Yox, əgər məqsədiniz onlara yardım toplamaqdırsa, bu strategiyanın istifadə olunması kontent marketinqdir. Kontent strategiyasını bir bıcaq təsəvvür edin. Bıcaqları düzəldən bıcaqçı ilə aşbaz arasında fərq nədir? Bıcaqçı ancaq bıcaq düzəldir, aşbaz isə bu bıcaqlardan istifadə edib dadlı təamlar bişirir. Kontent marketinq də məhz həmin dadlı təamlardır.
Yaşadığımız əsri təsadüfən informasiya əsri adlandırmırlar. İndiki zamanda nə baş verirsə informasiyanın ətrafında baş verir. Müharibələr belə informasiya müharibəsi adlanır. Ən bahalı əmtəə informasiyadır, siyasətdə rəqibləri pul deyil, informasiya məğlub edir, insanlar ekologiyadan çox informasiya kirliliyindən əziyyət çəkir. İnternet inqlabı, sosial media alətləri informasiya axımını inanılmaz dərəcədə sürətləndirməklə yanaşı onun təsirini də artırdı. “Ərəb baharı“nı xatırlayın – xalq ilk olaraq Facebookda öz etirazını bildirərək burda təşkilatlandı, daha sonra hakimiyyəti devirmək üçün ayağa qalxdı.
Bu misalı verməkdə məqsədim kontent strategiyasının və kontent marketinqin nə dərəcədə əhəmiyyətli olduğuna diqqət çəkməkdir. Misirdəki “Facebook” inqlabının arxasında Mərkəzi Kəşfiyyat İdarəsi kimi bir qurumun dayanıb dayanmamasından asılı olmayaraq, insanları hərəkətə gətirən, onları etirazlara sövq edən məhz kontent və bu kontentin təqdimat tərzi oldu. Liviyada bir insanın özünü yandırmasının şəkillərinin sosial mediada paylaşılması və qısa zamanda ölkəyə yayılması üsyanın ilk qığılcımı idi.
Kontent bir brend üçün nə deməkdir? Sosial media dövründə hər bir brend öz kontentinin müəllifi rolunda çıxış edir. Yox, sadəcə müəllifi deyil, eyni zamanda kontentin naşiri, yayımıcısı və inkişaf etdirənidir. Kontenti hazırlayıb paylaşmaqla iş tamam olmur. Kontentin nə dərəcədə uğurlu olması insanların, əsas da hədəf auditoriyasının bu kontentə hansı səviyyədə maraq göstərəcəyindən asılıdır. İnternetdə heç kimi paylaşdığın postu bəyənməyə, şərh yazmağa, xüsusən də paylaşmağa məcbur etmək mümkün deyil. Kontent özü özlüyündə insanlar üçün maraqlı olmalı, təsir edəcək tərzdə təqdim olunmalı və düzgün qaydada paylaşılmalıdır.
Kontent insanları necə cəlb edir, onları hərəkətə necə gətirir? Uğurlu kontentin sirri müəyyən bir hekayəyə əsaslanması, faydalı, aşkar və gündəmdə olması, cazibədar və paylaşıla bilən olmasıdır. Bu tərifdə ən vacib inqrediyent məhz hekayədir. İnsanların psixologiyası elə qurulub ki, hekayələr formatında düşünür, hekayəyə əsasən hərəkət edir. Misal üçün: “Qızın valideynləri yoxdur” ifadəsi ilə “Qız körpə yaşlarında valideynlərini yol qəzasında itirib” cümləsi arasında fərq nədir? Elədir ki, var. İkinci cümlədə insanların diqqətini cəlb edən, emosiya yaradan hekayə var.
Bəli, kontent kraldır, bir şərtlə ki, kontent strategiyasında əsaslanır və hədəf auditoriya tərəfindən dəyərli hesab olunan bir hekayənin parçasıdır.