Brend siması lazımdırmı?

Brendin müştərilər tərəfindən daha rahat anlaşılması və brend dəyərlərinin daha yaxşı çatdırılması üçün brend siması istifadəsi çox effektiv bir üsuldur. İnsanlar şəxsiləşmiş mesajı daha asan qəbul edirək ona etibar və diqqətlə yanaşır. Poçtalyonu düşünün: onun əlindən aldığınız məktuba qarşı münasibətiniz poçt qutusundan çıxartdığınız məktubla eynidirmi?

Brend mesajını insanlara çatdıran şəxsə Brend siması (bəzən də brend səfiri) deyilir. Brend siması bir mənalı olaraq etibar olunacaq bir şəxs olmalıdır. İnsanlar bu şəxsə etibar etməsə onun təqdimatında istənilən məhsula şübhə ilə yanaşacaqlar.

Brend simasının etibarlılığı aşağıdakı 5 keyfiyyətdə özünü biruzə verir:

1. Rəğbət

Şəxsə qarşı rəğbət 2 səbəbə görə yarana bilər: fiziki görünüş və şəxsi cazibə. Bunların hər ikisi brend simasının sevimliliyini artırır.

2. Sevimlilik

Sevimli qəhrəman daha çox simpatiya toplayır, potensial müştərinin ona qarşı sevgisinin bir qismi brendə də keçir. Bəyəndiyi filmdə rol alan aktyor olsun və ya sevimli komandasının idmançısı -məşhur insanlar daima diqqət mərkəzindədir, insanlar onlara öz sevgisini nümayiş etdirməyə can atır, istifadə etdiyi məhsulları da sevə-sevə alır.

3. Bənzərlilik

İnsanlar onlara daha çox bənzəyən məşhurları bəyənirlər. Dünya görüşü, danışıq tərzi, davranışı ilə məşhur sizə oxşayırsa, ona daha çox etibar edəcəksiniz. Sadə bir insan obrazına sahib məşhurlar xüsusilə daha çox sevilir, hörmət görür.

4. Etimad

Bir məşhuru bəyənmək ona düşünmədən etimad etməyə səbəb ola bilər. Xüsusən, siz onu ideal olaraq görürsünüzsə. İdeal səhv edə bilməz, onun gözəlliyi, ağlı, uğurları məhz istifadə etdiyi şampun, yediyi çipslə bağlıdır deyə düşünür.

5. Mütəxəssis olma

Brend simanın inandırıcı olması üçün onun reklam etdiyi məhsul barədə, çatdırdığı mesaj mövzusunda müəyyən qədər mütəxəssis olması vacibdir.

Sadə insanlar özlərini məşhur kimi (daha dorğusu məşhurun sahib olduğu obrazda) təsəvvür edir. Sizin idealınız Dwayne Johnson olsa, siz də atletik bədənə sahib olmaq istəyəcəksiniz, musiqiçi Adel olarsa, saç düzümünüzü ona oxşar edəcəksiniz. Axtardığınız brend simasında bu 5 cəhətin hamısı olmaya da bilər. Amma bir neçə potensial namizəd arasında seçim edəsi olsanız, bu keyfiyyətləri özündə daha çox cəm edənə üstünlük vermək lazımdır.

Brend simaların keyfiyyətlərini bildik – bəs onların reklamlarda obrazları necə olur? Qarşısında duran vəzifədən asılı olaraq brend simalar 4 rolda çıxış edə bilər:

1. Məşhur şəxs brend siması kimi

Məşhur şəxslər, yuxarıda da qeyd etdiyimiz kimi, birbaşa brend ilə assosiya yarada bilsə, müştəri ilə emosional bağ yaratmaqla öz müsbət imicini brendə də əks etdirir. Məşhurlar mütəxəssis olmasalar da digər 4 keyfiyyət üzrə daima üstün olurlar. Reklam etdiyi məhsul onun imicinə uyğun olsa: məsələn idmançı idman alətlərini reklam edirsə, bütün 5 keyfiyyət üzrə yüksək nəticə göstərib brend siması üçün ideal seçim ola bilər.

2. Şirkət müdiri (sahibi) brend sahibi kimi

Şirkətin müdiri və ya sahibi tanınmayan biridirsə, onun rəğbət toplaması və ya insanların onu bəyənməsi çətin olacaq. Amma etibarlı və öz işində mütəxəssis olması, insanları daha çox inandıra biləcəkdir. Bunun üçün o, müəyyən dərəcədə simpatiya da oyada bilməlidir.

3. Ekspert brend sahibi kimi

Ekspertlər öz işində mütəxəssisdir olsalar belə, insanları inandıra bilmələri üçün bu keyfiyyət yetərsiz qala bilər. Ekspertlər tibbi vasitələrin, dərmanların və ya dərin bilik tələb edən cihazların satışında istifadə olunsa yaxşı olar. Xüsusən, isveçrə alimləri :).

4. Sadə insan brend sahibi kimi

Bəli, bəli. Təəccüblənməyin. Sadə insanlar da brend siması ola bilər. Aktyor olmasa belə, real insan bənzərlik və etimad baxımından hər zaman daha inandırıcıdır. İzləyicilər, sadə insanın təqdimatında olan mesajı daha inandırıcı hesab edir, onun məhsuldan həqiqətən də razı qaldığına inanır. Bəzən reklamçılar aktyorları sadə insan qismində nümayiş etdirsə də, bu fakt ortaya çıxsa brendə mənfi təsir göstərəcəkdir. İstənilən halda, reklam insanları tiksindirməməlidir, ona bir neçə dəfə baxmağa istək yaratmalıdır. Bu halda reklam daha yadda qalan, daha inandırıcı və daha təsir ediri olacaqdır.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az