Hər bir marketer peşəkar fəaliyyətində azı bir dəfə bu sualı özünə verməli olur (ya da ona bu sualı verirlər): “Reklam agentliyi olsun, olmasın?” Olsun deyəndə mən, reklam agentliyi ilə işi nəzərdə tuturam əlbətdə ki. Reklam agentliyi nədir, nə üçün lazımdır, iş prinsipləri nədir, brendə və şirkətə nə fayda verə bilər suallarına cavabı bu yazımızda sizlərə təqdim edirik.

Reklam agentliyi müştərisi olan reklamverənin marketinq və reklam fəaliyyətini planlaşdıran və idarə edən şirkətdir. Reklamverənlər reklam agentliyinə müəyyən olan və olmayan problemlərini həll etmək üçün müraciət edir. Bəs reklam agentliyi bu problemləri necə həll edir?

Reklam agentliyi (RA) mahiyyət etibarı ilə marketinq üzrə konsaltinq, reklam üzrə icra xidmətləri göstərir. RA, müştərinin cari və strateji marketinq-reklam ehtiyacına, bir həkim kimi, diaqnoz qoyur və “dərdini” müalicə edir. Müştərinin dərdindən asılı olaraq dərmanı da müxtəlif ola bilər. RA bacarığı və səriştəsi də bu dərdə dəqiq diqnoz qoymaq, sonrasında isə dərdi mümkün qədər ağrısız və ən effektiv şəkildə müalicə etməkdir (bu prosesə aid ayrıca bir yazı da hazırlayacayıq).

marketinqin tarixi reklam agentliyi

Reklamverənin marketinq fəaliyyəti çox şaxəli olduğu üçün RA də müxtəlif sahələr üzrə ixitsaslaşər. İxtisaslaşma sahəsinə görə reklam agentlikləri əsasən 5 qrupa ayrılır:

1. Kreativ reklam agentliyi

Daha çox reklamların kreativ tərəfi ilə məşğul olur – brendin yaradılması, brendə və ya məhsula adqoyma, brend konseptinin yaradılması, sloqan hazırlanması, reklam kampaniyaları üçün kreativ ideyanın və ssenarinin hazırlanması kimi. Bu işə agentlikdə kreativ komanda – kreativ direktor və kopirayter cavabdehdir.

2. Media agentlik

Reklamın yaradıcı tərəfindən uzaq, daha çox media yerləşdirmə ilə məşğul olur: TV, radio, açıq hava, daxili məkanlar, internetdə və s. Reklam yerinin sahibi olduqda “media house” (media evi) adlanır. Amma əsas etibarı ilə reklam yerlərindən endirimlə alıb müştəriyə satır. Düzdür, media monitorinq, media planlama və hesabatların hazırlanması xidmətləri də göstərirlər. Yaxşı media agentliyi müştərisinin ehtiyacını ən effektiv şəkildə, minimal büdcə ilə reallaşdırmağı bacarmalıdır.

3. BTL və tədbir təşkilatçısı reklam agentliyi

Söhbət promo aksiya və ya hər hansı bir tədbirdən (konsert, şənlik, açılış və s) gedirsə iş bu agentliklərin üzərinə düşür. Bu agentlik daha çox icraçı funksiyası daşısa da, tədbirin kreativ keçirilməsi ilə bağlı öz ideyalarını da verə bilərlər. Bu cür agentliklərin qarşısına qoyulan əsas məqsəd tədbirin yüksək səviyyədə, iştirakçıların razı qalacağı şəkildə keçirilməsidir.

4. Digital və sosial media agentliyi

Digital marketinqin inkişafı ilə paralel bu sahədə ixtisaslaşan agentliklərə də ehtiyac yarandı. Xüsusən sosial media istiqaməti son illərdə olduqça populyardır. Və burda söhbət təkçə sosial şəbəkələr üçün kontentin yaradılıb paylaşılmasından, hesabların idarə olunmasından getmir. Digital agentliklər marketinq araşdırmasından tutmuş kreativə qədər bütün marketinq fəaliyyətlərini digital platformaları nəzərə alaraq hazırlayırlar. Digitalın öz tələbləri var, TV və ya açıq hava üçün hazırlanan kreativi birbaşa digitala tədbiq etmək çox vaxt düzgün alınmır. Bu işdə digital agentliklərin üzərində böyük iş düşür.

