Beynəlxalq marketinq necə olur?

Beynəlxalq marketinq dedikdə, şirkətlərin bir neçə ölkəni əhatə edən mənfəət məqsədli fəaliyyətinin təzahürü nəzərdə tutulur. Bir neçə fərqli ölkədə olsa belə marketinqin əsas prinsipləri və prosesləri dəyişməz qalır. Marketinqin əsas məqsədi olan mənfəət də dəyişməz şərtdir. Dəyişən yalnız marketinq planlarının icra olduğunu mühitdir.

Fərqli mühit fərqli marketinq yanaşması tələb edir. Marketinq prosesinin hər bir mərhələsində xarici bazarın tələblərini və xüsusiyyətlərini nəzərə almaq lazımdır. Beynəlxalq marketinq ilə məşğul olan marketerlərin işi də məhz bu problemlərin həllindən ibarətdir. Nəzərə alın ki, bu problelər hüquqi məsələlərədn tutmuş hava-iqlim problemlərinə qədər dəyişə bilər.

Beynəlxalq marketinqin rastlaşdığı ən böyük problem böyük dərəcədə qeyri-müəyyənlik ilə bağlıdır. Beynəlxaq bazara açılan şirkət siyasi, iqtisadi, gömrük, ticari baryerləri aşmalı olur. Xarici ölkə bazarına çıxsa belə, orda möhkəmlənmək həddindən artıq çətindir. Bunun üçün “işğalçı” məhsul yüksək rəqabətqabiliyyətli olmalıdır ki, yerli rəqiblərə qarşı tab gətirə bilsin. Üstəlik, yerli satış kanallarına çıxış, aparıcı marketlərdə təmsil olunma ilk dəfədən alınmaya da bilər. Hələ xarici brendi heç tanımayan, adını düzgün tələffüz etməyən yerli müştəriləri demirəm.

İdarə oluna bilməyən bütün bu amillərlə yanaşı, şirkətin xarici bazarda at oynadacağı 3 əsas amil var: məhsulun keyfiyyəti, qiymət, promouşn gücü. Bir çox hallarda, xüsusən az inkişaf etmiş ölkədə, xarici mal keyfiyət ilə assosiya olunur. Müvafiq qiymət və düzgün marketinq kommunikasiyası ilə tamamlandıqda xarici brend yerli bazarda uğur qazana bilər. Bu 3 amil ayrı-ayrılıqda yetərsizdir – yerli rəqiblər ilə müqayisədə aşağı keyfiyyətli malı rəqibdən baha qiymətə sata bilmərsən. Düzgün olmayan, yerli insanların başa düşmədiyi reklam mesajı da işə yaramayacaqdır.Buna görə də, yerli əhalinin mədəniyyəti və mentaliteti ilə tanış olmaq mütləqdir. Məsələn, diş məcunu Pepsodent Uzaq Şərqi Asiya ölkələrinin birində “Dişləri ağardır” konsepti ilə çıxmışdı. Amma yerli adətə görə, daha gözəl görünmək üçün insanlar dişlərini saqqız çeynəyərək qaraldırdılar. Təbii ki, bu reklam konsepti belə adət olan ölkədə işləməyəcəkdir.

Beynəlxalq marketinq konspetləri hansılardır?

Xarici bazara hazırlaşan şirkətlər mövcud şərtlərdən asılı olaraq 3 fərqli beynəlxalq marketinq konseptindən birini tədbiq edə bilər:

1. Daxili bazarın genişlənməsi konsepti

Xarici bazara çıxışda əsas məqsəd məhsul artığını satmaqdırsa, bu strategiya əsl sizlikdir. Xarici bazarları araşdıraraq sizin seqmentə uyğun bazar tapsanız, artıq xərc etmədən anbar qalıqlarını müfaviq qiymətə həmin bazarlara ixrac edə bilərsiz. Bu konsept qısa zamanda gəlir əldə etməyə kömək edə bilər. Bununla şirnikləşən bir çox şirkət beynəlxaq marketinqə ilk qədəmlərini atır.

