Sosial şəbəkələrdən istifadə edirsinizsə, bu hal ilə mütləq qarşılaşmısınız: niyə biz bəzi məlumatları paylaşırıq, digərlərini isə yox? Baxdığımız bir videonu, oxuduğumuz bir məlumatı paylaşmağa sövq edən amillər hansıdır? Nə üçün bəzi brendlərin reklamları digərlərindən daha çox paylaşılır? Bu sualların cavabı insanın həmin an yaşadığı emosiyalar ilə bağlıdır.
Sirr deyil ki, emosiyalar reklamın diqqət çəkməsi və yadda qalması üçün çox vacibdir. İnsanın yaddaşı beyindəki neyro-bağlar əsasında qurulub – yaşadığı emosiyalar da həmin bağları daha güclü edir. Heç bir emosiya yaşamadan keçirdiyiniz bir hadisə yaddaşınızda qalmayacaq – rutin olaraq etdiyiniz hərəkətlər kimi. Dünən günorta nə yediyinizi xatırlayırsız? Amma nahara ömrünüzdə ilk dəfə sürhüllü yesəydiniz, bu anı uzun müddət unutmayacaqdınız.
Emosiyalar reklama güc qatır – adi bir məhsulun reklamını daha təsirli edir. Google axtarışın bu reklamına baxaq:
Olduqça praktik, sadə bir məhsul hesab olunan axtarış sisteminin reklamına emosiya qatmaqla insanları ağlamağa, videonu paylaşmağa nail oldular. Əvvəllər Google axtarış sistemi reklamları daha çox funksional idi, yenilikləri və imkanları göstərməklə kifayətlənirdi. Bu reklam sırf paylaşımlar sayəsində 13 mln çox baxış toplaya bildi. İnsanlar həm də onlayn axtarışın nəyə qadir olduğunu da əyani şəkildə gördü.
Bəli, emosiyalar işləyir. Amma hər emosiya işləyirmi? Və hansı emosiya daha güclüdür? Pozitiv emosiyalar daha yaxşıdır, yoxsa neqativ? Məlumdur ki, insanlar neqativ, xoşagəlməz məlumatları çox da paylaşmağa xoşlamır. Xoş və sevindirici, qürurverici xəbərləri isə həvəslə paylaşır və şərh edirlər. Uşağınız olanda bu xəbəri dünyadakı hər bir adama şəxsən demək istəyirsiz. İşdən çıxardılanda isə necə? Uşağınızın yaxşı qiymətlərini bütün valideynlər paylaşır, bəs zəif qiymətlərini necə? Bu suallara birmənalı cavab vermək çətindir, çünki kontekstdən çox şey asılıdır. Əgər sizi haqqısz hesab etdiyiniz səbəbə görə çıxardıblarsa, əsəbinizi tökmək üçün bu xəbəri ətrafdakılar ilə paylaşacaq, hirsinizi dökəcəksiniz. Uşağınızın zəif qiymətini də haqqsız yerə verildiyini hesab etsəniz, müəllimi və məktəbi günahlandıracaqsınız. Bu xəbəri sosial şəbəkədə görən dostlarınız da sizə dəstək olmaq məqsədi ilə xəbərinizi paylaşacaqlar. Dostunuzun yeni prestijli işə düzəlməyi xəbəri sizi sevindirə bilər, amma həsəd etsəniz bu xəbəri görməmişdən gələcəksəniz. Deməli, söhbət təkçə emosiyadan getmir, konteksdən də çox şey asılıdır?
2005-ci ildə ABŞ-da, Jeff Jarvis adlı bir jurnalist aldığı Dell kompüterindən olduqça narazı idi. Dell şirkəti o vaxt kompüter avadanlığı istehsalında ən bərk gedən şirkətlərdən biri idi, xırda müştəri rəylərini qulaq ardı edirdi. Müştəri xidmətlərindən bezən Jeff Dell Hell (Dell Cəhənnəmi) adlı onlayn bloq açdı. Dell kompüterlərindən narazı olan bütün istifadəçilər qısa müddətdə bu bloq ətrafında toplandı, öz etirazları bölüşməyə başladılar. Söhbət böyüyərək ABŞ-ın ən populyar KİV-lərdində işıqlandırıldı. Bunu görən Dell şirkəti 14 illik təcrübəyə malik mütəxəssisini bu bloqa cavabdeh olaraq təlimatlandırdı. Həmin mütəxəssis kompüter problemlərini qəbul edərək onlayn həllinə böyük səy göstərdi və qısa zamanda böyük etibar və rəğbət toplaya bildi. Beləliklə, böyüyən bir problem brendin imicini ləkələmək yerinə ona olan etibarı artırdı.
Nike brendinin çox dərin insayta xitab edən bu reklamı da hər bir xanımın öz həyatında yaşadığı emosiyalara, cəmiyyət və ətrafının təzyiqinə verdiyi cavaba xitab edir. Feminist cərayanının trenddə olduğu bir zamanda bu cür mesajlar çox diqqət çəkir və insanlarda müxtəlif güclü emosiyalar oyadaraq paylaşılır.
New York Times onlayn jurnalının məqalələrinin oxuyucuların tərəfindən paylaşımlarını 6 ay ərzində araşdıran bir qrup marketer şahid oldu ki, emosional məqalələr daha çox paylaşılır. Müsbət emosiyalar oyadan məqaləri isə insanlar daha çox paylaşırlar. Amma mənfi emosiyalar arasında qəzəb və narahatlılıq kimi hisslər də müsbət emosiyalar qədər effektivdir. Niyə bəzi mənfi emosiyalar zəif, digərləri isə insanları təşviq etməkdə güclüdür? Özünüzü xatırlayın – qəzəb və narahatlılıq hisslərini keçirəndə nə etmək istəyirsiz? Boş dura bilmirsiz, nəsə bir hərəkətə keçmək istəyirsiz. Onlaynda da həmçinin. Baş verən kədərli hadisə sizdə qəzəb hissi oyadırsa, siz birbaşa müdaxilə edə bilməsəniz də, ən azından onu paylaşmaq, münasibət bildirmək istəyirsiz. Müsbət emosiyalardan qəzəb, sevinc, fəxr də eyni qaydada insanı hərəkətə gətirir – xəbəri paylaşmağa, bəyənməyə, şərh yazmağa sövq edir.
Procter&Gamble şirkətinin insanların ən incə damarını tutan Anaya təşəkkür mesajı bu brendin vərdiş etdiyimiz rasional mesajlarından çox fərqlənir. P&G-nin keyfiyyəti sərfəli ola bilər, amma insanlar alış barədə qərarı verərkən bəzən ürəkləri ilə qərar vermək istəyir.
Bildiyiniz kimi marketinqin özəyi marketinq mesajı – yəni kontentdir, kontent ətrafında yaranan münasibətlərdir. Bu kontentin işə yaraması üçün o, insanlar tərəfindən qavranılmalı və mənimsənilməlidir. Qavrama prosesinin sementi də məhz bu hərəkətə gətirən emosiyalardır. Biganə, heç bir emosiya keçirməyən insan reklamdan təsirlənə bilməz. Bu səbədən də reklam kontenti, reklam mesajı ilk öncə izləyicisinə müəyyən emosiya yaşatmalı və bu dalğada reklam mesajının qavranılmasını asanlaşdırmalıdır.