5. Dizayn studiya

Reklam agentliyi formatına tam uyğun olmasa da Dizayn studiyaları bir çox halda RA funksiyalarını icra etməli olurlar. Brendlər qablaşdırmanın özü və qablaşdırma üçün dizayn, müəyyən məqsədli reklam vizualları, posterlər lazım olduqda dizayn studiyalarına müraciət edə bilər. Dizayn studiyaları əksər hallarda məşhur və bacarıqlı dizaynerlər, art-direktorlar tərəfindən qurulur deyə bir çox halda marketinqin incəsənət yönünə cavabdeh olurlar.

RA ilə yanaşı marketinq agentliyi də terminindən istifadə olunduğuna şahid ola bilərsiz. Əgər RA marketinq kommunikasiyasıları ilə də məşğul olursa çox vaxt özünə marketinq agentliyi deyir ki, digərlərindən fərqlənsin. Əslində isə marketinq yanaşması olmadan reklam fəaliyyəti həyata keçirmək qaranlıq otaqda pişik axtarmaq kimidir.

Böyük brendlər, iri şirkətlər bəzi hallarda in-house reklam agentliyi də yarada bilr. Bu cür agentlik eyni RA işini görə bilər, amma və yalnız öz brendi üçün. Məsələn, iddia olunur ki, Apple şirkətinin 1000 nəfərlik belə bir in-house RA mövcuddur. Bu agentliklər barədə ayrıca bir yazı yazmağı planlaşdırıram.

Bu təsnifat şərtidir və işin istiqamətini fərqləndirmək üçün istifadə olunur. Əslində isə bir çox böyük RA bir neçə işi birdən görür. Bu cür agentliklər Tam xidmət reklam agentliyi adlanır. Bu cür agentliklərdə fəaliyyət istiqamələri üzrə müvafiq şöbələr olur: kreativ şöbə, media bölmə, promo aktivasiya şöbəsi və s. Amma istənilən reklam agentliyində aparıcı rolu müştəri xidmətləri görür. Müştəri xidmətləri RA-nın həm satıcıları, həm də layihə rəhbəridir. Müştəri xidmətləri müştəri ilə agentlik arasında körpü rolunu oynayır, sifarişləri qəbul edir, aidiyyatı üzrə yönləndirir, icrasında nəzarət edir və müştəri ilə razılaşdırır. Müştəri xidmətləri üzrə menecer müştərinin RA-da təmsilçisi, müştəri üçün isə RA-nın nümayəndəsi rolunu icra edir.

“Reklam agentliyi lazımdırmı?” sualına bir mənalı cavab vermək mümkün deyil. İlkin şərtlərdən və brend qarşısında qoyulan məqsədlərdən çox şey asılıdır. Bir mənalıdır ki, brendin həyat siklinin ilk mərhələsində kreativ agentliklərinə böyük ehtiyac var. Düzdür, şirkət özü də brendə ad qoyub marketinq strategiyasını müəyyən edə bilər. Amma hər halda fundamenti qoyanda işin peşəkarlarına müraciət etmək daha yaxşıdır. Bazarda kəskin dəyişikliklər baş verərsə, brendi gözləyən təhlükə ciddidirsə marketinq agentliyi vaxtında müdaxilə edib vəziyyətdən uğurla çıxmağa kömək edə bilər. Mağaza açılışını şirkət özü də edə bilər, amma bu iş böyüdükçə istər-istəməz peşəkara müraciət etmək daha düzgündür. O cümlədən digital və dizayn işlərində də işi keyfiyyətli və düzgün görmək istəyirsənsə peşəkarlara etibar etmək hər zaman düzgün qərardır. Unutmayın ki, şirkətin daxilindən bir çox problem görünmür, RA isə bunları rahatlıqla sizə deyə bilər. Reklam agentliyi seçərkən də, ilk növbədə gördüyü işlərinə diqqət edin, RA barədə keçmiş və indiki müştərilərin rəylərini dəyərləndirin, sizin bazarı duya bilmə qabiliyyətlərini yoxlayın. Bu 3 ələkdən keçən reklam agentliyinə mütləq bir şans tanıyın.

Marketinq effektivliyə aşiqdir. Hər bir işində daima effektiv olmağa çalışır. Effektiv olmaq rəqabətə tab gətirib qalib olmaq deməkdir. Məşhur bir atalar sözündəki ifadəni azca dəyişərək deyək ki: “Tez getmək istəyirsənsə özün get, uzun getmək istəyirsənsə reklam agentliyini özünə yol yoldaşı elə”.