2. Multi-bazar konsepti

Yox əgər şirkətin xarici bazarda möhkəmlənmək planları ciddidirsə, şirkət hər bir yerli bazara uyğunlaşmağa çalışır və hər bir bazar üçün xüsusi marketinq planları hazırlayır. Bəzən eyni məhsulu fərqli ölkələrdə fərqli xüsusiyyətlərə sahib edə bilərlər. Şirkətlər yerli marketinq komandası da yaradıb, vəziyyətə yerində nəzarət etmək istəyirlər.

3. Qlobal marketinq konsepti

Qlobal marketinqlə ilə məşğul olan şirkət ölkələr üzrə fərq qoymur, standart, rasional qiymətə və yüksək keyfiyyətli məhsul hazırlamaqla dünya bazarına vahid şəkildə xitab edir. Qlobal marketinq konseptinin əsasında vahid dünya marketi ideyası yatır ki, burda müştərinin insan olaraq ehtiyac və istəklərinə xitab olunur. Fərqli ölkələrdə insanlar fərqli olsa da, psixotip olaraq insanlar oxşardır: hamı xoşbəxtlik, firavan həyat və dadlı yemək yeməyi xoşlayır. Marketinq strategiyasl dəyişməz olsa da reklam mesajına hər bir ölkəyə xas fərqli mövzulardan istifadə oluna bilər.

Beynəlxalq marketinq üçün marketinq araşdırmaları daha vacib rol oynayır. Şirkət, xarici bazara çıxandan əvvəl bu bazarı, onun iştirakçılarını və müştərini yaxından tanımalıdır. Müştərinin istək və arzularını, tələbatı bilmək, ən uyğun qiymət-keyfiyyət mütənasibliyini müəyyən etmək bu araşdırmaların başılca məqsədlərindədir. Xarici bazarlar daima dəyişdiyinə görə bu cür araşdırmalar davamlı aparılmalıdır ki, beynəlxalq marketinq öz effektivliyini qoruya bilsin.

Beynəlxalq marketinqin maraqlı bir cəhəti də brend adı ilə bağlıdır. Bəli, hər bir şirkət arzu edirik ki, qlobal miqyasda eyni brend ilə çıxış etsin. Amma bəzən elə hallar olur ki, yeni bazarda sizin brendin adı neqativ məna daşıya bilər. Bu hallarda problemi əvvəlcədən müəyyən etməli və tələb olunduqda yeni brend adı yaradılmalıdır. Eyni zamanda brendin patentləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Ölkələr üzrə qanunvericilik fərqlidir, yeni bazara daxil olduqda brendiniz adında fərqli (bəzən də rəqib) bir məhsul ilə qarşılaşmamaq üçün öncədən tədbir görmək lazımdır.

Bu reklamın mesajı əslində “Electrolux kimi heç nə sovurmur” sloqanıdır. Amerika Birləşmiş Ştatlarında “sucks” sovurmaq ilə yanaşı “bərbad” mənasında da işlənir. Yəni, amerikalılar bu reklamı “Electrolux-dan daha bərbad ola bilməz” kimi oxuyurdular.

Beynəlxalq marketinqə keçidə hazırlaşan şirkətin bir müddət sonra bütün marketinq fəaliyyəti dəyişikliyə məruz qalacaqdır. Niyə? Gündən-günə qloballaşan dünyamızda internet və sosial şəbəkələr sərhədləri yox edir. Brend istəsə də, istəməsə də ölkələr üzrə vahid marketinq prinsiplərini müəyyən etməli olur.  Bu baxımdan “Qlobal düşün, lokal hərəkət elə” qaydası marketinqin vacib elementinə çevrilir. Üstəlik, internetin qazandırdığı ən böyük dəyər olan açıq bazar brendlər üçün yeni çağırış deməkdir. Onlayn satış vasitəsi ilə əvvəl mümkün olmayan xarici bazarlara çıxış artıq qonşuya mal satmağa bənzəyir. Vaxt gəlir çatır ki, beynəlxalq marketinq elə marketinqin özünə çevrilir.

Paylaş: