Marketer olaraq izləməli olduğumuz videolar hansılardır? Sizin üçün seçdiyim və faydalı hesab etdiklərimi sizinlə paylaşmaq istərdim.

Ali məktəblərdə keçirilən Marketinq haqqında bir sıra fundamental kitabların müəllifi Philip Kotlerin marketinq haqqında söhbətinə qulaq asmağa nə deyirsiz?

Marketinq kreativ olmalıdır. Marketinqlə məşğul olan şəxs kreativ olmalıdır. Kreativ olmaq üçün isə orijinal düşüncə tərzi və yanaşması olmalıdır. Bu barədə əsrimizin top 10 psixologiya ustadlarından biri olan Adam Grantdan eşidək.

Marketinqin əsas işi müştərini maarifləndirmək, tərbiyə etmək, ona istədiyimiz vərdişi aşılamaqdır (əlbəttə ki bizim məhsulu almaq vərdişini nəzərdə tuturam). Bu sahədə hər bir marketer bir müəllimdir. Müəllimlərdən nə öyrənə bilərik? Təhsil üzrə dünyanın aparıcı mütəxəssislərindən biri olan Nick Fuhrman bizə izah edəcək.

Dünyanın bu günə ən uğurlu brendi hesab olunan Apple-in yaradıcı Steve Jobsu tanıtmağa ehtiyac yoxdur. “Apple necə Apple oldu?” sualına cavab axtarırsınızsa bu videonu mütləq izləməlisiz.

Marketinq artıq reklam deyil, marketinq artıq brendinqdir. Hər bir marketerin qarşısında duran başlıca məqsəd məhsulu brendə çevirməkdir. Müasir brendinqi ən gözəl şərh edən marketinq ustadlarından biri olan Seth Godin bizə marketinq və brendinq haqqında bilmədiklərimizdən danışacaq.

Bizim necə marketinq etdiyimizdən asılı olmayaraq müştəri marketinq kommunikasiyanı özünə görə qavrayacaq və öz düşüncəsinə görə qəbul edəcəkdir. Bu baxımdan marketer davranış psixologiyasını yaxşı bilməli və əldə etdiyi insaytları marketinq strategiyasında tətbiq etməyi bacarmalıdır. Necə? Ömrünü bu sahədə araşdırmalara həsr edən Rory Sutherland izah edəcək.

Davranış psixologiyasının davamı olaraq Dan Ariely-nin irrasional davranış haqqında müşahidələrini paylaşdığı çıxışını da qaçırmayın.

Marketinq brendin müştəriyə təqdim etmək istədiyi dəyərin yaradılması və ötürülməsi prosesidir. Bunun üçün bizə nə lazımdır? Brian K. McCarthy-nin mövqeləndirmə haqqında təqdimatı çox asan dildə bu suala cavab verəcək.

Rory Sutherland-ın İngilitərənin aparıcı marketinq agentliyinin rəhbərliyindəki təcrübəsi biz marketerlər üçün böyük dəyərdir. Xüsusən marketinqdə psixologiyanın rolu barədə söhbətlərini qaçırmaq olmaz.

Marketinq hardan başlayır? Cavabınız “Niyə?” sualıdırsa bu videonu yəgin ki görmüsüz. Videoya baxsanız belə təkrar baxmaqda fayda var. Marketinq ustadı Simon Sinekin bu məşhur çıxışında hər dəfə özün üçün yeni nəsə kəşf edirsən. Digər videolar isə YouTube kanalındadır, qaçırmayın.

Ben Thompson ömrünü müasir texnologiyanın və medianın insanların həyatına, həmçinin cəmiyyətə təsirini araşdırmağa həsr edib. Bu sahədə əvəzsiz araşdırmaların müəllifi kimi marketer olaraq bizim düşüncə tərzimizə və yanaşmamıza yeni baxış bucağı qazandıracaq.

Clayton Christensen “The Innovator’s Dilemma” kitabının müəllifi və “disruption” anlayışının yaradıcısı kimi bütün marketerlər tərəfindən təqdir olunur. Marketerləri ən çox narahat edən “İnsanlar niyə alır (və ya niyə almır)?” sualına cavab verdiyi bu videonu isə təkrar-təkrar izləməkdə fayda var.

Müştəri təcrübəsinin niyə vacib olduğunu bloqumuzda dəfələrlə qeyd etmişəm. Bu sahədə araşdırmaları ilə tanınan və “Təcrübə iqtisadiyyatı” kitabının həm-müəllifi Joe Pine öz çıxışında marketinqin əsası olan müasir iqtisadiyyatın yeni qayda və prinsiplərindən bəs edir.

Dünyanın aparıcı marketinq yönümlü şirkətlərindən biri olan Procter & Gamble bir çox praktiki marketinq yeniliklərinin tətbiqi ilə məşhurdur. P&G-nin uzun illərdir Marketinq rəhbəri olaraq çalışan Marc Pritchard isə müasir marketinq mütəfəkkirlərindən biri hesab olunur. Bu videoda o, media şəffaflığının marketinqə qazandırdığı dəyərlərdən bəhs edir.

Qeyd: bu bloq yazısını davamlı olaraq yeniləyəcəm, qarşıma faydalı hesab etdiyim videolar çıxdıqda əlavə edəcəm. Odur ki, bloq yazısını yaddaşa verin, arada qayıdıb yeni videoları izləyin.