“Groundhog Day” (Marmont günü) filminə baxmısız? Bu filmin kontent marketinq ilə məşğul olan hər kəs üçün 1 nömrə baxılası film olduğunu desəm necə? Treylerinə, daha sonra isə filmin özünə baxın. Filmə baxmadan bu yazını qətiyyən oxumayın. Kim baxıbsa, yazıya davam edə bilər.
Kontent marketinq ilə bu filmin əlaqəsi nədir deyə soruşa bilərsiz. Groundhog Day filmində məşhur Holivud aktyoru Bill Murray-in canlandığı Fill obrazı müasir kontent menecerin əsl prototipidir. Fill, bir çox kontent menecerin əsas dərdini çəkir – eyni günü, 2 fevral tarixini dəfələrlə yaşamalı olur. Özünü öldürsə belə təzədən 2 fevral tarixində, saat 6-da heç nə olmamış kimi yatağından qalxır. Sayısız günlər eyni qayda ilə təkrar olunur. Öz çəkiliş heyəti ilə o, qış yuxusuna getmiş heyvan haqqında süjet çəkməli olur. Daha sonra qar yağdığı üçün onlar həmin gecəni şəhərdə keçirməli olurlar. Qısaca filmin süjeti budur. İndi gələk əsas məsələyə – kontent marketinq mövzusuna.
Groundhog Day filmində Andie MacDowell Fillın Rita adlı asistentini canlandırır. Eyni günün təkrarlanmasından bezən Fill, əvvəl yuxarıdan aşağıya baxdığı Ritanı yatağa çəkməyi qarşısına məqsəd qoyur. Bu niyyətlə o, günbəgün Ritanın maraqlarını öyrənir (bir növü marketinq araşdırması edir). Ritanın Fransız ədəbiyyatı oxuduğunu biləndən sonra məşhur fransız şairlərinin fransızca sitat gətirir. Piano vurğunu olduğunu biləndən sonra 6 ay bu musiqi alətində ifa etməyi öyrənir. Ritanın sevdiyi içkiyə qədər bütün məlumatları əldə etməklə Fill, onunla bir yerdə keçirəcəyi möhtəşəm bir gün planlayır. Bu dediklərim sizə nəyisə xatırlatmır?
Bəli, Fillın Ritanı özünə aşiq etmək üçün etdikləri kontent menecerlərin izləyicisini qazanmaq üçün etdiklərindən heç də fərqlənmir. Kontent menecerin də əsas işi izləyicisinin maraq və istəklərini öyrənib, müvafiq kontent hazırlayıb paylaşmaqdan ibarətdir. Kontent menecer hər gün izləyicisi ilə ünsiyyətdə olmaqla yeni nəsə öyrənir və bu öyrəndiklərinə müvafiq olaraq öz kontentini tənzimləyir.
Amma əsas məsələyə hələ gəlməmişik. Filmdən xatırlayırsınızsa, Fill ard-arda yox cavabı alandan sonra, Ritanı özünə aşiq etmək fikrindən daşınır. Fill, özü üzərində işləməyə başlayır. Özünü bir insan kimi yaxşılaşdırır. Qabaq üzünə belə baxmaq istəmədiyi məktəb yoldaşına dostluqla cavab verir. Adi insanlara kömək edir, hamıya qarşı diqqətli olur. Fikri başqa yerə yönəlsə də, Fill daima Ritaya qarşı mehriban olur. Əgər əvvəl Fillin məqsədi Ritanı yatağa çəkmək idisə, artıq o, Ritanın sevgisini qazanmaq niyyəti ilə yaşayır. Rita da Fill haqqında ilk öncə mənfi fikirdə olsa da, ətrafdakı insanların Filla bəslədiyi sevgini görüb, o da Filla aşiq olur. Və xoşbəxt sonluq – Ritanın sevgisini qazanan Fill eyni günü dəfələrlə yaşamaqdan qurtulur.
Kontent marketinqdə müştəri ilə sosial media üzərindən ünsiyyət qurmaqda əsas məqsədimiz nədir? Rəqiblərdən daha çox layk yığmaq? Hamının bəyənəcəyi video (şəkil) hazırlayıb paylaşmaq? Bu məqamda bir çox menecer kobud səhv edir. Məqsədlə vasitəni səhv salır. Layk, video baxış sayı, paylaşım sayı məqsəd deyil, vasitədir. Kontent menecerin əsas məqsədi izləyicini maraqlı kontent ilə cəlb edib ünsiyyətə sövq etmək və onu brendin loyal müştərisinə çevirməkdir. Layklar, müxtəlif nisbət göstəriciləri isə sadəcə bu işin keyfiyyətini ölçən alətlərdir.
Kontent menecer olaraq hər işinizi bəyənməyəcəklər. Sizə söyəcəklər, sizi təhdid də edəcəklər. Xırda bir səhvə görə sizə güləcəklər. Haterlər həmişə var və olacaqlar. Amma siz səbrlə məqsədinizə doğru irəliləsəniz, izləyicinin diqqətini və sevgisini qazanmaq yolundan dönməsəniz, daima özünüzü bir peşəkar kimi günbəgün yaxşılaşdırmağa çalışsanız uğur sizinlə olacaqdır. Mütləq.